Qadin.NET / Xəsislik - Allaha güvənməmək, israf isə...

Xəsislik - Allaha güvənməmək, israf isə...

 

Hər şey ziddi ilə bilinər. Ağı qara ilə, gecəni gündüz ilə müqayisə edirlər. Qənaətin bir tərəfində israf var, bir tərəfində xəsislik, yəni sağı da, solu da uçurumdur. Doğru olan ortadakı qızıl xətti tuta bilməkdir. Bu məsələ bir növ Yer kürəsi ilə Günəş arasındakı məsafə kimidir: bir az yaxınlaşsa, yanar, uzaqlaşsa, donar. İlahi kitabda belə buyurulur: Nə əldən çox bərk ol, nə də əlini tamamilə açıb israfçılıq et. Yoxsa həm qınanarsan, həm də peşman olarsan. 
Xəsislik
Heç sevilməyən keyfiyyətdir. Ürəksizlikdir, verilən nemətdən başqalarına pay ayırmamaqdır. Korluqdur, pərdənin o üzünü görə bilməməkdir. Özünü düşünmək, başqalarını unutmaqdır. Naşükürlüyün bir şəklidir. Beləsinin həmişə nəyi isə çatmır. Üzü-gözü büzüşük olar, canından bir şey çıxanda sızıltısı illərlə davam edər. Nəyin haradan gəldiyini düşünməz, bərəkətin hansı qapıdan girdiyini anlamaz. Allah-Təalanın vədlərinə şübhə edər, şeytanın vəsvəsələrinə inanar. Xəsislik mənəvi xəstəlikdir. Bu xəstəlikdən qurtarmaq üçün sədəqə, zəkat vermək, qurban kəsmək, dara düşənlərə yardım etmək tövsiyə olunur. Dövrünün ən zəngin insnalarından biri dəvənin belində yol gedə-gedə çörək yemək istəyirmiş, baxır ki, torbadan çıxardığı çörəyi ağzına aparana qədər külək sovuracaq. Ona görə də başını torbanın içinə salır və çörək qırıntılarını o vəziyyətdə yeyir ki, külək dağıtmasın. Bu, xəsislik deyil, qənaətdir. Quru çörəyin qədrini bilməkdir. Allah-Təalanın verdiyi neməti uca tutmaqdır, şükr etməkdir. Beləsinin evinin bərəkəti əskik olmaz, olsa da, işin içində bir hikmət olduğunu anlar və yenə şükründən qalmaz.
İsrafçılıq
Xəsis bir cür bədbəxtdir, israfçı başqa cür. Ölçüsüzlükdür, nemətin, sərvətin dəyərini bilməməkdir, Nankorluqdur. Beləsinin bərəkəti olmaz. Amma bəzən eləsini görürsən ki, elə hey saçıb-sovurur, dağıdır, nemət də ki tükənmir. Belələri çox olmur. Bir qismi insanlar var ki, belələrinə klassik ədəbiyyatda istidrac deyirlər. Bu adamlar dünya nemətlərindən korluq görmürlər, istədikləri məqama çıxırlar, istədikləri qədər sərvətləri olur, hara istəsələr gedirlər... Elə bil ki, xüsusi imriyaz sahibidirlər. Və bəzən belələrinə baxan zəif ruhlu insanlar sarsılar, hər şeyin bir cəzasızlıq prinsipinə bağlandığını düşünər. Ömrünün sonuna qədər kef-damağ içində yaşayar istidrac, bir gündə bir resrotanda dağıtdığı pullarla yüz acı doyurmaq olar. Bu dünyada möhləti uzundur beləsinin, sərvət sahibi gözlər, gözlər və nəhayat bir gün ölüm adlı bir həqiqətlə qəflət yuxusundan oyadar eləsini.
Səxavət
Səxavət sahibinə comərd də deyilir. Çox sevilən keyfiyyətdir. Comərd adam təkcə özünü düşünməz, başqalarının halına acıyar. Öz acizliyini dərk edər, malın-mülkün, külli sərvətin sahibini tanıyar, Ona şükr edər. Qudurmaz, “mənəm-mənəmlik” xəstəliyinə tutulmaz. Kimsədən təşəkkür gözləmədən başını aşağı salıb işini görər. Reklam olunmağı istəməz. Danışanda da deyər ki, mən olsa-olsa əlin tutduğu çömçəyəm. Verən əlin sahibinə təşəkkür etmək lazımdır. Səxavətlə təvazö qardaş kimidir. Bir könüldə biri varsa, demək o biri də var. Həzrəti Muhamməd (s.ə.s.) belə buyurur: Səxavətli adam Allah-Təalaya yaxındır, xalqa yaxındır, Cənnətə yaxındır, Cəhənnəmdən uzaqdır; Xəsis isə Allah-Təaladan uzaqdır, xalqdan uzaqdır, Cənnətdən uzaqdır, Cəhənnəmə yaxındır.
Başqa bir yerdə də Allah Rəsulu, “Səxavətli adam cahil də olsa, Allah qatında ibadət edən xəsisdən daha sevimlidir”- buyurmuşdur.
Hər şeydə ölçü, hər işdə müvazinət
Sevimli Peyğəmbərimiz Həzrəti-Məhəmməd (s.ə.s.) buyurur ki, müsəlman etidallı insandır. Etidal sözü taraz, ədalətli, hər şeyin yerini, zamanını bilən, nə xəsis, nə də israfçı olmaq anlamında işlənir. Dinimizin təşviq etdiyi, görmək istədiyi insan təşəbbüsçüdür, dürüstdür, ədalətlidir, çalışqandır, amma bütün bunların fövqündə könlündə dünyaya zərrə qədər də yer ayırmayan, yəni dünyaya sahib olsa da ona könül verməyən insandır. Acizlik, başqalarının arxasınca sürünmək müsəlmana yaraşmayan haldır. Hər xeyir işdə öndə olacaqsan, hər kəsdən daha çox qazanacaqsan, hər kəsdən daha çox xərcləyəcəksən, amma halal qazanıb, halal yerə də verəcəksən. Bu halallığın da zirvəsini biz sevimli Peyğəmbərimizdə (s.ə.s.) görürük. Dünya zülmətdən aydınlığa Onunla çıxdı, istəsəydi, zamanının və tarixin ən zəngin adamı olardı, amma istəmədi. Dünyadan köçəndə də zirehi bir yəhudidə girov idi, aldığı borcun yerinə vermişdi. Bu mövzuda belə bir söz var, ölçünü, tarazlığı çox gözəl təsvir edir: Heç zaman ölməyəcəkmiş kimi dünya üçün çalış, bir an sonra öləcəkmiş kimi axirət üçün. Yəni hər zaman öndə ol, hər kəsdən çox qazan, amma axirətini, Allaha hesab verəcəyini bir an belə ağlından çıxarma və halallıq prinsipindən uzaq olma!
Mənbə: Zaman Azərbaycan

 

26 yanvar 2014
GO BACK