Qadin.NET / Metroya girərkən cərimələnməkdən qorxun

Metroya girərkən cərimələnməkdən qorxun

 

Azərbaycanda belə qadağa Bakı metrosunda tətbiq olunur. Metronun girişlərində, vestibüllərində siqaret çəkilməsini qadağan edən elanlar da vurulub. Təəssüf ki, bu qadağaya əməl edən yoxdur...

Telman adlı oxucu Milli.Az-a yazır ki, “Koroğlu” stansiyasının girişində siqaret çəkilməsinə qadağa qoyulmasına baxmayaraq, buna əhəmiyyət verilmir: “Stansiyanın çıxışında keçiddə divar boyunca "siqaret çəkmək qadağandır" işarəsi qoyulub. Ancaq düz işarənin yanında durub siqaret çəkirlər. Həmin keçid yeraltı keçidlərin içində bəlkə də ən çox işlək olanıdır. Gün ərzində yüzlərlə insan bu keçiddən istifadə edir. Hər səhər və axşam mən özüm də o keçiddən istifadə edirəm. Siqaret tüstüsündən keçmək olmur oradan. Əsasən də, orada xırda ticarətlə məşğul olan dükan işlədən insanlar o işarələrin altında dayanıb siqaret çəkirlər. Axı oradan yaşlı, xəstə, hamilə insanlar keçir. Bu vəziyyət onların sağlamlığına xələl yetirə bilər. Metroda xidmət göstərən polis əməkdaşları isə bu işə laqeyd yanaşırlar. Bir sözlə, nəzarət yoxdur. Yolu keçən insanları tutub cərimə eləməkdənsə, məncə, keçidlərdə siqaret çəkənləri cərimə eləmək daha yaxşı olardı. 
Yayın qızmar vaxtlarında, onsuz da, keçidlərdə havasızlıqdan nəfəs almaq olmur, siqaret tüstüsü isə lap adamı boğur. Buna nəzarəti kim eləməlidir - metropoliten, yoxsa daxili işlər orqanlarının nümayəndələri?” - deyə oxucu məktubunda vurğulayır. 
Bakı Metropolitenindən Milli.Az-a bildirildi ki, metroda siqaret çəkmək qəti qadağandır. Bu qadağaları pozan şəxslərə qarşı metro polisi həmişə mübarizə aparır.
Bakı Metropoliteninin Polis Şöbəsinin rəis müavini Kamal Şirinov isə Milli.Az-a bildirdi ki, metronun vestibülündən içəri girən şəxslər siqaret çəkərsə, polis tərəfindən saxlanılaraq cərimə olunurlar. Onun sözlərinə görə, metroda siqaret çəkənlər inzibati qaydada 50 manat cərimə olunur.
Milli.Az-ın “Bəs niyə bütün keçid boyu siqaret çəkənlərə rast gəlinir?” sualına rəis müavini belə cavab verdi: “Onlar niyə siqaret çəkdiklərini anlasaydılar, yəqin ki keçiddə də siqaret çəkməzdilər. Ona görə də onlara söz deməyin mənası yoxdu. Polis siqaret çəkən şəxsi keçiddə görərsə, dərhal cərimələyir”.
Mənbə: Milli.Az

24 yanvar 2014
GO BACK