Azərbaycan faunasında ilk dəfə olaraq 2 yeni balıq növü aşkarlanıb. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Zoologiya İnstitutundan Trend-ə verilən məlumata görə, qurumun "İxtiologiya" laboratoriyasının böyük elmi işçisi, alim Namiq Mustafayev Azərbaycan faunasında ilk dəfə Amur enlibaşı - Pseudorasbora parva - (Temminck et Schlegel, 1846) və Koreya kilqarınını - Hemiculter leucisculus - (Basilewsky, 1855) ilk dəfə olaraq aşkar edib. Çox güman ki, bu balıqlar keçən əsrin 70-ci illərindən başlayaraq bitki ilə qidalanan balıqların (ağ Amur, qara Amur, ağ qalınalın və əlvan qalınalın) Azərbaycan faunasına introduksiyası zamanı təsadüfən gəlib çıxıb. Belə ki, bitki ilə qidalanan balıqların körpələri gətirilən zaman diqqətsizlik üzündən bu balıqların da körpələri onlarla birlikdə gəlib və su hövzələrinə keçib. Amur enlibaşı demək olar ki, Azərbaycanın bütün daxili su hövzələrində (Lənkəran təbii vilayəti və Quba-Xaçmaz inzibati rayonlarının su hövzələrində, Kür və Araz çaylarında və onların qollarında, Kürətrafı göllərdə, Mingəçevir, Varvara, Yenikənd, Şəmkir su anbarlarında, Pirsaatçayda, Naxçıvan MR-in su hövzələrində) və Xəzərin Azərbaycan sahillərində geniş yayılıb. Azərbaycan sularında yaşı 5, uzunluğu 94 mm, kütləsi 10 q-a qədər olan Amur enlibaşına rast gəlinib. Koreya kilqarını Lənkəran təbii vilayəti çaylarında, Mingəçevir su anbarında, aşağı Kürdə və Arazda, Xəzərin Azərbaycan sahillərində (Abşerondan Astaraya qədər) yayılıb. Azərbaycan sularında ovlanaraq tədqiq olunmuş ən böyük Koreya kilqarınının yaşı 5, uzunluğu 150 mm, kütləsi 25,4 q olub. Son məlumatlar əsasında Azərbaycan faunasında 110 növ və yarımnöv balığın olması məlum idi. Bu iki növ balığın da respublikamızın faunasına daxil olması ilə faunamız zənginləşib və hazırda onların sayı 112-yə çatıb.
Mənbə: Trend.Az