Ərdoğan yerli telekanallarında birinə açıqlamasında istefa edən nazirləri müdafiə edib. Müsahibənin maraqlı məqamlarını təqdim edirik.
- Əməliyyatda açar isim kimi Rza Zərrabın adı keçir. Bu iş adamı haqqında nə bilirsiniz?
- Qızıl ixracı ilə məşğul olan birisidir. Ölkəyə qatqılarının olduğunu bilirəm. Xeyriyyəçiliklə məşğul oluğunu bilirəm.
- Avropa Birliyi naziri Egemen Bağışın adının qarışdığı görüntülər yayılmışdı...
- Avropa Birliyi nazirinin ofisinə çanta ilə girdi, çantasız çıxdı deyirlər. Çanta Bağışa verilərkən bir görüntü varmı? Belə bir hüquq sistemi, belə bir yanaşma ədalətli ola bilərmi? Bəlkə o, çantada kitab aparıbmış? Belə çıxır daha heç kim hansısa ofisə çanta ilə getməsin? Zəfər bəyin (iqtisadiyyat naziri Zəfər Çağlayan) oğluna geyim göndərdiyini deyirlər. Uydurma şeylərdir.
- Əməliyyatın əsl hədəfində siz var idiniz, deyirlər? Bu iddiaları qəbul edirsiniz?
- Buralardan Rəcəb Tayyib Ərdoğanı vurmağa çalışsalar, əmin olsunlar ki, heç nə bacarmayacaqlar. Bunu bildikləri üçün də ətrafıma hücuma keçiblər. TÜRGEV üzərindən oğlum Bilalın adı gündəmə gətirilir. Guya bu vəqfə qaynağı bəlli olmayan pullar köçürülüb. Hamısı əsassızdır. Fatih bələdiyyəsinin tikdiyi binanın təhsillə bağlı vəqfə 25 illiyinə kirayə verilməsi deyilir. Məgər bu qanunsuz hərəkətdir? Qətiyyən belə deyil. Həmin bina tələbə yataqxanasıdır, Bilal Ərdoğanın hoteli deyil. Oğlum Bilal, qızım Əsra, digər qohumlarım həmin vəqfin idarə heyətinin üzvləridir. Bu bir xeyriyyə qurumudur. Mən həmin yüksək standartlara cavab verən həmin tələbə yataqxanası ilə öyünürəm.
- Sizcə, baş verənlər 30 mart bələdiyyə seçkilərində AKP-nin yığacağı səsə təsir edəcəkmi?
- Buna inanmıram. Bu günlərdə də xalq AKP-ni dəstəkləyir. Biz xalqla təmaslardan nə yayınırıq, nə də usanırıq. Bu basqılar bizim sıralarımızı daha da çoxaldacaq. Əsərlərimiz ortadadır. Bu iqtidar korrupsiyaya qurşansaydı, o əsərləri nə ilə yapacaqdıq? Bu arada Türkiyədə ötən gün lirənin bir qədər də ucuzlaşdığı bəlli olub. Axşama doğru 1 dollar 2.14 lirədən satılıb. Bu, türk lirəsinin yarandığı dönəmdən bu yana ən aşağı səviyyəsidir. Ölkədə maliyyə böhranı yaranmaması üçün Mərkəzi Bank prosesə müdaxilə etməyə çalışır. Ancaq lirənin səviyyəsini stabil saxlamaq cəhdləri hələ ki uğursuzdur. İstanbul birjasında da səhmlərin qiymətlərində ciddi enmələr müşahidə edilir. Orta hesabla hər gün İstanbul birjası 2,40 faiz enmələrlə işini başa vurur. İqtisadçıların hesablamalarına görə, bu günlərdə Türkiyə iqtisadiyyatına 100 milyardlarla dollar ziyan dəyib. Bu arada Rza Zərrabın həkimi “Yeni Müsavat”a danışıb. “Rza Zərrabın böyrəyində problem olması doğrudur. Ancaq bu xəstəlik həyat üçün riskli sayılmır. Onun xərçəngdən əziyyət çəkməsi xəbərləri doğru deyil”. Bu sözləri “Yeni Müsavat”a açıqlamasında rüşvət əməliyyatında həbs edilən iş adamı Rza Zərrabın həkimi deyib.İstanbul klinikalarından birində çalışan həkim (adı bizə bəlli olsa da müəyyən məqamlara görə açıqlamırıq) deyib ki, Rza Zərrabın böyrəküstü vəzində kist var: “Bu davamlı müalicə ilə sağala bilən xəstəlikdir. Xüsusi ehtiyac olduqda isə cərrahi müdaxilə ilə götürülə bilər. Ancaq bu zamana qədər belə bir ehtiyac yaranmayıb. Onun xəstəliyi heç bir halda ölüm təhlükəsi yarada bilməz”.
Rza Zərraba yaxın qaynaqlar onun xəstəliyinin ciddi olduğunu bildirir. Türkiyənin ünlü sənətçilərindən İbrahim Tatlısəs də bir neçə gün öncə Rzanın xərçəng xəstəliyindən əziyyət çəkdiyini deyib. Onun sözlərinə görə, Rza qısa müddət öncə bu haqda özü Tatlısəsə deyib. Bir sıra qaynaqlar isə iddia edir ki, 29 yaşlı Rza Zərrab “xəstəliyini” bəhanə edərək istintaq prosesində özünə daha üstün mövqelər qazanmağa çalışır.
Mənbə: Milli.Az