Qadin.NET / Ekranınızdakı qatillər: uşağınızı uzaq tutun

Ekranınızdakı qatillər: uşağınızı uzaq tutun

 

İnsanların kinoya marağı böyükdür. İstər gerçək həyatdan qaynaqlanan, istərsə də təxəyyül məhsulu olan filmlər insanlar tərəfindən həmişə maraqla qarşılanır. Son zamanlar müxtəlif kinosaytlarının ziyarətçilərində də artım gözə dəyir. İzlənən ən maraqsız filmlərin izləyici sayı 1000 nəfəri keçən filmlər də bunu göstərir ki, vaxt keçdikcə film marağı azalmır, əksinə artır. Hər əyləncənin bir mənfisi olduğu kimi film izləməyin də mənfi tərəfi var. O da məhz qorxulu filmlər və onları izləyənlərin yaş həddinin aşağı olmasıdır. Qorxulu filmlərin böyük insanlara belə mənfi təsirini nəzərə alsaq, azyaşlıların hansı travma yaşadığını təsəvvür etmək elə də çətin deyil. 
 Sona Vahabova film həvəskarıdır. Xüsusən melodram janrında çəkilmiş filmlərə baxan S.Vahabova deyir ki, qorxulu filmlərə baxmaqdan qorxur. Sonuncu dəfə dostları ilə kinoteatra qorxulu filmə getmək ideyasını isə həyatının səhvi adlandırır: "Uşaqlarla birlikdə fərqlilik etmək üçün kinoteatrların birində cinlərlə bağlı "Dabbe-bir cin vakası" filminə bilet aldıq. Kinonun 1 saatdan çoxu ancaq qışqırıq və işıq effektləridir. Sondan yarım saat isə cadu üçün bağlanmış bir-iki əski parçasının necə açılması göstərilir. Yəni qorxacaq heç nə yoxdur. Lakin film elə formada çəkilib ki, insan oturduğu oturacağın altından da nəsə çıxacağından qorxuya düşür. Qəbul edə-edə ki, film elə də qorxulu deyil, qışqırıqların təsirindən uzun müddət ayrıla bilmədim. Bütün əsəblərim pozulmuşdu". 

Son 10 ildə "ujas" adlandırılan filmlər bütün dünyada geniş tamaşaçı auditoriyası toplaya bilib. Sosioloqların hesablamalarına görə, kino sənayesində ilk yeri tutan bu filmlərə ABŞ-da 29 milyon uşaq "DVD" vasitəsilə tamaşa edir. Belə mövzularda yazılan kitab və jurnallara isə minimum 110 milyon dollar vəsait xərclənir. Azərbaycan gəncləri digər ölkələrin gəncləri ilə müqayisədə qorxulu filmlərə meylli deyil. Belə filmlərin də kinoteatrlara gətirilməsi nadir hallarda olur. İnternet üzərindən izlənən belə filmlərə baxış göstəriciləri də digər janrlı kinolara nisbətən azlıq təşkil edir. Bu da onu deməyə əsas verir ki, film həvəskarlarının marağını bu kimi uydurma filmlər çəkmir. Belə filmlərin əsas izləyici kütləsi isə azyaşlılardır. Ruhun çağırılan zaman gəlməsinə, ölünün dirilməsinə, başı kəsilənin qanlı-qanlı qatilini axtarmasına azyaşlılar özləri belə necə psixoloji sarsıntıya məruz qaldıqlarını hiss etmirlər. Bu cür filmlərin necə və hansı üsullarla çəkilməsindən bixəbər olan uşaqlar hadisələrin reallığına inanmaqdan başqa yol tapmırlar. Nəticə isə ən yaxşı halda qısa müddətdə filmin təsirindən qurtulmaq, ən pis halda isə qorxudan xəstəlik tapmaq, yaxud olduğu yerdəcə keçinmək olur. Belə faktlar isə mövcuddur. 
Psixoloq Qurban Talıblının sözlərinə görə, qorxulu filmlər insana öldürücü təsir edə bilir və əksər hallarda belə fimlərin vurduğu mənəvi zərbə öldürməkdən betər olur. Yaş həddini müəyyən etmək o demək deyil ki, həmin yaş həddi üstündə olanlara film təsir etmir və onlara baxmaq lazımdır: "2010-cu ildə Yeni Zelandiyada kinoteatrda qorxudan keçinən gənc, Fransada ailəsindən xəbərsiz qorxulu film izləyən azyaşlının yerindəcə keçinməsi və bu kimi üzə çıxan və çıxmayan faktlar onu göstərir ki, bu filmlər insan psixologiyası üçün qorxulu dərəcədə təhlükəlidir. Xüsusən azyaşlılarda qorxulu filmləri izləmək qarabasmaların yaranmasına, daxili qorxunun artmasına, mərhəmət hissinin ölməsinə, daxili təlatümün başlamasına, gördüklərini icra etmə həvəsinə qapılmasına səbəb ola bilər. Kinoda dəfələrlə bıçaqlanan insanın ölməməsi azyaşlının marağına səbəb olduğu halda o, istər-istəməz bunu icra etmək marağına düşəcək ki, bu özü də təhlükəli haldır. Adrenalinə ehtiyacı olanlara bu cür filmlərə baxmaq faydalıdır. İnsan orqanizminin adrenalinə tələbatı fərqli olduğu kimi, bu filmlərə də münasibəti müxtəlifdir. Lakin uşaqlar üçün həddindən artıq adrenalin ifrazı onların sağlamlığına olduqca ziyanlıdır. Psixikalarını tamamilə dağıdır". 
Həmsöhbətimiz bildirir ki, bu tip filmlər uşaqlarda qorxudan əlavə diksinmələr yaradır. Hətta yüksək insan səsi belə təşviş və həyəcana səbəb olur. Filmlərdəki aqressiv musiqi, qışqırtılar, kəskin rəng effektləri kifayətdir ki, uşaq bundan təsirlənsin: 
"Uşaqların psixologiyası böyüklərə nisbətən daha zəifdir. Nəzərə alsaq ki, adi romantik filmdən insan necə təsirlənib ağlaya bilir, deməli, qorxulu filmlər ikiqat təsir edə bilər. Filmə baxan uşaq olanda isə filmin təsiri ikiqat artmış olur. Valideynlər fikir verirlər ki, uşaqlar sağlam qidalansın, rejimlə yatsın-dursun, düzgün tərbiyə alsın. Valideyn bununla yanaşı uşağının ruhunu da qorumalıdırlar. Onu bu kimi filmlərdən uzaq tutmalıdırlar. Körpə yaşlarından beyninin, ruhunun zədələnməsinə imkan verməməlidirlər". 

Mənbə: Ekspress.Az

20 dekabr 2013
GO BACK