Qadin.NET / Qorxunc gülüşün dərmanı: ananız istəsə də...

Qorxunc gülüşün dərmanı: ananız istəsə də...

 

Elə bir insan tapılmaz ki, nə vaxtsa dişi ilə bağlı problem yaşamasın. Diş üçün elə problemlər var ki, onların həlli asandır. Məsələn, ləkələr, diş daşları və bu kimi çarəsi qısamüddətli olan problemlər qısa müddətdə aradan qaldırıla bilir. Amma elə problemlər də var ki, onların həlli uzunmüddətlidir. Belə olan halda həkimə müraciət etməyən insanlar həyatlarının sonuna kimi sıxılır, utanır, hətta ürəkdolusu gülüşə sahib ola bilmirlər. Statistikaya görə, dünya əhalisinin 90%-ə qədəri diş sırasının və dişlərinin düz olmamasından şikayətlənir. Hər üç nəfərdən biri isə ixtisaslaşmış ortodontik müdaxilə tələb edir. 

31 yaşlı Nərminə Vəliyeva da diş əyriliyindən əziyyət çəkir. Dişlərinin uşaqlıqdan əyri olduğunu deyən müsahibimiz indiyədək gülüş hədəfi olduğunu bildirir: "Dişlərim adi əyri dişlərdən deyildi. Üst-üstə çıxır, vampir görünüşü verirdi. Normal danışanda görünmür, lakin güləndə qarşımdakıların donub baxmasından başa düşürdüm ki, gülüşüm qorxuncdur. Universitet illərində mənə həkim o dişlərin mütləq çəkilməli olduğunu dedi. İllər sonra başqa bir həkim breketlər vasitəsilə dişlərimin qaydaya düşəcəyini bildirdi. 4 aydır breketdəyəm. Nəticəsinin yaxşı olacağına inanıram". 
Dişlərin və diş sırasının anomaliyalarının əmələ gəlməsi bir çox faktorlardan asılıdır. Çənənin qüvvədən qalması, damaq əyrilikləri dişlərin damaqda müxtəlif hissələrdən çıxmasına səbəb olur. Uşaqlıqdan bir sıra pis vərdişlər, uzun müddətli əmzik əmmək, barmaq sormaq, tənəffüs yollarının xəstəlikləri, genetik faktorlar da şərait yaradır ki, dişlər düzgün yerləşməsin. Əyri və düzgün olmayan dişlər insanı kompleksə salır, diş xəstəliklərinin yaranması riskini artırır, dişlərin vaxtından əvvəl sıradan çıxmasına səbəb olur. Dişlərin düz olmamaması çeynəmə prosesini də çətinləşdirir və nəticədə gicgah-çənə oynağında disfunksiyalara səbəb olur. İstər kosmetik, istərsə də fizioloji problemlərin yaranmaması üçün dişlərin sıraya salınması vacibdir. 
Həkim-stomatoloq Firuz Qurbanovun sözlərinə görə, dişlərin əyriliyi ilə ortodontik stomatoloqlar məşğul olur və bu gün Azərbaycan bu baxımdan çox inkişaf edib. Dişlərin düzəlməsi üçün çıxan plastinkalar, funksional aparatlar və çıxmayan breketlər, konstruksiyalardan istifadə edilir ki, bunun nəticəsi də çox effektiv olur: "Ağızda düzgün yerləşməyən, bir-birinin üstündə çıxan dişlər, təbii ki, damağa ziyan vurur. Bu cür dişlər sonradan xəstədə qinqivit, daha ağır halda paradontit əmələ gətirir. Bu formada davam etdikdə hətta ən sağlam dişlər belə bir müddət sonra laxlamağa başlayır və nəticədə düşür. Bir-birinin üstündəki dişlər normal yerləşmədiyindən qida qalıqları qalır, kariyesə, çürüməyə səbəb olur. Dişlər tez-tez fırçalansa belə, ağız qoxusu davam edir. Bu vəziyyətin tək çıxış yolu odur ki, breketlərdən istifadə olunsun". 
Onun dediyinə görə, əvvəllər breketlər indiki kimi rahat deyildi. Belə ki, üst damağa oxşar damaq təbəqəsi və qarşısından dişləri ön tərəfdən sıxmaq üçün tel keçirilirdi. Xüsusən azyaşlılar üçün bu cür breketlər çox əlverişsiz idi. Üstəlik belə tellərlə effektiv nəticə almaq olmurdu. Çünki səhər-axşam bu damaq çıxarılmalı, yuyulmalı və yenidən ağıza salınmalıdır. Əksər hallarda xəstələr bunu unutduqları üçün breketlərin də effekti olmurdu. "Lakin hazırda breketlər də fərqlidir və xəstə özü breketi söküb yenidən dişlərinə bağlaya bilmir". 
Breketlərin istifadəsindən danışan həkim bildirir ki, breketlər valideynin istəyinə uyğun deyil, dişlərin vəziyyətinə uyğun təyin olunur. Əksər valideynlər uşaqların dişləri formalaşmamış, dişlər tam çıxmamış digər dişlərə breket qoyulmasını tələb edir, halbuki breket 13-15 yaşından aşağı uşaqlar üçün, eləcə də dişləri tamamilə çıxmayanlar üçün olmaz: "Bəzən elə hallar olur ki, dişlər diş sırasından yuxarıda çıxır və valideyn tələb edir ki, bu diş çəkilsin. Diş bir müddət sonra aşağıya enib digər dişlərlə eyni sıraya gəlir. Eləcə də əyri olan dişlər digər dişlərin çıxması ilə normal vəziyyətinə qayıdır. Breket o zaman qoyulur ki, dişlərin çıxması artıq sona çatır və heç bir dəyişiklik olmur. Bu zaman breketlər qoyula bilər. Uşaqlarda isə dişlərin fizioloji olmayan vəziyyətini breket-sistemlərin deyil, xüsusi çıxarılan ortodontik plastinlərin köməyilə düzəltmək mümkündür. Breketin ümumi yaşı yoxdur. Bu müalicədən ağzında dişi olan hər kəs istifadə edə bilər". 
Həkimin bildirdiyinə görə, müalicə müddəti 1 il, bəzən daha çox olur ki, bu da dişlərdən asılıdır. Onun sözlərinə görə, yenə dişlərin vəziyyətindən asılı olaraq bir neçə aydan sonra breketlər sıxlaşdırılır. "Çox az ağrısı olur, lakin hər sıxlaşdırmadan 1 gün sonra ağrı yox olur. Xüsusi qulluq tələb edir. Əks halda müalicənin müddəti də uzanacaq və xəstə daha tez-tez həkimə müraciət etməli olacaq. Gündə 2 dəfə və xüsusi kiçik fırçalarla qulluq olunan və təmiz saxlanılan breketlər 2-3 ay müddətində çıxarılmadan saxlanıla bilər". 
Breketlər görünüş və qiymət baxımından da müxtəlifdir. Linqval breketlər qiymət baxımından bahalı breket hesab olunur. Çünki bu breketlər dişin arxa divarı boyunca hörülür və gülən, danışan zaman gözə görünmür. Eyni zamanda belə breketlər görünmədiyindən onları təmizləmək də çətin olur. Sapfir breketlər şəffaf olmaqla yanaşı, dişlərin xarici tərəfindən bərkidilir. Diqqətlə baxmadıqca breketlər insan gözünə dəyməz, yox hissiyatını verər. Metal breketlər dişlərin xarici tərəfindən bərkidilir, gözlə görülür. Belə breket sahibləri də breketlər çıxarılana qədər kompleksli olur, çünki diş üzərindəki dəmirlər aşkar gözə çarpır. Rəngli breketlər də mövcuddur ki, bu, plastikdən hazırlanır, amma belə breketlərlə çox ciddi qüsurları düzəltmək məsləhətli deyil. 
Stomatoloq bildirir ki, Azərbaycanda breketə ehtiyacı olan insanlar kifayət qədərdir. Lakin nədənsə həkimə bu baxımdan müraciət edənlər azdır. Onun sözlərinə görə, ciddi müayinə olunsa, hər 3 insandan 2-si müalicə olunmalıdır. "Uşaqlarda dişlərin dəyişmə dövründə çənə inkişaf edir və sümük toxuması tam formalaşmadığı üçün ortodontik müalicə çox yaxşı effekt verir. Buna görə də diş sırası dişləmdə olan problemlərin erkən yaşlarda həll edilməsi daha məsləhətdir". 

Mənbə: Ekspress.Az

19 dekabr 2013
GO BACK