Qadin.NET / Saxta əlillik dərəcələri ləğv ediləcək

Saxta əlillik dərəcələri ləğv ediləcək

 

Saxta əlillik dərəcələri ləğv ediləcək

Hüququ olmayan adamlara əlillik qrupunun verilməsi nəticəsində dövlətin büdcəsindən pulların getməsinin qarşısı alınmalıdır” Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov saxta əlillik dərəcələrinin ləğv olunacağını açıqlayıb. Lent.Az-ın “Yeni Müsavat”a istinadən xəbərinə görə, əlilliklə bağlı müraciətlər üzrə işçi qruplar yaradılıb: “Ölkənin bütün rayonlarında olan işçi qruplar hazırda bizdə olan 20 minə yaxın müraciətin üzərində işləyir. Onun 2300-ü birinci qrup, dializ xəstələri və onkoloji xəstələr idi. Hansılar ki, yoxlanmağa ehtiyacı yox idi və dərhal qrupları verilməlidir, bunlar gedib pensiya və müavinətlərini almalıdırlar. Biz bunları bir gün ərzində həll etdik. Yerdə qalan 17700 nəfərin - iki və üçüncü qrup əlil olanların hamısını həmin işçi qrupları yerlərdə əyani müayinədən keçirirlər. Bunun üçün iki həftə vaxt verilib. Hətta bazar günlərində də işləyirlər”. Nazir deyib ki, bu müraciətlər araşdırılandan sonra yeni ildən əvvəllər qrup almış şəxslərin əyani müayinə yolu ilə yoxlanılmasına başlanacaq: “Söhbət ikinci və üçüncü qruplardan gedir, çünki inanmıram birinci qruplarda nəsə belə söhbət olsun, birinci qrupda adətən iş qabiliyyəti olmur. Bilirsiz, burda nə etsək də, ortada insan faktoru var. Amma burdan gedən işçi qrupu təbii ki, orda heç kimi tanımır. Məsələn, tutaq ki, Gədəbəyə gedənlər Saatlı və Bakıdan olan həkimlərdir. Onların cəmi 10 gün vaxtları olur, həmin vaxta da hamını müayinədən keçirməlidirlər. Sonra başqa mexanizmlər fikirləşəcəyik”. S. Müslümov xəbərdarlıq edib ki, saxta əlillik dərəcələri ləğv olunacaq: Ləğv etməyinə biz edəcəyik. Ləğv eləmək o demək deyil ki, bu, son nəticədir. Çünki məhkəmələr var. İnsanlar məhkəmələrə müraciət edə bilərlər. Həqiqətən də özlərinin bu dərəcəni almalı olduqlarını sübut edə bilərlər. Bu, sadə bir proses deyil. Ona görə də biz dərhal hansısa müraciətə görə addımlar atıb adamlara nəsə cəza tədbiri görməyi doğru saymırıq. Bu, sonrakı prosesdir. İlk öncə öz işimizi görməliyik, hüququ olmayan adamlara, əlillik qrupunun verilməsi nəticəsində dövlətin büdcəsindən pulların getməsinin qarşını almalıyıq. Artıq sonrakı prosesdir ki, onlar məhkəməyə müraciət edəcəklərmi, məhkəmə kimə necə baxacaq, necə qərar qəbul edəcək. Ona görə də əsas mərhələni həll edəndən sonra biz digər məsələlər barədə hansısa qərar qəbul edə bilərik”.

Mənbə: Lent.Az

19 dekabr 2013
GO BACK