Qadin.NET / Ölümün bir addımlığında...

Ölümün bir addımlığında...

 

Geniş yayılmış infeksion xəstəliklərdən biri sayılan qarın yatalağı əsrlər öncə aşkarlanıb. Xəstəliyi ilk olaraq Hippokrat təsvir edib. Qarın yatalağının klinik mənzərəsi haqda ətraflı məlumat verən alim apardığı uzun araşdırmalara baxmayaraq xəstəliyi törədən səbəbi müəyyən edə bilməyib. İllər keçdikdən sonra fransız bakterioloqu Şarl Nikol bu xəstəliyi bakteriyaların törətdiyini aşkar edib.
 Çətin günlər...

İki il öncə bu xəstəliyə yoluxan Zivər Hüseynovanın söylədiyinə görə, bir neçə gün halsızlıq, yuxusuzluq və baş ağrılarından şikayətlənib: “Fikirləşdim ki, ağır fiziki işlə məşğul olduğum üçün belə oluram. Yəqin, 1-2 günə keçib gedər. Ancaq bir müddət sonra vəziyyətim daha da pisləşdi, hərarətim yüksəldi, baş ağrılarım şiddətləndi, bənizim soldu, dilim şişdi və üzəri ağarmağa başladı, dodaqlarımda çatlar əmələ gəldi. Hərəkət edə bilmirdim. Hətta qolumu qaldırmağa belə taqətim yox idi, çox zəifləmişdim. Həkimə müraciət edib qan analizi verdim. Analizdən sonra qarın yatalağına yoluxduğum məlum oldu. Vəziyyətim çox pis idi. Mənə elə gəlirdi ki, öləcəm. Bir neçə ay xəstəxanada qaldım və həkimlərin nəzarəti altında ciddi şəkildə müalicə olundum. Müalicə müsbət effekt verdi və tədricən sağlamlığıma qovuşdum”.
Tədricən ortaya çıxan simptomlar
Həkim-infeksionist Aygün Həsənovanın sözlərinə görə, kəskin infeksion xəstəlik sayılan qarın yatalağını bakteriyalar törədilir. Soyuğa qarşı çox davamlı olan bu bakteriyalar torpaqda, suda, meyvə-tərəvəz və digər qida məhsullarında bir neçə ay yaşaya bilir. Xəstəliyə yoluxma su və qida məhsullarının qəbulu yolu ilə əsasən yay və payız aylarında təsadüf edilir. Xəstəliyin inkubasiya (gizli) dövrü 8-30, bəzən də 3-40 gündür. Tədricən başlayan xəstəlik zamanı xəstədə zəiflik, əzginlik, halsızlıq, baş gicəllənməsi, güclü baş ağrıları, hərarətin yüksəlməsi, üşütmə, iştahsızlıq, yuxusuzluq kimi əlamətlər müşahidə olunur. 7-8 gün sonra isə xəstənin vəziyyəti kəskin şəkildə dəyişir. Xəstədə sayıqlama, qarabasma, yuxunun pozulması, ətraflarda titrəmə, keyləşmə yaranır. Xəstənin dərisi quruyur və solğun rəng alır, hərarət yüksəlir, dil böyüməyə, üzəri ərplə örtülməyə başlayır. Ovucları və pəncəsi sarımtıl rəng alır. Xəstəliyin kəskin dövründə dil quruyur və üzərində kiçik həcmli qansızmalar yaranır. Dodaqlarda quruma, çat və qabıqlanmalar olur. Qarın köpür, dalaq, qaraciyər böyüyür və bəzi orqanlarda funksional pozğunluqlar ortaya çıxır. Xəstə qarın nahiyəsində küt ağrılardan və qəbizlikdən əziyyət çəkir. Xəstəliyin 9-10-cu günündə döş qəfəsinin ön divarında, qarın ətrafı nahiyələrdə çəhrayı rəngdə, girdə kiçik səpkilər əmələ gəlir.
Sinir sisteminə zərbə
İnfeksionist deyir ki, qarın yatalağı zamanı xəstənin tənəffüs sistemində də müəyyən problemlər ortaya çıxır. Xəstə bəzən nəfəs çatışmazlığından şikayətlənir. Bu hal əsasən xəstəliyin kritik dövründə müşahidə edilir. İlk günlərdə xəstənin ürək-qan damar sistemində də pozğunluqlar yaranır. Nəbz zəif olur, xəstə küt ürək ağrılarından şikayətlənir. Ancaq bir müddət sonra bu simptomlar keçib gedir. Xəstəlik daha çox sinir sisteminə, ən çox da vegetativ sinir sisteminə ciddi təsir edir. Bu da özünü şiddətli baş ağrısı, bayılma kimi əlamətlərlə büruzə verir. Xəstəlik ağırlaşdıqda isə xəstə hətta komaya da düşür.
Bağırsağın deşilmə təhlükəsi
A.Həsənovanın dediyinə görə, qarın yatalağını törədən bakteriyalar orqanizmə düşdükdən sonra ilk olaraq dəyişikliklər bağırsaqda və limfa vəzlərində baş verir. İnfeksiyanın təsirindən limfa vəzləri böyüyür. Bir müddət sonra bağırsağın, demək olar ki, bütün qişaları nekroza (çürümə) uğrayır. Xəstəliyin üçüncü həftəsində bağırsağın nekrozlaşmış hissəsi qopmağa başlayır. Tədricən qopan yer yaraya (xora) çevrilir. Damar divarının nəzilməsi nəticəsində bağırsaq qanaxması baş verir. Bundan sonra da bağırsaq möhtəviyyatı qarın boşluğuna tökülür. Nəticədə peritonit baş verir. Bu zaman xəstənin vəziyyəti ağırlaşır, üzü avazıyır, qarın nahiyəsində güclü ağrılar baş qaldırır. Ağrılar o qədər güclü olur ki, xəstə hətta huşunu da itirir. Vaxtında cərrahi müdaxilə olmadığı təqdirdə xəstə həyatını itirə bilər.
Diaqnoz
Həkim bildirib ki, xəstəliyin kritik həddə çatmaması üçün vaxtında və düzgün diaqnozun qoyulması başlıca şərtdir. Xəstəliyə xas əlamətlər - güclü baş ağrıları, yüksək hərarət, yuxu pozğunluğu, üzəri ərplə örtülmüş dil, bədəndə səpkilər və sair əsasında qarın yatalağına diaqnoz asanlıqla qoyula bilir. Qanın laborator müayinəsi isə xəstəliyin diaqnozunu dəqiqləşdirmək üçün ən əlverişli üsuldur.
Müalicə və profilaktika
A.Həsənova vurğulayıb ki, xəstəliyə yoluxan insan xəstəxana şəraitində müalicə olunmalıdır. Qarın yatalağının müalicəsində əsasən antibiotiklərdən və intoksikasiyaya qarşı preparatlardan istifadə olunur. Müalicə kursu əsasən bir necə mərhələdən ibarət olur. Xəstənin immun sistemini yüksəltmək üçün vitamin terapiya da tətbiq edilir: “Qarın yatalağından müalicə olunan xəstənin qidasına da xüsusi fikir verilməlidir. Belə xəstələrə asan həzm olunan, yüksək kalorili, vitaminlərlə zəngin qida verilməlidir. Ancaq xəstə qatı, kəskin və ədviyyatlı qidalardan uzaq durmalıdır. Çünki belə qidalardan istifadə xəstənin vəziyyətinin daha da ağırlaşmasına səbəb ola bilər. Xəstə müalicə müddətində yataq rejimində olmalıdır. Kritik dövr keçdikdən sonra yataqdan qalxmaq olar. İnfeksiyanın yayılmaması üçün sanitar-gigiyena qaydalarına da ciddi şəkildə əməl olunmalıdır. Xəstənin qaldığı otaq, istifadə etdiyi qablar tez-tez dezinfeksiya edilməlidir”.

Mənbə: Milli.Az

17 dekabr 2013
GO BACK