N.Cəfərov vurğulayıb ki, mağazalarda, kafelərdə və digər belə yerlərdə ədəbi dilin normalarının pozulması hallarına daha çox rast gəlinir: "Çünki burada müəyyən sərbəstlik var. Birinci, ona görə pozulur ki, tutaq ki, kifayət qədər milli bir iaşə mağazası və ya çay evidir, ancaq ona xarici dildə ad verirlər. Bu, doğru deyil, çünki bu, milli xüsusiyyət daşıyır və ona Azərbaycan dilində ad verilməlidir. Digər məsələ odur ki, ad səhv yazılır və ya Türkiyə türkcəsində yazılır. Əgər Türkiyə vətəndaşlarının burada gəlib yaratdıqları bir mağazadırsa, türkcə yazılsın, amma azərbaycanca da yazılmalıdır".Millət vəkili əlavə edib ki, "Dövlət dili haqqında" qanunda ədəbi dilin normalarının pozulmasına görə cərimələr nəzərdə tutulur: "İcra hakimiyyəti xəbərdarlıq edir və əgər qaydanı pozan tərəf səhvini düzəltmirsə, cəzalandırılır. Qanuni baxımdan nəzarət mexanizmi mövcuddur, sadəcə bunu icra etməkdə bir az zəiflik var".N.Cəfərov, həmçinin qeyd edib ki, "market", "super market", "shopping" kimi sözlər də artıq geniş istifadə olunur: "Ancaq istifadə olunsa da, Azərbaycan əlifbası ilə yazılmalıdır. Misal üçün, "shopping" sözündə ş hərfi "sh" ilə deyil, elə Azərbaycan "ş" hərfi ilə, yəni "şoppinq" kimi yazılmalıdır. Elə digər əcnəbi sözlər də Azərbaycan əlifbası ilə yazılmalıdır, ingilis əlifbası ilə yox".Millət vəkili əlavə edib ki, burada dünya miqyaslı böyük şirkət adları istisnadır: "Misal üçün dünya miqyaslı brend şirkətlər var və Bakı da dünyaya inteqrasiya olunan bir şəhərdir. Hər bir şirkətin özünün modelə çevrilmiş adı var və dünyanın hər bir yerində o cür yazılır. Misal üçün "coca-cola" adı. Əslində Azərbaycan dilində bu başqa cür səslənir, ancaq dünyanın bütün yerlərində bu cür yazılır. Dünyada qəbul olunan bu kimi adlarla bağlı problem yoxdur. Bu, dünyada reklam mədəniyyətinə aid olan məsələdir. Əgər biz etiraz etsək ki, yox, "coca-cola" o cür yazılmamalıdır, bu cür yazılmalıdır, düz olmaz. Çünki o, məhz elə yazılmalıdır. Qanunda da belə adlara etiraz yoxdur".
Mənbə: Milli.Az