Qadin.NET / Qadınlar, yoxsa kişilər daha romantikdir?

Qadınlar, yoxsa kişilər daha romantikdir?

 

Romantika insanların öz aralarında hiss və düşüncələrini bir-birilərinə ən gözəl şəkildə əks etdirməsidir. Ancaq bir şəxslə romantika yaşanmaz və o, nə sadəcə qadına, nə də kişiyə aiddir. Onun qarşılıqlı olaraq hər insanda da olması lazımdır. Bu gün hər iki cins də romantikanın qarşıdakı tərəfdə olmadığını iddia edir. Hətta bəzi qadınlar romantikanın, sadəcə, kişilərdə olmasının vacibliyini söyləyirlər. Beləliklə, bir münasibətdə romantik olmaq, dəyər vermənin və onu düşünmənin bir simvoludur. Onun üçün nələr etdiyinizi, cəhd göstərdiyinizi, onu düşündüyünüzü bilməsi qarşı tərəf üçün böyük bir xoşbəxtlik mənbəyidir. Ancaq qadınla yanaşı, kişinin də gözəl sözlərə və romantik anlara, düşünülməyə ehtiyacı olduğu deyilir. Qadınların öz aralarında etdikləri söhbətlərdə kişilərin bu sahədə problemi olduğu qeyd edilir. Onlar kişilərin nə qədər duyğusuz, romantikadan heç xəbəri olmadığından, onun yanında dəfələrlə başqalarının münasibətlərindən misallar çəksələr də, həyat yoldaşının ona heç bir jest etmədiyindən şikayətlənirlər. Adətən “Bir gün belə, bir çiçək alaraq gəlmədi”, “Bir dəfə sürpriz etsəydi, bir yerdə restorana getmiş olsaydıq” kimi fikirlər söylərlər. Niyə bu fikirləri həyat yoldaşına söyləmədiyinə soruşduqda isə onlar “Mən söylədikdən sonra nə dəyəri var, o düşünmədikdən sonra” deyirlər.
 Evlilikdəki çətinliklər romantik duyğuların da üstünü örtür

Kişilər isə adətən qadınların düşündüklərinin əksinə olaraq bu cür jestləri daxildən gəlmədiyindən deyil, düşünmədiklərindən etməzlər. Onlar bu cür jestlərin gərəkli olmadığını və romantikanın önəm daşımadığını düşünərək qadınların bunu gözlədiklərini də bilməzlər. Hətta bəzən evlənmə ərəfəsində xeyli xərc çəkdiklərini düşünüb, sonra əlavə xərc çəkməyə ehtiyac duymurlar. Qadınlar isə gözlədiklərini dilə gətirmirlər və zaman keçdikdən sonra bəlkə də yetərincə sevilmədiklərini düşünürlər. Lakin araşdırmalara görə, kişilər qadınlara nisbətən nə qədər ad günlərini unutsalar da, yaxud Sevgililər günü hədiyyəsini hətta son anda yanacaqdoldurma stansiyasından alsalar da, onların qadınlardan daha romantik olduğu ortaya çıxıb. “The Normal Bar” adlı kitabda dünya miqyasında 10 min insan ilə aparılan online anket yer alıb. Kitabda XXI əsrin münasibətləri araşdırılır və 1300 sualda bir sıra mövzular öz əksini tapıb. Belə nəticəyə gəlinib ki, kişilər romantik olmasına baxmayaraq, evlilikdən kənar münasibətlərə daha çox meyil göstərirlər. Bunun səbəbi kimi isə xoşbəxt olmayan evliliklər göstərilir.
Ümumiyyətlə, bütün münasibətlərin enişi və çıxışları var. Bəzən evlilikdəki çətinliklər belə romantik duyğuların da üstünü örtür. Bütün cütlüklərin sevgini hiss etdikləri və hiss etmədikləri anlar olur. Araşdırmalara görə, romantik olmaq bütün kişilərin ortaq problemidir. Adətən romantik olmağı ildönümü, ya da Sevgililər günündə düşünürlər. Amma qadınlara yalnız belə günlərdə deyil, ilin digər günlərində də xüsusi davranışlar lazımdır. Belə romantik anlar üçün müxtəlif üsullar tətbiq edə bilərlər ki, buraya şeir yazmaq, sevdiyi mahnılardan ibarət cd hazırlamaq, birlikdə romantik bir film seyr etmək üçün kinoteatra getmək, internetdən romantik e-kartlar göndərmək, sevgi mesajları yazmaq və s. daxildir.
“Qadın qulağı ilə kişi isə gözü ilə sevir.
Psixoloq Tünzalə Verdiyeva bildirdi ki, kişi və qadın arasında romantik münasibətlər dedikdə sevənlərin bir-birinə individual, yaradıcı, kreativ fikirlərlə yanaşması, fərqli sevgi etirafları və evlənmə təklifləri, evlilik ildönümləri, ad günlərinin və s. xüsusi anlamlı günlərin təşkilində və keçirilməsində elə detallara, şəxsi istək və arzulara fikir verməkdir ki, qarşısındakı şəxs özünü dəyərli hiss etsin: “Bunun üçün özünü deyil, tərəf müqabilini tanımaq, arzu və istəklərini bilmək, estetik zövqünü qiymətləndirmək daha vacibdir. Ola bilsin ki, sən hər şeyin ən gözəlini etdiyini sanırsan, amma bu, sevgilinin istədiyi deyil. Bu, ümümi yanaşmadır və hər iki cinsə aiddir”.
Psixoloqun sözlərinə görə, bəşər tarixi yaranandan bu günə qədər qadınların kişilərə nisbətən daha romantik olduğu deyilir: “Çünki qadın emosionaldır, duyğularını gizlədə bilmir, qarşı tərəfdən daha çox diqqət, qayğı və sevgi gözləyir və bu sevgini sadə formada, adi sözlərlə deyil “bəzəkli” yəni fərqli və kreativ üsullarla çatdırılmasını istəyir. Belə bir fikir var ki, “qadın qulağı ilə kişi isə gözü ilə sevir”. Əgər qadın kişiyə xoş gəlmək üçün daima baxımlı olmaq istəyirsə və bunu sevərək, istiyərək edirsə, qarşılığında təriflənmək və xoş sözlər eşitmək istəyir. Çoxsaylı tədqiqatlar sübut edir ki, oğlan və qızlar öz cinslərinə aid xüsusiyyətləri daha çox ailə tərbiyəsi nəticəsində mənimsəyirlər. Başqa sözlə, burada bioloji faktorlardan daha çox sosial faktorlar öz təsirini göstərir. Uzun müddət qadın və kişilərə xas olan xüsusiyyətlərə birtərəfli yanaşılıb. Son dövrlərdə belə bir mövqe də var ki, qadınlarda kişilərə, kişilərdə qadınlara aid edilən keyfiyyətlər də var.
Kişilər evləndikdən sonra romantikaya ehtiyac görmür
“Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova da təsdiq edir ki, qadınlar romantikdir: “Kişilər evləndikdən və qadını “özəlləşdirdikdən” sonra hesab edirlər ki, romantikanın tətbiqinə ehtiyac yoxdur. Amma qadınlar ömür boyu bu romantikanı arzulayırlar. Mən demirəm ki, kişilərdə romantika yoxdur. Kişi müəyyən mənada evləndikdən sonra buna ehtiyac olmadığını düşünür. Fikirləşir ki, bu qadın artıq ona məxsusdur və onun artıq romantikaya ehtiyacı yoxdur. Bu da münasibətlərin gərginləşməsinə səbəb olan amillərdən biridir. Nişanlı dövrdə kişilər müxtəlif vasitələrlə, romantik görüşlər, romantik sözlər, ifadələr işlədir. Ancaq evləndikdən sonra onu gərəksiz hesab edir. Çox az kişi olar ki, bunu davamlı şəkildə həyata keçirsin. Qadınlar isə həyatı boyu bunu gözləyir və bunun üçün münbit şərait hazırlamağa çalışır. Lakin buna cavab olmayanda özünə qapanır və bununla da romantikanı içində boğub öldürür”.

Kişilər məntiqli qərarlarla həyatlarını qurmağa çalışırlar?
Psixoloq Taryel Faziloğlunun sözlərinə görə, qadınlar kişilərə nisbətən dəfələrlə çox romantik olurlar: “Çünki insanın yaradılışından qadınlar təbiət etibarı ilə emosional, yəni hissiyyatın hakim olduğu bir xüsusiyyətə, kişilərsə rasional, yəni məntiqin hakim olduğu bir xüsusiyyətə sahibdirlər. Bu isə onunla nəticələnir ki, qadınlar bütün həyatı boyunca daha çox hissiyyatla qərar verir və hissiyyatın üstünlük təşkil etdiyi bir həyat yaşamağa çalışırlar. Kişilərsə əksinə, daha çox rasional qərarlar və məntiqi qərarlarla həyatlarını qurmağa çalışırlar. Buna görə də qadınlar daha romantik olurlar. Bu səbəbdən də kişilərin romantikanı anlamaması qadınları hər zaman hirsləndirib. Bu isə normaldır, çünki kişilər hər bir şeydə məntiqi izah axtarırlar, amma romantikanın əksər hallarda məntiqi bir izahı olmur”.

Mənbə: Milli.Az

10 dekabr 2013
GO BACK