Qadin.NET / Azərbaycanda peşə məktəblərinin müəllimlərinin maaşı fərqlənəcək

Azərbaycanda peşə məktəblərinin müəllimlərinin maaşı fərqlənəcək

Azərbaycanda gələn il peşə məktəblərinin attestasiyasının keçirilməsindən sonra müəllimlərin hamısının eyni səviyyədə maaş alması nəzərdə tutulmur.
Trend-in məlumatına görə, Təhsil Nazirliyinin Peşə təhsili şöbəsinin müdiri Namiq Məmmədov jurnalistlərə bildirib ki, 2014-cü ildən başlayaraq peşə təhsili müəssisələrinin müəllimlərinin attestasiyasının keçirilməsi planlaşdırılıb. Hazırda isə ümumi təhsil səviyyəsində müəllimlərin qiymətləndirilməsi və akreditasiyası ilə əlaqədar qaydalar hazırlanır: "Bizim yanaşmamıza görə, bu gün əmək bazarında ixtisaslı kadr hazırlamaq üçün gərək peşə məktəblərinə yaxşı usta cəlb edəsən, ona yaxşı əməkhaqqı verəsən. Onun məktəbdə aldığı əməkhaqqı tikintidə və ya restoranda aldığı əməkhaqqından az olmamalıdır. Biz peşə təhsili müəssisələrində büdcədənkənar vəsaitlərin artırılmasında maraqlıyıq".
Şöbə müdirinin sözlərinə görə, attestasiya zamanı müəllimin təhsil imkanları müəyyənləşdiriləcək: "Yüksək əməkhaqqı almaq istəyəni şəxsi akreditasiyadan, ixtisasartırma kurslarından keçdikdən sonra həmin əməkhaqqı ilə təmin etməyə hazır olacağıq. Biz çalışacağıq ki, onun alacağı əməkhaqqı əmək bazarında mövcud olan maaşdan aşağı olmasın".
N.Məmmədov deyib ki, Təhsil Nazirliyi tərəfindən Azərbaycanda peşə təhsili müəssisələrində çalışan pedaqoji kadrların təhlili aparılıb. Təqribən 4 minə yaxın pedaqoji heyət arasında aparılan təhlillər onu göstərir ki, 30 yaşa qədər olan işçilərin sayı 600-ə yaxındır, 60 yaşdan yuxarı olan pedaqoji heyətin sayı isə 400 nəfərə yaxındır. Peşə təhsili müəssisələrində 30-60 yaş arasında olan müəllimlərin, ustaların sayı çoxluq təşkil edir: "Təhlil onu göstərir ki, onların 60%-i Sovet dövründə təhsil alan insanlardır. Onların cəmi 2200-ü ali təhsillidir. Digərləri orta ixtisas peşə təhsilli insanlardır. Hətta orta təhsilli olan insanlarda var. Onların hansı yollarla peşə məktəblərinə götürülməsi və hazırda işləməsi məlum deyil".

Mənbə: Milli.Az

9 dekabr 2013
GO BACK