Qadin.NET / Xəzər dənizi necə çirklənir?

Xəzər dənizi necə çirklənir?

“Məişət-kommunal tullantılar təmizlənmədən birbaşa dənizə axıdılır”

Bunu Modern.az saytına Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekologiya və təbiəti mühafizə siyasəti şöbəsinin sektor müdiri Mütəllim Əbdülhəsənov bildirib. Onun sözlərinə görə, Xəzər dənizində uzun illər aparılan neft-qaz əməliyyatları, keçmiş sovetlər dövründə ətraf mühitin təmizliyinə fikir verilməsi nəticəsində buxta kifayət qədər çirklənib: “Bu gün respublikamızda fəaliyyət göstərən bütün şirkətlər tərəfindən dənizin çirklənməsilə bağlı müvafiq tədbirlər həyata keçirilib. Bakı buxtasının ekoloji vəziyyətinin araşdırılması, oradakı gərginliyin aradan qaldırılması üçün layihələrin də həyata keçirilməsi nəzərdə tutulub. Nazirlik bu sahədə fəaliyyət göstərən Bakı buxtasının öz təbii gözəlliyinin bərpasını nəzərdə tutur. Hazırda buxtanın Lökbatan çimərliyinə qədər olan məsafəsində 30-a yaxın mənbə çirklənmədə mühüm rol oynayır”.
Sektor müdiri dedi ki, bunlar araşdırılıb və qarşısının alınması üçün tədbirlərin miqyası müəyyənləşdirilib.
M.Əbdülhəsənovun dediyinə görə, 2015-ci ildə Bakıda Birinci Avropa oyunlarının yüksək səviyyədə keçirilməsi üçün dənizin, Bayraq meydanının ətrafının təmiz saxlanılması əsas məqsədlərdən biridir: “Bu tədbirlər hər il həyata keçirilir. Lakin bu dəfəki araşdırma sırf respublikamızda keçiriləcək tədbirlərin yüksək səviyyədə təşkil olunmasına, ekoloji vəziyyətin yaxşılaşdırılmasına xidmət edir. Bu araşdırmalarda Xəzər dənizini çirkləndirən, mərkəzləşmiş kanalizasiya sisteminə qoşulmayan mənbələrin monitorinqi aparılıb, lazımi məlumatlar hazırlanıb. Bildiyiniz kimi, Şıx çimərliyi daha çox çirklənməyə məruz qalıb. Səbəb həm Bakı buxtasının təsiri, həm də axarların buraya axıdılmasıdır. Həmin əraziyə böyük həcmdə axarlar axır. Bu həm Şıx çimərliyinə, həm də Bayraq meydanı ətrafında xoşagəlməz halların yaranmasına səbəb olur. Bunların çoxu şəhərdə formalaşan məişət-kommunal tullantı sularıdır. Onların bir hissəsi ayrı-ayrı qurğularda təmizlənir, lakin digər hissə təmizlənmədən birbaşa dənizə axıdılır”.
M.Əbdülhəsənov deyib ki, bunun qarşısının alınması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi təkliflər irəli sürüb: “Təkliflərdə bu ərazinin normal vəziyyətdə saxlanması üçün ilkin olaraq bura axıdılan axarların qarşısının alınması nəzərdə tutulub. Nazirlik olaraq hansı axarların üzərində modul qurğuların quraşdırılmasına ehtiyac olduğu, hansı axarların tamamilə qurudula biləcəyi məsələsinə aydınlıq gətirdik. Artıq dövlət tərəfindən həmin tədbirlərin həyata keçirilməsinə başlanılıb. Gəmiqayırma zavodunun 650 kubmetrə yaxın çirkab suları Bayraq meydanı ətrafına bura axıdılır”.

Mənbə: Milli.Az

9 dekabr 2013
GO BACK