Qadin.NET / Günahkarlıq duyğusu insanı hansı bəlalara düçar edir?

Günahkarlıq duyğusu insanı hansı bəlalara düçar edir?

 

Stress, depressiya, fobiyalar insanın daxili aləmini parçalayan, ruhi sarsıntılar yaradan vəziyyətlərdir. Psixoloqlara görə, günahkarlıq duyğusu da insanı mənən məhvə aparır. "Heç bir şeyin mənası qalmayıb. Yatağımdan qalxmaq istəmirəm. Özümü yorğun, tərkedilmiş, kimsəsiz, xəstə kimi hiss edirəm. Bununla yanaşı, bir günahkarlıq hissi var içimdə. Silib ata bilmədiyim, unuda bilmədiyim bir hadisədə özümü günahkar hesab edirəm"- deyən 32 yaşlı Nicat Süleymanov iki il öncə avtobomil qəzasında dünyasını dəyişmiş dostunun ölümündə özünü günahkar hesab etdiyini deyir. "İki il öncə, sentyabrın ayının 12-si idi. Mənim ad günümdə bütün dostlarımı ətrafıma yığmağı planlaşdırmışdım. Samir hamısından dəyərli idi mənim üçün. Həmin gün çox içdiyimiz üçün uşaqlar bizdə qaldılar. Samir isə evləri yaxın olduğu üçün getmək istədiyini bildirdi. Nə qədər desəm də, sözümə baxmadı. Evlərimiz arasında 1 dayanacaq məsafə var idi. Sağollaşıb, ayrıldıq. Qapıdan çıxanda məni bir daha təbrik edib, uzun ömür arzuladı. İçkili olduğu üçün evə çatanda xəbər verməsini istəmişdim. O isə telefonun enerjisinin olmadığını, çatandan sonra yığacağını dedi. Bir saat sonra səsi gəlmədiyini görüb, ona zəng etməyə başladım. Telefon bağlı idi. Nigaran halda yatdıq. Səhər telefon zəngi ilə yuxudan oyandım. Samirin anası idi, Samirin öldüyünü, mənim günahkar olduğumu dedi. Qarğış da tökdü: "dünyaya sağ gəlməyəydin, mənim oğlumu aldın" əlimdən. O gündən özümə gələ bilmirəm. Başımı yastığa qoyanda həmin gecə yeyib-içməyimiz düşür yadıma. Onun gülüşləri, dostluğumuz, mənə etdiyi yaxşılıqlar". N.Süleymanov deyir ki, bir-iki dəfə psixoloqa müraciət etsə də, heç bir xeyri olmayıb. 

Mütəxəssislərə görə, xüsusilə qadınlar böyük bir romantik yük daşıyırlar və günahkarlıq duyğusu dərhal önə çıxır. Stress, depressiya və anksiyete kimi digər bir çox vəziyyətlərlə əlaqəsi olan günahkarlıq hissləri, insana həm fiziki, həm də zehni zərər vura bilir. ABŞ-da aparılan araşdırmalar zamanı məlum olub ki, günahkarlıq hissi immunitet sistemini çökdürür və insanda bir çox xəstəliklərin yaranmasına səbəb olur. Psixoloq Aynur Əlibəylinin sözlərinə görə, qadınlar günahkarlıq hissini daha çox yaşasa da, kişilərin bu hissi yaşaması daha güclü olur: "Qadınlar daha çox vicdan əzabı çəkdiyi üçün günahkarlıq hissini daha çox yaşayır. Bununla yanaşı, qadınlar bir çox sahələrdə mükəmməl olmağa çalışırlar. Ən yaxşı ana, ən yaxşı övlad, ən yaxşı yoldaş olmaq istəyən qadın hər zaman üzərində böyük məsuliyyət hiss edir. İstədiklərini həyata keçirə bilməyəndə isə sadəcə bir kəlmə deyirlər "günahkaram"". Dinc və sakit həyat immunitet sistemini gücləndirərkən, mütəmadi olaraq öz-özünə bacarıqsız biri olduğunu söyləmək günahkarlıq psixologiyası ilə yaşamaqla yanaşı, immunitet sistemini həddən artıq zəiflədir. Bu duyğu iqtisadi problemlərin də yaranmasına səbəb olur. Belə ki, özünə qapılan insan işləməkdən də qaçır. Son zamanlar bu duyğu insanların üzərində daha çox hiss edilir. Bu hiss səhv bir hərəkət etdiyini düşünən insanın özünü bağışlaya bilməməsindən qaynaqlanır. Burada əhəmiyyətli məqam, şəxsin səhv hərəkət etməsilə ilə bağlı olan inancıdır. Psixoloq bildirir ki, edilən səhvin kiməsə zərər verdiyi insan üçün önəmli olmur. Önəmli olan insanın daxili hissləridir: "Edilən səhvi özünüzə bağışlayıb, əvvəlki həyatınıza istədiyiniz kimi davam edə bilmirsiniz. Bütün insanlar bu hissi yaşayır, amma bəziləri bu hissləri hər zaman yaşayır. Nə zaman səhv etsələr, uzun müddət bu səhvi unuda bilməz və bu səbəblə özlərini çox pis hiss edərlər. İnsan özünü tez-tez günahkar hiss edirsə, onda özünə etibarsızlıq, hirslilik, bağışlaya bilməmək, narahatlıq halları, depressiya, daim idarə edilmə ehtiyacı olan birisidir. Bu xüsusiyyətlər adamı günahkarlıq duyğusuna itələdiyi kimi, günahkarlıq duyğusu da bu hissləri özü ilə gətirir". 
Psixoloq bildirir ki, bu hissdən qurtulmaq üçün inandığınız bir adamla etdiyiniz səhvi paylaşa bilərsiniz. Səhvləri paylaşan zaman insan etdiyinin o qədər də qorxunc və faciəvi olmadığını başa düşür. Əgər özünə güvən problemləri yaşayırsınızsa, özünüzün bağışlanılmağa dəyər bir insan olduğunuzu tamamilə anlayana qədər özünə güvən mövzusu üzərində çalışmalısınız. Depressiyanız varsa, bu problemi həll etməyə çalışın. 
Daim idarə edilmə ehtiyacı günahkarlıq duyğusunu məğlub etmə yolunda ən əhəmiyyətli maneələrdir. Bu meyllərdən xilas olmağa çalışın:"Hansı səbəblə özünüzü günahkar hiss etdiyinizi anlaya bilmirsinizsə, xatirələrinizi yazmağa başlayın. Bunun günahkarlıq duyğusunun səbəbini tapa bilmə mövzusunda çox faydası olacaq. Səbəbi tapsanız, özünüzdən özünüzü niyə bağışlaya bilmədiyinizi soruşun. Özümü bağışlaya bilmək üçün nə etməliyəm? Özümü günahkar hiss etmək mənə nə qazandırır? Səhvlərin həyatımızda çox əhəmiyyətli bir yeri olduğunu hamımızın bilməsi lazımdır. Səhv edərək öyrənərik. Günahkarlıq duyğunuzun səbəbini qavradığınız zaman, bu təcrübənin sizə nə öyrətdiyini anlamağa çalışın. Əgər hər hansı bir şey öyrənmədiyinizi düşünürsünüzsə, düşünməyə davam edin. Bu səhvdən nə öyrənə biləcəyinizi tapmağa çalışın. Mükəmməl olmaq məcburiyyətində olduğunuzumu düşünürsünüz? O səbəbdənmi özünüzü bağışlaya bilmirsiniz? Eyni səhvi başqa biri etmiş olsa ona nə söyləyərdiniz?". Günahkarlıq duyğusundan bir gündə xilas olmaq mümkün deyil. Əgər günahkarlıq duyğusu yaşamağa meylli bir adamsınızsa, bu problemi necə aradan qaldırmaq üçün çalışın. Günahkarlıq duyğusundan xilas olduğunuzda necə bir həyatınızın olacağını, nələr hiss edəcəyinizi xəyal etməyə çalışın. Keçmişi geridə buraxmağa cəhd edib, gələcək üçün yaşayın. 

Mənbə: Milli.Az

3 dekabr 2013
GO BACK