Qadin.NET / Əsaslandırılmamış qeysəriyyə əməliyyatına görə cərimələr tətbiq olunur

Əsaslandırılmamış qeysəriyyə əməliyyatına görə cərimələr tətbiq olunur

 

Əsaslandırılmamış qeysəriyyə əməliyyatına görə cərimələr tətbiq olunur

Dünyanın bir çox ölkələrində olduğu kimi Azərbaycanda da  qeysəriyyə əməliyyatının aparılması dəb halını alıb. Bunun iki əsas səbəbi var. Birinci növbədə klinikaların daha çox pul qazanma həvəsi, digər tərəfdən isə qadınların ağrısız doğuş həyata keçirmək istəyidir. APA TV-nin məlumatına görə, bununla bağlı Milli Məclis tərəfindən əhalinin sağlamlığının qorunması qanununa əlavə dəyişikliklər olunub və qüvvəyə minib. Milli Məclisin Sosial Siyasət Komitəsinin sədr müavini Musa Quliyev bildirdi ki, sərəncama görə əsaslandırılmamış hallarda qeysəriyyə əməliyyatının aparılmasına görə cərimələr tətbiq olunacaq: "Bütövlükdə doğuşların 20 faizinə qədəri qeysəriyyə əməliyyatına icazə verilən bir normadır. Bu sərəncama görə, əsaslandırılmamış hallarda qeysəriyyə əməliyyatının aparılmasına görə, vəzifəli şəxslərə 5000 min manatdan 7000 min manata qədər, hüquqi şəxslərə isə 10 min manatdan 15 min manata qədər cərimə tətbiq  olunacaq". Bundan başqa Musa Quliyev qeyd etdi ki, müvafiq icra hakimiyyəti orqanları və  Səhiyyə Nazirliyi qeysəriyyə əməliyyatlarının göstərişlərinin siyahısını hazırlamalı və protokollar şəklində klinikalara təqdim etməlidirlər: "Klinikalar həmin protokollara uyğun olaraq bilsinlər ki, hansı hallarda qeysəriyyə əməliyyatı aparmaq olar, hansı hallarda isə olmaz. Bu protokollardan kənara çıxmaq halları olanda isə şübhəsiz ki, İnzibati Xətalar Məcəlləsinə görə, cərimə sanksiyaları tətbiq olunacaq". Onun sözlərinə görə, qanunun qüvvəyə minməsi qadınların, anaların eləcə də dünyaya gələn körpələrin həyat və sağlamlığının qorunmasına çox ciddi təsir göstərəcək. Musa Quliyev onu da bildirdi ki, bu ilin axırına kimi protokollar hazırlanıb klinikalara təqdim olunacaq.

 

Mənbə: Lent.Az

1 dekabr 2013
GO BACK