Qadin.NET / Uşaqları "zamanın bəlası"ndan necə uzaq tutmalı?

Uşaqları "zamanın bəlası"ndan necə uzaq tutmalı?

 

Dünyada yeni texnologiyadan istifadə yaşı aşağı düşüb Azərbaycanda telefon satışı ilə məşğul olan mağazalarda uşaqlar üçün xüsusi mobil telefonlar satıla bilər. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, hazırda uşaqlar telefonları vasitəsilə də internetə daxil ola bilirlər. Komitə isə uşaqların telefonla təhlükəsiz internetdən istifadə etməsi üçün ölkəyə gətirilən mobil cihazlar qeydiyyatdan keçirilən zaman onlara xüsusi proqramların yazılmasını təklif edib. Dövlət Komitəsi tərəfindən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə (RİTN) təqdim edilmiş təklifdə qeyd edilib ki, ölkəyə gətirilən telefonlar qeydiyyatdan keçirilən zaman ona idxalçı şirkət tərəfindən uşaqlar üçün nəzərdə tutulmuş xüsusi proqramlar yazılsın. Bu halda artıq həmin telefonlar mağazalara paylandıqda onlarda xüsusi proqramlar olacaq. Uşağı üçün telefon almaq istəyən valideynlər də mağazalardan istifadəsi təhlükəsiz olan həmin telefonları ala bilərlər. Komitə hesab edir ki, bu tədbir uşaqların telefonlarda internetdən təhlükəsiz istifadəsini təmin edəcək. Qeyd edək ki, kompyuterdən, telefondan istifadə edən və sözügedən cihazlar vasitəsilə internetə qoşulan uşaqların sayı artıb, yaşı isə azalıb. Artıq 3-4 yaşlı uşaqlar çox rahat şəkildə telefonlarda oyunlar oynaya bilir, 5-6 yaşlı uşaqlar isə İnternetdən çox rahat istifadə edirlər. Düzdür, balacaların elə balacaykən rahat şəkildə yeni texnika və texnologiyalara bələdçilik etməsi pis deyil. Amma bunun asılılıq yaratması və uşaqların böyüdükcə internet vasitəsilə lazım olmayan saytlara girməsi, “söhbət otaqları”nda qalması o qədər də ürəkaçan deyil. 
 Xüsusi telefonlar işləyən analar üçün vacibdir

Psixoloq Hüseyn Xəlilov bizimlə söhbətində bildirdi ki, sözügedən telefonların Azərbaycana gətirilməsi yaxşı olardı: “Çünki uşaqların yeni texnologiyalara marağı artıb və xüsusilə işləyən anaların uşaqlarına nəzarət etməsi çətinləşib. Bu baxımdan uşaqlar üçün xüsusi telefonların olması yaxşı olardı”. Psixoloq uşaqların müasir texnologiyalardan asılılığından da danışdı. Bildirdi ki, belə uşaqları iki qrupa bölmək olar: “Birinci qrupda olan uşaqlar irsi olaraq texniki vasitələrə meyl göstərməkdədir. Bu daha çox genetik xarakter daşıyır, yəni əgər ata-ana mühəndisdirsə, yaxud kompyuter üzrə mütəxəssisdirsə, uşaq körpəliyindən texnikaya maraq göstərməyə başlayır. İkinci qrup uşaqlarda isə kompyuterə, mobil telefona sonradan maraq yaranır. Onlar əvvəlcə bu texniki vasitələrlə oyuncaq kimi oynamaq, onu sındırmaq istəyirlər, sonradan isə kompyuterdə, mobil telefonda müxtəlif oyunlar oynamağa, sonra isə İnternetə girməyə başlayırlar və onlarda asılılıq yaranır”. H.Xəlilov deyir ki, vərdiş asılılığa çevrilməmiş bunun qarşısını almaq lazımdır: “Əgər uşaq məktəbəqədər yaşdadırsa, valideyn balacalıqdan yönünü dəyişməyə çalışmalıdır. Uşağın gündəlik proqramını elə qurmalıdır ki, 30 dəqiqə kompyuterdə oynayırsa, 30 dəqiqə başqa bir işlə, məsələn, şəkil çəkmək, plastilinlə oynamaq və s. ilə məşğul olsun. Asılılıq elə bir şeydir ki, bu, vərdişlə yaranır. Uşağa elə gəlir ki, oynadığı oyundan başqa, yaxud girdiyi internet saytından başqa dünyada maraqlı bir şey yoxdur”. Müsahibimiz cinsi yetişkənlik, yeniyetməlik dövründə uşaqdakı vərdişin onu başqa tərəflərə yönəltdiyini dedi: “Dünənə kimi kompyuterdə, telefonda oyun oynayırdısa, artıq 10-12 yaşında “çat”da olmağa, əxlaqsız saytlara girməyə başlayır. Xüsusilə bu yaşda valideyn uşağa nəzarət etməlidir. Xüsusilə uşaqlar özəl şeylərə axşamlar maraq göstərdiklərindən valideynlər onları axşamlar nəzarətsiz buraxmamalıdır. Çünki uşaqlar bəyənilməyən insanlarla “çat”da tanış ola bilər, onlardan mənfi şeylər öyrənə bilərlər”.

4 yaşlı uşaqların İPad asılılığı 

Qeyd edək ki, Türkiyə Statistika Komitəsinin məlumatına görə, sözügedən ölkədə kompyuterdən istifadə etmə yaşı ortalama 8-ə enib. Mobil telefonlardan istifadə yaşı isə 10- düşüb. Türkiyədə 6-15 yaş arası uşaqların 60 faizi kompyuter, 50 faizi internet, 24 faizi mobil telefondan istifadə edir. Ümumiyyətlə, yalnız Azərbaycanda deyil, dünyada yeni texnologiyalardan istifadə yaşı getdikcə aşağı düşür. Məsələn, İngiltərədə 4 yaşındakı uşaqlarda “IPad”dən istifadə asılılığı ortaya çıxıb. Buna görə də artıq inkişaf etmiş ölkələrdə klinikalarda texnologiyadan asılılıq bölümləri açılıb.

Mobil telefonlar uşaqlarda xərçəngə yol açır

Dünyada aparılan araşdırmalar göstərir ki, mobil telefon və kompyuterlər uşaqları daha böyük təhlükə altına atır, hələ inkişaf etməmiş uşaq toxumalarına böyüklərdən 10 dəfə artıq mənfi təsirini göstərir. Dünya Sağlamlıq Təşkilatı mobil telefonun xərçəng və beyin şişinə səbəb olduğunu hələ 2007-ci ildəki hesabatında açıqlayıb. Hesabatda bildirilirdi ki, araşdırmalar nəticəsində 12 yaşından kiçik uşaqların mobil telefondan qətiyyən istifadə etməməsi, 13-20 yaşındakı yetkinlik yaşına çatan uşaqların isə sadəcə təcili durumlarda istifadə etməsi məsləhət görülür. Həkimlərin sözlərinə görə, mobil telefonlardakı ən böyük təhlükə hər an insanın yanında olması və qulağa tutulduğundan beyinə daha yaxın olması riskidir. Mobil telefonla 6 dəqiqədən artıq danışdıqda qulaq və beyin toxumalarında isinmənin yarandığı və baş ağrılarına səbəb olduğunu düşündükdə təhlükəni təxmin etmək elə də çətin olmur. Buna görə də bu təhlükələrdən uşaqları mümkün qədər uzaq tutmaq lazımdır.

Mənbə: Kaspi.Az

28 noyabr 2013
GO BACK