Qadin.NET / Bakıda bukinislər niyə azalıb?

Bakıda bukinislər niyə azalıb?

 

İllər əvvəl paytaxtımızda köhnə kitab satanlarla-bukinislərlə tez-tez rastlaşırdıq. Onlarla əsasən Mərkəzi Univermağın, kinoteatrların, demək olar ki, bütün metro stansiyalarının çıxışlarında rastlaşmaq olurdu. İndi isə köhnə kitab satanları “gündüz çıraqla axtarmalı” oluruq. Biz də onların axtarışına çıxdıq. Köhnə kitabçıların bir neçəsi ilə köhnə dəyirmanın yaxınlığında rastlaşdıq. 25 ildir ki, kitabçılıqla məşğul olan, qarşısına köhnə tozlanmış kitabları düzüb satan Rafiq bəy deyir ki, 25 ildən çoxdur ki, bu işlə məşğuldur. Onunla bir az söhbət edib 25 il əvvəlki kitab satışı ilə indiki kitab satışı arasındakı fərqi təhlil etmək istədik. Rafiq dayı 25 il əvvəlin həsrətini çəkirdi. Köhnə kitablarının demək olar ki, hamısının öz kitabları olduğunu deyən Rafiq dayı 25 il əvvələ baxanda çox təəssüf hissi keçirdiyini dedi: “25 il əvvəlki oxucular hara, indikilər hara. 25 il əvvəl oxucuya kitab çatdırmaq olmurdu. Amma indi heç kim oxumaq istəmir. Evində olan köhnə kitabları da gətirib bizə ucuz qiymətə ya satır, ya da pulsuz verirlər. Amma bu kitabların hər birinin içində bir xəzinə gizlənir. Bilik xəzinəsi. Çox təəssüf ki, indi heç kim bu xəzinədən bəhrələnmək istəmir. Həm də hamının başı indi telefona, internetə qarışıb. Mən demirəm ki, heç kitab oxuyan yoxdur, var. Amma oxuyanlar da internetdən oxuyur”.Əvvəllər günə ən azı 10, bəlkə də daha çox kitab satdığını deyən kitabçı Rafiq bəy deyir ki, indi günə 1-2 kitab satır ya yox. 

“Bir dəfə bir vəzifəlinin sürücüsü gəldi ki, mənə qırmızı kitab ver”
25 ildə müxtəlif oxucularla, maraqlı hadisələrlə rastlaşdığını deyən Rafiq bəy arada tanınmışların da onun müştərisi olduğunu qeyd etdi: “Tanınmışlardan müğənnilər, yazıçılar, vəzifəli şəxslər də məndən kitablar alıblar. Əvvəllər tanınmışlar daha çox gəlib kitab alırdılar. Amma indi, deyəsən, artıq onlar da kitab oxumurlar. Bir dəfə bir vəzifəli şəxsin sürücüsü gəlib məndən nəsli tükənməkdən olan heyvanların adı düşdüyü qırmızı kitabı istədi. Dedi ki, mənə o məşhur qırmızı kitab lazımdır, müdirimə hədiyyə edəcəyəm. Mən də ona bu kitabı verəndə dedi ki, yox, sən mənə qırmızı rəngdə olan kitab ver. O kitabın rəngi qırmızı olmalıdır. Mən müdirim üçün iş yerində kitab rəfi düzəldirəm, ora qoyacağam. Mən də bu adama nə qədər qırmızı rəngdə kitabım vardısa, hamısını satdım”.Rafiq bəy satdığı kitabların demək olar ki, əksəriyyətini oxuduğunu deyir: “Kitab gərək üzdə olsun. Kitab mağazada qapalı yerdə olanda camaat çox vaxt girmək istəmir. Çünki kitabların baha olacağını düşünür. Amma üzdə olanda istər-istəməz diqqətini cəlb edir. Hərdən olub ki, kitabı dediyim qiymətdən dəfələrlə ucuz vermişəm”.Rafiq bəy indi onun kimi köhnə kitabçıların az qaldığını deyir. O deyir ki, köhnə kitabçılar Bakı Şəhər İcra Hakimiyyətinin qadağasından sonra bu işdən əl çəkiblər. Kitabçı Yaqub dayı indi artıq maneələrin olmadığını bildirdi. O, kitabı qoyduğu yerə görə haqq ödədiyini bildirdi. Yer haqqının isə Bakı Şəhər Ticarət və xidmət departamenti tərəfindən təyin edildiyini dedi.Söhbətimizin bu yerində bir müştəri gəldi və onun istədiyi kitabı tapmağa çalışan Rafiq bəyin işinə mane olmamaq üçün “İşiniz anvand olsun” deyib onunla sağollaşdıq. Bir az irəlidə daha bir köhnə kitabçı ilə rastlaşdıq. Rafiq bəydən fərqli olaraq bu kitabçının kitabları daha çox idi. Hələ bir neçə qutu kitab da pilləkənə üst üstə yığmışdı. Adının Yaqub Hüseynov olduğunu deyən 73 yaşlı köhnə kitabçı oturub özü yaşda olan dostu ilə nərd oynayırdı. Bizim gəldiyimizi görüb ayağa qalxan Yaqub dayıdan bir neçə kitabın qiyməti ilə maraqlandıq. Üstünü toz basmış bu kitabların qoxusu belə insanı keçmişə aparırdı. Yaqub dayı az qala gözü yumulu hansı kitabın hansı qutuda olduğunu bilirdi. Satdığı kitabların da demək olar ki, hamısından məlumatı var idi. 33 ildir ki, bu işlə məşğul olduğunu deyən Yaqub dayı 10 minə yaxın kitabı olduğunu dedi: “Əvvəllər bu işə öz rəflərimdə olan kitabları satmaqla başladım. Daha sonra müştərilərim də evlərində olan köhnə kitabları, dərslikləri gətirib mənə ucuz qiymətə satdı. Kitab təklif edənlər əsasən başqa yerə, ya da evdən-evə köçənlər olurdu. Hətta elə vaxt olub ki, məndən aldıqları kitabı sonra gətirib özümə satıblar. Beləcə, illər keçdikcə kitablarımın sayı çoxaldı”.
Kitabı gərək diri-diri oxuyasan...
Yaqub dayı satdığı kitabların əsasən sovet dövründə nəşr olunan, rus dilində və ya kiril əlifbası ilə Azərbaycan dilində olan kitablar olduğunu dedi. Deyir ki, bədii kitablar qiymətli sayılmır. Əsasən dərsliklər və ensiklopedik kitablar qiymətlidir. Elə Yaqub dayının da əsas müştəriləri kiril əlifbası ilə oxuyan yaşlılardır. Deyir ki, Bakıda 90-cı illərə qədər kitab oxuyan çox olub. Ancaq sonradan azaldı. O da kitab oxuyanların azalmasına səbəbin televizor, internet olduğunu dedi: “Kitabı gərək əlində, diri-diri oxuyasan. İnternet ancaq xüsusi məlumatlar almaq üçündür. Kitab elə bir şeydir ki, gərək camaat onu görsün. Onsuz da kitab mağazalarına gedən azdır".

Mənbə: Milli.Az

27 noyabr 2013
GO BACK