Qadin.NET / Azərbaycanda uşaq kinosu niyə yoxa çıxdı?

Azərbaycanda uşaq kinosu niyə yoxa çıxdı?

30 il öncə "Asif, Vasif, Ağasif" filminin çəkilişindən sonra Azərbaycanda, demək olar ki, uşaq filmləri çəkilmir. Rejissorların uşaq filmlərinə belə etinasız yanaşmalarının səbəbi nədir? Milli.Az xəbər verir ki, Day.Az saytının əməkdaşı belə bir sualla tanınmış rejissor Eldar Quliyevə müraciət edib. Rejissor məsələ ilə bağlı aşağıdakı fikirləri söyləyib: "Uşaq filmlərinin olmamasının birinci səbəbi belə filmləri çəkməyin çox çətin olmasıdır. Hər rejissor belə film çəkə bilmir. Belə filmlər çəkə bilmək üçün uşaq psixologiyasını bilmək lazımdır. Uşaqla ümumi dil tapıb izah etmək lazımdır ki, filan epizodda filan cür davranmaq lazımdır. Şəxsən mən heç vaxt uşaq filmləri çəkməmişəm. Heç vaxt da belə bir şeyə razılaşmaram. Çünki bunu etmək üçün adamın xüsusi istedadı olmalıdır ki, bu da hər rejissorda yoxdur. Bundan başqa, uşaq ədəbiyyatını və ssenarisini hər yazıçı və dramaturq yaza bilmir. Bunun üçün uşaq dünyasını içdən bilməlidir. Kino sahəsində işlədiyim dövrdə bir nəfər ssenarist də olsun mənə uşaq mövzusunda ssenari təklif etməyib. Amma yuxarıda qeyd etdiyim kimi, onsuz da, razılaşmazdım. Bir zamanlar Azərbaycan kinosunda uşaq filmləri üzrə Tofiq İsmayılov, Əlisəttar Atakişiyev, Gülya Əzimzadə, Rasim İsmayılov kimi mütəxəssislər var idi. Onlar tək filmlər çəkmir, eyni zamanda uşaq nağılları da yazırdılar. Bu adamlar tam səmimi şəkildə bu qeyri-kommersiya mövzusuna marağı artırmağa çalışırdılar. Son 20 ildə mən yalnız bir uşaq filmini xatırlayıram - "Buta" filmini"". Əziz oxucular, məsələ ilə bağlı sizin də fikirlərinizi bilmək maraqlı olardı.

Mənbə: Milli.Az

14 noyabr 2013
GO BACK