Qadin.NET / Soyuqdəyməni bir günə necə çıxarmalı?

Soyuqdəyməni bir günə necə çıxarmalı?

Payız gözəl mənzərələri, dadlı meyvə-tərəvəzi ilə yanaşı, özü ilə xəstəliklər də gətirir. Xüsusilə də infeksion burun-boğaz xəstəlikləri. 
Milli.Az Rusiya mətubatına istinadən bildirir ki, çox müxtəlif amillərin təsiri ilə soyuqdəymə, respirator-virus xəstəliklərinə yoluxmaq riski artır. Müasir həyatın tempi xəstə adama evində, dörd divar arasında qalıb rahat yuxu yatmağa imkan vermir - iş çağırır. Ən uzağı, bir, ya iki gün vaxt verirlər ki, düzəl, qayıt sıraya.  
İlk reaksiya 
Zökəm olduğunuzu hiss etdiyiniz ilk dəqiqədən fəaliyyətə başlayın. Yalnız belə etməklə soyuqdəyməni bir günə çıxarmaq olar. Əgər infeksiya canınıza hopsa, o zaman toparlanmaq üçün ən azı, 3-4 günə ehtiyacınız olacaq. 
İsti, yelçəkənsiz yer seçin
Maksimum dərəcə isti və komfortlu geyinin. Ayaqlarınıza isti yun corab geyin, boğaz və sinənizi yun şal və ya şərflə bağlayın. Tərləməyə çalışın. İsinmə prosedurlarına isti çay, xardallı təpitmə, ayaqları isti suya qoymaq və s. daxildir. Havasız, rütubətin çox olduğu otaqda olmağınız məsləhət deyil. Otağınızın havasını müntəzəm dəyişin, amma yelçəkən yaranmasına imkan verməyin. Otağınızın pəncərəsini 5-10 dəqiqəlik açıq qoyun, qapısını bağlayın, bu müddətdə isə özünüzü verin mətbəxə, çay hazırlamağa. 
Çoxlu maye için 
Hər yarım, yaxud bir saatdan bir isti çay və ya dəmləmə için (cökə, çobanyastığı, nanə). Qızdırmanız yoxdursa,  isti və ya qaynar mors içə bilərsiniz. Çoxlu maye içmək tez-tez tualetə getməyinizə səbəb olur ki, bu da orqanizmi təmizləyir. 
Keyfiyyətli qida və yuxu 
Xəstə orqanizmin bərpa olunmaq üçün gücə ehtiyacı var. İmkan olan kimi yaxşıca yeyib yatın. Yüngül bulyon (toyuq, balıq) için, meyvə-tərəvəz yeyin, xüsusilə portağal, ağ turp, duzlu kələm, sitrus meyvələri, qarağat, moruq, zəncəfil və s. Acı, yağlı, ağır yeməklərdən qaçın. Yataqda olmağa üstünlük verin, yaxşı olar ki, sakit, qaranlıq, isti otaqda yatasınız. Amma unutmayın ki, günü tamamilə yatmaqla keçirmək xəstəliyinizə qalib gəlməyə şərait yaratmayacaq. Bol çay içib, mikrob əleyhinə vasitələrdən istifadə etməyiniz məsləhətdir. 
Xalq təbabəti ilə virus əleyhinə dərmanları uyğunlaşdırın
Evdəki dərman qutunuzda virus əleyhinə sorma dərmanlar və ya suya qarışdırılan tozlar, yəqin ki, var. Onları xəstəliyin sipmtomatikasını azaldan dərmanlarla qarışdırmayın. Əgər ehtiyatınızda yalnız bir gün varsa, çalışın, nəticəni yox, səbəbi ləğv edəsiniz. 
Virus və mikrob əleyhinə preparatları xalq təbabəti vasitələrilə uyğunlaşdırmaq, hətta tamamilə əvəz etmək olar. 
Çay və ot dəmləmələri ilə yanaşı, soğan, sarımsaq, qaynar süd, bal, itburnu, limon, moruq və qarağat mürəbbəsini unutmayın - bunlar əsrlər boyu soyuqdəymə əleyhinə olan ən yaxşı vasitələrdir. Yəni bir günü orqanizminizi zəbt eləməyə çalışan viruslardan təmizləməyə həsr edin. Gün ərzində iki stəkan ballı çay içməklə sağalacağınıza ümid etməyin. Virus əleyhinə preparatlarla ərzaqları hər saat ərzində bir neçə dəfə əvəzləməklə qəbul etmək lazımdır. Limonlu yaşıl çay için, yarım saat sonra moruq mürəbbəsi yeyin. O biri saatın başında itburnu dəmləyin. 
Nahar edəndə yarım soğan və ya iki diş sarımsaq yeyin. Nahardan sonra ballı qaynar süd için. Bir saat sonra yenə limonlu çay için. Dərman preparatlarını həkim məsləhəti ilə, təlimata əsasən qəbul edin. 
Əgər ümumi halsızlığınız boğaz ağrısı, burnun tutulması və öskürəklə, qızdırma ilə güclənirsə, terapevtə müraciət edin. Yaxşı olar ki, soyuqdəymə başlayan anda onunla mübarizə aparasınız ki, sonra həftələrlə dərman qəbul etməli olmayasınız. 
Mənbə: Milli.Az

10 noyabr 2013
GO BACK