Qadin.NET / Gələn il əməkhaqlarının və sosial müavinətlərin artırılmasına 600 mln. manatdan çox vəsait ayrılacaq

Gələn il əməkhaqlarının və sosial müavinətlərin artırılmasına 600 mln. manatdan çox vəsait ayrılacaq

 

Azərbaycan gələn il sosial sahələrdə məqsədli proqramların həyata keçirilməsinə xərcləri 885 milyon manatadək artıracaq ki, bu da cari ilin proqnoz göstəricilərini 37 faiz üstələyir. Bu yaxınlarda təsdiq edilmiş təhsilin inkişafı üzrə dövlət strategiyası da bu proqramlar sırasına daxildir. Trend-in məlumatına görə, bu barədə maliyyə naziri Samir Şərifov çərşənbə günü Milli Məclisin Elm və təhsil, Hüquq siyasəti və dövlət quruculuğu, Regional məsələlər, Mədəniyyət, İnsan haqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin geniştərkibli iclasında 2014-cü il üzrə dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirib. Nazirin sözlərinə görə, 2014-cü ildə dövlət büdcəsinin sosial yönümlü xərcləri cari ilin proqnoz göstəriciləri ilə müqayisədə 5,9 faiz və ya 298,9 milyon manat artımla, həmçinin 2012-ci ilin faktiki göstəricilərinə nisbətən 597,1 milyon manat və ya 12,6 faiz artımla 5,337 milyard manat səviyyəsində proqnozlaşdırılır. Sosial yönümlü xərclərin 15,1 faizi və ya 3,034 milyard manatı əməkhaqlarının, 9,1 faizi və ya 1,82 milyard manatı pensiya və sosial müavinətlərin ödənişinin, 1,5 faizi və ya 305,3 milyon manatı ərzaq məhsullarının, 0,9 faiz və ya 176,9 milyon mantı isə dərman və sarğı materiallarının alınmasının payına düşür. Növbəti il üçün dövlət büdcəsinin gəlirləri 18,384 milyard manat (2014-cü il üçün proqnozlaşdırılan ÜDM-in 31,4 faizi), xərclər 20,063 milyard manat (ÜDM-in 34,3 faizi) səviyyəsində proqnozlaşdırılır. 2014-cü il büdcəsinin gəlirlər hissəsi 2013-cü ilə nisbətən az nəzərdə tutulub. Proqnoza əsasən, 2014-cü ildə büdcə gəlirlərinin həcmi cari ilə nisbətən 775 milyon manat və ya 4 faiz az olacaq və 2012-ci ilin faktiki göstəricilərini 1,103 milyard manat və ya 6,4 faiz üstələyəcək. Gələn il xərclər 2013-cü ilə nisbətən 213 milyon manat, yaxud 1,1 faiz, 2012-ci ilin faktiki göstəricilərinə nisbətən 15,2 faiz artacaq. Büdcə kəsiri 2013-cü ildəki 691 milyon manat proqnoza və 2012-ci il ərzindəki 135 milyon manatlıq faktiki göstəriciyə qarşı 1,679 milyard manat səviyyəsində proqnozlaşdırılıb.
Mənbə: Milli.Az

 

6 noyabr 2013
GO BACK