"Uşağını sevməyi toyuq da bacarır. Ancaq onları tərbiyə etmək isə böyük dövlət işidir. Bunun üçün istedad və həyat təcrübəsi tələb olunur". Milli.Az Day.Az saytına istinadən bildirir ki, bu sözlər rus yazıçısı Maksim Qorkiyə məxsusdur. Həmin sözlər dövrümüzdə də aktualdır. Bir çox valideynlər hesab edirlər ki, uşağın tərbiyəsində əsas olan onu sərbəst həyata öyrətməkdir. Bunu lap bələkdə də edirlər. Misal üçün, uşağı qarnı üstə qoyurlar və istəyirlər ki, o, özü beli üstə çevrilsin. Təbii ki, uşaqlara sərbəst şəkildə çevrilmək və oturmağı öyrətmək şərtdir. Ancaq hər şeyin öz zamanı var. Uşaq üç yaşında özü sərbəst yemək yeyirsə, bu yaxşıdır. Ancaq ona yemək vermədən gözləmək ki, özü məcbur qalıb qaşığa əl atsın, bu, artıq qəddarlıqdır. Bununla belə, uşağın hər dediyini etməklə onun bədbəxtliyinə yol açmaq da olar. 10 yaşında uşaq ayaqqabılarının bağını bağlaya bilmirsə, bu pisdir. Ancaq sərbəstlik xatirinə uşağı 10 km məsafədəki məktəbə tək yola salmaq çox təhlükəlidir. Onu döyən başqa bir uşağın başına daş vurmağı öyrətmək də yaxşı deyil.
Bir sözlə, əziz valideynlər, unutmaq olmaz ki, bir çox bədbəxtliklərin öz kökləri olur. İnsanı uşaqlıqdan öyrətmək lazımdır ki, öz istəklərini idarə edə bilsin. Nəyi olar, nə lazımdır, nə olmaz. Bəs siz necə düşünürsünüz, əziz oxucular?
Mənbə: Milli.Az