Qadin.NET / Qurban bayramı təkcə heyvan kəsməkdən ibarət deyil

Qurban bayramı təkcə heyvan kəsməkdən ibarət deyil

 

Bayramın özünəməxsus xüsusiyyətləri mövcuddur.Bu barədə Modern.az-a danışan dini yazar Kənan Rövşənoğlu deyir ki, Qurban bayramında kəsilən heyvan şəriət qaydalarına cavab verməlidir. “Qurban bayramının bir sıra əməlləri mövcuddur. Bunlar bayram namazı, qurban kəsmə mərasimi və sairdən ibarətdir. Qurban bayramı namazı gün çıxandan sonra qılınır. Qurban kəsmək qaydalarına əsasən, qurbanlıq heyvan - dəvə, inək, qoyun, qoç olmalıdır. Qurbanlıq dəvənin yaşı 5, inəyin 2, qoyunun yaşı isə 1 ildən az olmamalıdır. Qurbanlıq heyvan sağlam olmalıdır, qüsurlu olmamalıdır, əzaları yerində olmalıdır. Qurbanlıq heyvan, həmçinin, kor, axsaq, qulağı, quyruğu və ya buynuzu kəsik olmamalıdır. Bundan əlavə, heyvan gərək arıq və çox qoca olmasın”. Kənan Rövşənoğlu deyir ki, şəriətə əsasən, qurbanlıq heyvanın əti üç hissəyə bölünməlidir. Bir hissəsini qurban kəsdirən özünə götürməli, bir hissəsini ehtiyaclı kimsələrə verməli və bir hissəsini də hədiyyə etməlidir. Qurban kəsərkən heyvanı üzü qibləyə doğru uzatmaq, qoyunun ayaqlarından birini azad saxlamaq, iribuynuzlu heyvanın isə dörd ayağını da möhkəm bağlamaq lazımdır. Heyvanın boğazına bıçaq qoyularkən yaxşı olar ki, Qurban duası oxunsun və ya heç olmazsa “Bismillah” deyərək dəmir alətlə kəsilsin. Qurban kəsən şəxs müsəlman olmalıdır”.Qeyd edək ki, Azərbaycanda bəzi adamlar Qurban bayramı günlərində xoruz, hind quşu və digər ev quşları kəsirlər. Kənan Rövşənoğlu ev quşlarının qurban kimi kəsilməsinə toxunaraq deyib.“Qurban kəsmək həcc ziyarətində olanlar üçün vacib, digər müsəlmanlar üçünsə bəyənilən, tövsiyə olunan əməldir. Eyni zamanda bayram günü ibadət və qurban kəsməklə yanaşı, ehtiyacı ilan insanlara yardım etmək, xəstələrin, qocaların ziyarətinə getmək, küsülü insanları barışdırmaq tövsiyə olunan əməllərdir. Ev quşları kəsmək qurbana aid deyil, sadəcə bəzi insanlar bayram günü bu mərasimdən geri qalmamaq üçün ev quşları kəsirlər”.Dini yazarın sözlərinə görə, heyvan kəsib ətini bağışlamaq qurbanın simvolikasıdır, bu əməlin özü qurbə, yəni yaxın olmaq, tam mənası ilə Allaha yaxın olmaq deməkdir.”Qurban bayramı təkcə heyvan kəsməkdən ibarət deyil, Allaha yaxın olmaq, onun razılığını qazanmaq üçün ehtiyacı olan kimsələrə yardım etməkdir”.

Mənbə: Milli.Az

14 oktyabr 2013
GO BACK