Qadin.NET / "Birinci dəfə şəklini çəkmişdik, bu dəfə isə əsərin halıdır"

"Birinci dəfə şəklini çəkmişdik, bu dəfə isə əsərin halıdır"

 

“Yer üzünə həyat verən günəşə sən küfr etdinmi, can bala?!” Nayman Ana Dövlət Pantomim Teatrında on bir ildən sonra yenidən fəryad qopardı. Pantomimçilərin yeni nəsli (köhnə “qvardiya”dan bu tamaşada on bir il əvvəl olduğu kimi yalnız əməkdar artist Nargilə Qəribovanı görmək olar) Çingiz Aytmatovun “Əsrə bərabər gün” romanının motivlərinə bir daha müraciət edərək “Manqurt” səhnə əsərinə ikinci həyat verdilər. 1980-ci ildə işıq üzü görmüş bu əsər ötən yüzilliyin ən görkəmli ədiblərindən birinin ilk romanıdır. Əsas qayəsini bəşər övladları arasında qohumluq və ya milli əlaqələr deyil, insanpərvərlik təşkil edən “Əsrə bərabər gün” romanı dərc olunduğu vaxtdan bu günədək fərqli yanaşmalarla Moskvanın Vaxtanqov adına teatrında, Sankt-Peterburqun Gənclər Teatrında, Qazaxıstanın Auezov adına Akademik Dram Teatrında, Litva Dövlət Gənclər Teatrında, Tacikistanın Gənclər Teatrında (göründüyü kimi, romanın ideyası cavanların diqqətini hələ də özündə saxlamaqdadır) tamaşaya qoyulub. Azərbaycan Dövlət Pantomim Teatrından savayı, əsərə ən son, bu il yozum verən teatr kollektivlərindən biri Xantı-Mansiyskin “Günəş” teatrıdır.
Manqurtlarla bağlı əhvalat romanda ayrıca yer tutduğuna və özgün məna yükünə malik olduğuna görə bu hissə rejissorların diqqətini daha çox cəlb etməkdədir. Sayğılı həmkəndlilərini dəfn etməyə toplaşmış kənd camaatının Ana Beyit məzarlığının (Ana məskəni) yerində kosmodrom peyda olduğunu aşkar etmələri, buradan raket buraxılması, başqa sözlə, “Halqa” əməliyyatının həyata keçirilməsi nəticəsində Yer üzünün əbədi pərdə altında qalması kimi mübhəm və vahiməli perspektiv fonunda Sarı Özək çölünün övladlarının juanjuanların əsarətinin ən dəhşətli silahı olan zifin köməyilə ən ağlasığmaz, tükürpədici işgəncə - əsirlərin, xüsusən də cavan kişi əhalisinin yaddaşını silib onları manqurtlaşdırmaq, Ana Beyit qəbristanlığının tarixçəsi olan Nayman Ananın acı taleyi barəsində çox qədim hekayətin ovqatı ilə üz-üzə qalmaları – bütün bunlar dünən premyerası baş tutan “Manqurt” səhnə əsərində yeni çalarlarla çatdırıldı. Teatrın baş rejissoru Bəxtiyar Xanızadə: “Bu tamaşa ilə bir neçə il əvvəl birinci dəfə çıxış edəndə əsərin yalnız şəklini çəkmişdik, bu dəfə isə əsərin halını görəcəksiniz”.
Pantomimçilərin “Manqurt”unun birinci versiyasını da izləmiş tamaşaçılardan biri kimi deyə bilərəm ki, hər iki quruluşun teatrın tarixində ayrıca önəmli yeri var, biri o birinə uduzmur. İki “Manqurt” iki ayrı-ayrı səhnə əsərləridir.
İdeya müəllifi B.Xanızadə, quruluşçu rejissoru Ceyhun Dadaşov (o, həm də juanjuanların ümumiləşmiş obrazında çıxış edirdi) olan “Manqurt” tamaşasında teatrın beş aktrisası və altı aktyoru iştirak edir. İlk dəqiqələrdən nəzərə çarpan əsas və ümdə cəhətlərdən biri kimi aktyorların hamısının ümumi, kollektiv işlə məşğul olduqlarını (həm də əsərin ideyası bunu şərtləndirir) unutmamaları, eyni hədəfə vurduqlarını qeyd etmək olar. Və bu yekdillik sona qədər davam etdi.
Pantomimçilərin yeni “Manqurt” səhnə əsəri, demək olar ki, bütünlüklə (yalnız ara-sıra kollektiv şəkildə, ya da tək-tək azəri türkcəsi də daxil olmaqla qarışıq dillərdə müxtəlif nidalar, replikalar səslənirdi) hərəkət və mimikalardan ibarət olduğu üçün onu balet-tamaşa da adlandırmaq mümkündür. Tamaşanın ən emosional məqamı isə əsirlərin başına zif keçirilməsinin və bunun fəsadlarının ifadəsi oldu - bu səhnədə işgəncənin həm fiziki ağrısı, həm də mənəvi acısı dəqiq və qədərində tapılmış boyalarla təqdim olundu. Tamaşanın bəzi məqamlarında pantomimçilərin yeni nəslinin iş üslubunda müşahidə olunan bir səhnə əsərində bütün ifadə vasitələrindən birdən istifadə etmək xüsusiyyəti bu cür uğurlu səhnələrin sayəsində yorucu təsirdən sığortalanır. Bu isə son nəticədə Aytmatov qələminin halının təzahürünü vermək missiyasına yeni töhfə oldu.

Samirə Behbudqızı

Mənbə: Milli.Az 

 
6 oktyabr 2013
GO BACK