Qadin.NET / Ofisdə ayaq vannası? - Yox-yox...

Ofisdə ayaq vannası? - Yox-yox...

 

Payız yağışlarla başladı. Evləri su basmasından danışmırıq - geniş mövzu, həlli tapılmayan və hər payız-qışın “olmazsa - olmaz” dərdidir. İslanmış, soyuqdan donan və xəstəlik mənbəyi olan ayaqlardır mövzumuz. "Keyfiyyətli" adı ilə aldığımız çəkmələr hərdən yarı yolda qoyur, içəri su verir. Bəziləri rezin uzunboğaz çəkmələr alırlar, amma gündəlik geyməyə onlar yaramaz. Rezin çəkmələr "parnik effekti" yaradır, nəticədə isə göbələk xəstələyi əmələ gəlir. 
Milli.Az eurolab.ua-ya istinadən bildirir ki, gündəlik ayaqqabınız su buraxırsa, öncə ayaqlarınız donmağa başlayır, sonra isə xəstəliklər. Ayaqları daha çox donan adamlar ürək-damar xəstəliklərindən əziyyət çəkən meteohəssas insanlardır. 
Yaş ayaqların "xəstəlikləri"
Zökəm, soyuqdəymə;
Böyrək xəstəlikləri, sidik kisəsinin iltihabı (qurşaqda kəskin sancılarla müşayiət olunur);
Sistit;
Xroniki prostatitin yaranması və güclənməsi;
İşias - oturaq sinirin iltihabı (simptomlar - yançaqlarda ağrılar);
Artrit;
Dəri xəstəlikləri (ayaqları uzun müddət nəm olan adamlarda).
Bunlara yoluxmamaq üçün bəzi məsləhətləri diqqətinizə çatdırırıq. 
Ayaqqabını dəyişin
Getdiyiniz yerdə, çalışın, yaş ayaqqabınızı dəyişib, qurusunu geyəsiniz. Əgər belə imkan yoxdursa, heç olmasa ayaqqabılarınızı çıxarıb sobanın yanında onları qurudun, ayaqlarınızı qurulayıb, quru corab geyin. 
Masaj
Quru ayaqqabı geyməzdən öncə pəncələrinizi əlinizlə, yaxud yun parça ilə sürtün. Bunun nəticəsində qan dövranı yaxşılaşacaq, orqanizminizin immun sistemi hərəkətə gələcək. Öz evinizdəsinizsə, qızdırıcı maz, yaxud spirtli maye - konyak, araq və s.-dən də istifadə edə bilərsiniz. Ayaqlarınız tam qızanadək, istiləşib rəngi allananadək onları sürtüb, masaj edin. Masajı necə etməli? - Saat əqrəbi istiqamətində dairəvi hərəkətlərlə. 
Qızının
Yaş ayaqlarınızı qızdırmaq, əlbəttə ki, vacibdir. Təbii, ofisdə bu çətindir. Amma evdə daha asandır. Xardal, yaxud istiotun spirtdə məhlulunu bir parçaya hopdurun. Ayaqlarınızı bununla sürtün, sonra isə isti corab geyinin. 
Ayaq vannaları
Ayağınız üçün dəniz duzu və ya xardalla vannalar hazırlayın. Bu, soyuqdəymənin qarşısını alar. İşdə bu metod yaramaz, amma onu əllərinizlə kompensasiya edə bilərsiniz: əllərinizi 15-20 dəqiqə isti su altında saxlayın, çünki əllərdə aktiv nöqtələr var, onlar qızınanda orqanizmi normal hala gətirməyə qadirdir. 
İsti çay için 
Müalicəvi otlardan, ən yaxşısı - zəncəfildən dəmlənmiş və bal qatılmış çay həm orqanizmi qızdırır, həm də şəfa verir. Zəncəfilin həm tozundan, həm də kökündən istifadə edə bilərsiniz: orqanizmin mübadilə proseslərini və qanın hərəkətini sürətləndirir.
İsti vanna qəbul edin
Ayaqlarınız islanıb, özünüz də donmusunuzsa, evə gələn kimi isti, dəniz duzu və otlar qatılmış vanna qəbul edin (yoxdursa, elə sadə isti su da yarayar). Sonra isti paltar, corab geyinin, bir saat müddətində üstünüzə ədyal örtüb uzanın. Bu, soyuqdəymənin qarşısını almaqla yanaşı, artrit əleyhinə əla profilaktikadır. 
Vanna üçün qarışıq: 4-5 dolu x.q. çobanyastığı, nanəcövhər, gicitkən, adaçayı (şalfey) qurusunun üstünə 1 l qaynar su tökün, qapağını örtün, vam odda 20-30 dəqiqə dəmləyin. Süzüb suyla qarışdırın, vannaya tökün. 
Efir yağlarından istifadə edin
Efir yağlarının soyuqdəymənin müalicəsində güclü effekti olduğu qədimdən məlumdur. Əgər yaş ayaqlarla ofisdə oturmusunuzsa, onları qurutmağa imkanınız yoxdursa, hər hansı efir yağının - çay ağacı, küknar, evkalipt, sitrus və s. - bir neçə damcısını döş qəfəsinizin üstünə çəkin. Yağ antiiltihab, antiseptik təsir göstərərək immun sisteminizi möhkəmlədəcək.

 

Mənbə: Milli.az

29 sentyabr 2013
GO BACK