Qadin.NET / Dərsliklər satışda

Dərsliklər satışda

 

 

Milli.Az EL TV-yə istinadən xəbər verir ki, bu ilin ötən dövründə Yevlaxda 27, Ağdaşda 29 nəfər qanunsuz olaraq pulsuz dərslikləri satdığına görə, cərimələnib. Bu barədə yerli vergi idarələrindən məlumat verilib. Pulsuz dərsliklərin bazarlarda satışı isə davam edir.
Satıcı Qismət Məmmədov deyir ki, bazarda buna tələbat var: "Məktəb ləvazimatlarının satışı ilə məşğuluq. Əsasən, ibtidai sinif, birinci sinifdən dördüncü sinfə qədər olan dərslikləri və yuxarı siniflərdə oxuyanlar üçün dərsliklərimiz var. Pulsuz dərslik olsa da, şagirdlərə kömək üçün satırıq. Valideynlərin tələbi əsasında satışı ilə məşğuluq". 
Valideynlər isə bildirirlər ki, məktəblərə paylanılan dərsliklər şagirdlərin sayına uyğun deyil. Bəzən də verilən dərsliklər işlənmiş olur. Buna görə də onlar dərslikləri almaq məcburiyyətində qalırlar. Yevlax və Ağdaş rayon təhsil şöbələrindən isə dərsliklərin və dərs ləvazimatlarının məktəblərə pulsuz paylanılması işlərinin başa çatdırıldığı bildirilir.
Yevlax Şəhər Təhsil Şöbəsinin Metod-kabinetinin direktoru Xaləddin Niftəliyevin sözlərinə görə, məktəblərə ümumilikdə 71 adda 23 min 478 nüsxə təhvil verilib. 42 adda 22 min 503 nüsxə Azərbaycan bölməsinin, 29 adda 970 nüsxə isə rus bölməsinin payına düşüb. Ağdaş rayon Təhsil Şöbəsinin müdiri Lütvü Paşayev isə dedi ki, 154 adda 61 min 124 dərslik tam orta məktəblərə pulsuz paylanılıb. 91 adda nüsxə Azərbaycan bölməsinə, 63 adda nüsxə isə rus bölməsinə verilib. O ki qaldı pulsuz dərsliklərin bazarlarda satışına, təhsil şöbələrinin rəsmiləri bildirdilər ki, onların bu işə müdaxilə etmək səlahiyyətləri yoxdur. 
Xatırladaq ki, pulsuz olan dərslik kitabları bazarlarda 5-10 manat aralığında satılır.

Mənbə: Milli.Az

15 sentyabr 2013
GO BACK