Qadin.NET / Qadın sürücü təhlükəlidirmi?

Qadın sürücü təhlükəlidirmi?

 

 

“45 ildir sükan arxasındayam, hər dəfə qadın sürücü görəndə tez yol verirəm ki, sovuşub getsin”. Peşəkar sürücü, ömrünün çox hissəsini sükan arxasında keçirmiş Rizvan Əhmədov qadın sürücülərə təhlükə kimi yanaşır. “Sovet dövründə qadınlar az hallarda maşın sürürdülər. İndi isə hərə bir maşın alır, elə bil bəhsə giriblər. Çoxları da sürə bilmir, öyrənmək də istəmir”. Bir sözlə, Rizvan dayı qadınların maşın sürməsinin qəti əleyhinədir: “Qadınlar tənbəl məxluqdurlar, öyrənməyə həvəsli deyillər. Sürücülük isə özü də bir elmdir”.
“Home Education” sürücülük kurslarının direktoru Xəzail Muxtarovqadınların məharətli sürücü ola bilməməsinin səbəblərini Milli.Az-ın oxucuları üçün belə izah edir: “Maşın idarə etmək həddindən artıq diqqət tələb edir, qadınlarsa çox diqqətli deyillər. Yəni qadınların diqqətini yayındıra biləcək şeylər çoxdur. Təlim maşınlarında belə, daim öz gözəlliyi üzərində fikirləşirlər. Gözləri həmişə güzgüdə olur, dodaqlarına boyaq cəkirlər, üzlərinə əl gəzdirirlər...”
Həmsöhbətimiz deyir ki, sürücü qadınların qabaq güzgüdə özlərini gördükləri zamanı arxadakı vəziyyəti nəzarətdə saxlamağı unudurlar: “Əgər saçlarının düzümü pozulubsa, tez onu düzəltməyə çalışırlar. Yol qəzaları isə an məsələsi ilə həll olunur”.
Təlimçinin qənaətinə görə, qadınları sükan arxasında təhlükəli edən səbəblərdən biri də odur ki, onlar özlərinə çox güvənmirlər: “Çətin situasiya yarananda güvən hiss etmədikləri üçün çaşırlar. Düşünürlər ki, bir hadisə törənsə, aqibətləri necə olacaq? Həm də sürücülük sırf praktiki bir iş olduğundan qadınlar üçün çətinlik yaradır, peşəkar ola bilmirlər. Yüksək səviyyəli qadın sürücülər dünyada da azdır.
Azərbaycanda qadın sürücülərin təhlükəli olmasını şərtləndirən amillərdən biri də mentalitetimizlə bağlıdır. Düşünürlər ki, kişilər mütləq yol verəcək, amma bəzən bu praktiki olaraq mümkün olmur və qəza törənir”.
Mütəxəssis etiraf edir ki, qadınlar sürücülüyün sirlərinə çətin yiyələnirlər: “Öyrətdiklərimizi bir az çətin götürürlər. Qrupda bir qız, bir oğlan varsa, oğlan həmişə qızdan üstün olur. Çünki oğlanlar doğulandan maşınla oynayırlar. Kiçik yaşlarından sürücü roluna girirlər, həmişə nə isə sürürlər. Yeniyetmə yaşlarında da həyətdə, dostlar arasında söhbət edəndə yol işarələrindən, yol hadisələrindən və kimin necə maşın sürməsindən danışırlar. Rəqabət də olur onların arasında - “kim yaxşı maşın sürür” deyə. Qızlar isə bu söhbətlərə yaddırlar”.
Bununla belə müəllim qadınları ruhdan salmaq istəmir: “Bizim kursları qurtaran qadınlar var ki, kişilərdən yaxşı maşın sürürlər”.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisiVaqif Əsədov sürücüləri cinslərinə görə fərqləndirməyi yanlış sayır: “Dünyanın heç bir ölkəsində sürücünü cinslərə görə fərqləndirmirlər. Azərbaycan qanunvericiliyinə əsasən, sükan arxasında kimliyindən, vəzifəsindən asılı olmayaraq, hamı bərabər hüquqludur. Apardığımız reydlər zamanı məlum olur ki, qadınlar da kişilər qədər qaydalara əməl etməyə çalışırlar. Amma bizim mentalitetimizdə qadına bütün məsələlərdə güzəşt tələb edilir və fərqləndirilir. Təəssüf ki, bəzən xanım sürücülər bundan sui istifadə edirlər. Dövlət Yol Polisi əməkdaşlarına qarşı aqressiv davranırlar, tibbi ekspertizadan keçirilməsi tələb olunursa, razı olmurlar, müqavimət göstərir, avtomobili saxlamırlar... O cümlədən sükan arxasında telefonla danışan qadın sürücülər kişilərə nisbətən çoxdur. Onlar tez-tez diqqəti yayındıra biləcək hərəkətlərə, yəni avtomobil sürərkən güzgüyə baxmaq, özünə sığal vermək, kosmetika çəkmək kimi hallara yol verirlər. Bununla belə deməliyəm ki, sükan arxasında təhlükəsizlik kəmərlərindən daha çox qadınlar istifadə edir”.
Psixoloq Günel Məhərrəmli isə qadın srücülərin bir neçə üstünlüyünü sayır: “Bu gün qadınların avtomobil idarə etməsi onların rahatlığını təmin edir. Belə ki, xanımın işə getməyi, dərsə getməyi, övladlarını tədris müəssisələrinə aparmağı, bir sözlə vaxt baxımından daha sərfəlidir. Xanımların çoxu ictimai nəqliyyatda özlərini narahat hiss etdiyindən sükan arxasında olmağı daha üstün tuturlar”. Bəs sükan arxasında qadın nə dərəcədə təhlükəlidir? Əks cinsin nümayəndələrinin qadın sürücülərə münasibəti necədir? “Bir neçə il bundan əvvəl qadının avtomobil idarə etməsi əks cinsin nümayəndələri tərəfindən daha kəskin qarşılanırdı. Kişilər hesab edirdi ki, avtomobili idarə etmək yalnız güclü cinsin nümayəndəsinə məxsusdur. Qadının isə sükan arxasında olmağı çox təhlükəlidir. Əslində qadın sürücüləri avtomobili daha təmkinlə, səbrlə idarə edirlər. Qadınlar sürət həddini aşmır, yol hərəkəti qaydalarına kişilərlə müqayisədə daha çox riayət edirlər. Qadın sükan arxasında olan zaman riskə getmir, hər zaman özünü, ailəsini düşünür. Kişilər isə yol hərəkəti qaydalarını daha çox pozur, özlərini riskə atır, sükan arxasında daha aqressiv olurlar.
Lakin onu da qeyd etmək lazımdır ki, qadınların diqqəti, reaksiyası kişilərə nisbətən daha zəif olur. Dünyada ilk dəfə yol hərəkəti qaydasının pozulması nəticəsində avtomobil qəzası məhz qadının iştirakı ilə baş verib. 1896-cı il avqustun 17-də London yaxınlığında Brigitta Driskols adlı qadın öz qızı ilə kilsəyə gedərkən qəzaya uğrayıb. O zaman hadisəni araşdıran məhkəmə yol-nəqliyyat hadisəsilə bağlı ilk tarixi qərar çıxarıb: “Xanım Driskols öz diqqətsizliyi ucbatından yol hərəkəti hadisəsinin qurbanı olub.
Kişilərlə müqayisədə xanımlar daha çox xırda yol qəzası törədirlər. Qadınların qəza törətməsinin bir səbəbi də odur ki, onlar sükan arxasında daha çox həyəcan, qorxu hissi keçirirlər. Avropada qadın sürücülərinə qarşı aqressiv, kobud münasibət yoxdur. Amma təəssüflər olsun ki, bizdə bu münasibətlər, hələ də, hökm sürür. Bundan əlavə sükan arxasında olan xanıma həddən artıq diqqət olunur. Onun hərəkətləri ya gülüşlə qarşılanır, ya da ona qarşı nöqsanlar tutulur. Bir sözlə, xanımın sükan arxasında olmağını faciəvi bir hal kimi qəbul etmək düzgün deyil”.
İlahiyyatçı Elşən Mustafaoğlu qadınların maşın sürməsinə dində heç bir qadağa olmadığını deyir: “Təəssüflər olsun ki, bəzi ərəb ölkələrində orta əsrlərin düşüncəsilə həyata baxan bəzi din adamları onilliklərdən bəri qadına maşın sürməyin caiz olmadığı fikirlərini aşılayıblar. Amma İslamda belə bir qadağaya əsla rast gəlinmir. Qadınların da kişilərlə bərabər hüquqda avtomobil sürmək haqqı var və dinin qadağan etmədiyini heç kəs din adıyla qadağan edə bilməz! İslam - universaldır, zaman və məkanın fövqündə mənəviyyat qanunları məcmusudur. Onu orta əsrlərin Ərəbistan mədəniyyəti və məişəti, yanaşması, düşüncə tərzində həbs etmək olmaz! O dinamikdir və hər dövrün tələblərinə uyğun mənəviyyat kriteriyasını ortaya qoyur. Qadının maşın sürməsi mənəviyyatsızlıq deyil, ola da bilməz! Əksinə, qadının bu haqqının din adıyla inkarı mənəviyyatsızlıq və mürtəce yanaşmadır! Allah bəşəriyyəti hər cür geriçilikdən qorusun və xilas etsin!”
Mənbə: Milli.Az

12 sentyabr 2013
GO BACK