Qadin.NET / Gəncədə də ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin qeydiyyatı davam edir

Gəncədə də ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin qeydiyyatı davam edir

 

Gəncədə də ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin qeydiyyatı davam edir


Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin 10 günlük qeydiyyat müddətini sentyabr ayının 4-nə qədər uzadıb. Ümumi qəbul olan abituriyentlərin 3,4 faizi təyin olunmuş vaxta - avqustun 29-dək qeydiyyatdan keçmədiyinə görə komissiya belə bir qərar qəbul edib.
Artıq tələbə adını qazanmış abituriyentlərin daxil olduqları ali təhsil müəssisələrində qeydiyyat prosedurunun 11-ci günüdür. Gəncənin 3 ali təhsil müəssisəsinə hər iki mərhələdə ümumilikdə 2991 abituriyent qəbul olub, onlardan 2803 nəfəri lazım olan sənədlərini təqdim etməklə qeydiyyatdan keçib.
Gəncə Dövlət Universitetinin sənəd qəbulu komisiyyasında qeydiyyat prosedurunun başlandığı ilk günlərdən müşahidə olunan sıxlığın nəticəsi olaraq keçən müddət ərzində təhsil ocağında 1270 abituriyentin ərizəsi qeydə alınıb ki, bu da 92 faiz qeydiyyat deməkdir. Universitetə 2013-2014-cü tədris ilində 1274 abituriyent birinci mərhələdə, 108 abituriyent isə ikinci mərhələdə qəbul olmaqla şəhərin ən çox qəbul planı olan ali təhsil müəssisəsidir.
Bu il 1042 abituriyentin qəbul olduğu Azərbaycan Dövlət Aqrar Universitetində də analoji qeydiyyat prosesi uzadılıb. Ödənişli ixtisaslara qəbul olan abituriyentlərin qeydiyyatının asanlaşdırılması məqsədilə bank nümayəndələrinin də iştirak etdiyi prosesdə universitetin sənəd qəbulu komisiyyası bu günə qədər 984 abituriyentin qeydiyyatını aparıb. Məlumat üçün bildirək ki, ikinci mərhələdə universitetin boş qalan yerlərinə müsabiqə nəticəsində 58 abituriyent qəbul olub.
Azərbaycan Texnologiya Universitetində də avqustun 20-dən başlayan abituriyentlərin qeydiyyatı davam edir. Bu tədris ilində 567 plan yeri ayrılan bu ali təhsil müəssisəsində artıq 97 faiz, yəni 550 abituriyent qeydiyyatdan keçib. Boş qalmış 144 yerə qeydiyyat üçün müraciət edənlər də olub ki, ikinci mərhələdən cəmi 61 abituriyent tələbə adını qazana bilib.
Xatırladaq ki, abituriyentlərin ali təhsil müəssisələrində son qeydiyyat tarixi -sentyabrın 4-ə qədər qeydiyyatdan keçməməsi onların müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və qəbul nəticələri ləğv ediləcək.

 

Mənbə: Milli.az

30 avqust 2013
GO BACK