Uşaqların şəkil çəkməsi, onları rəngləməsi təbii qəbul olunur. "Uşaqdır, çəkməlidir, əylənməlidir, bunda böyüdəcək heç nə yoxdur" deyən valideynlər əslində uşağın daxili dünyasını öyrənməkdən boyun qaçıranlardır. Bunun üçün vaxtı və səbri olmayan valideynlər uşaqların çəkdikləri rəsmləri də bəzən yığıb atırlar. Halbuki bir şəkil bəlkə də uşağın ruh dünyasında hansı fırtınaların qopmasını anlamaq üçün yardımçı olan ən gözəl yoldur.
Uşaqlar dilə gətirməyə çətinlik çəkdikləri duyğu və düşüncələri rəsmlərlə çox rahat ifadə edə bilirlər. Çəkilən şəkillər uşaqların daxilən nə hiss etdikləri, ətrafındakı insanlarla hansı münasibətdə olduğu, olan hadisələri dəyişərək necə etmək istədiyi haqqında məlumatlar ortaya qoyur.
Bir çox xarici ölkələrdə, eləcə də Rusiyada psixoloji travma almış, zorakılığa məruz qalmış, valideynləri tərəfindən imtina olunmuş, spirtli içki düşkünü olan valideynləri tərəfindən illərlə zülm edilmiş və bu kimi hadisələrlə üzləşmiş uşaqların daxili dünyasını anlamaq üçün onlara şəkillər çəkdirilir. Psixoloji dəstək, müalicə müddəti davam etdikcə mütəmadi olaraq bu üsul tətbiq olunur. Şəkillərdəki rənglərin, formaların zamanla dəyişilməsindən xəstədəki irəliləyiş qeydə alınır. Düzdür, şəkillərə baxaraq valideynlər övladlarının hansı problemləri ola biləcəyini psixoloqlar kimi başa düşə bilmir, amma ən azından kiçik detallarla da şəkildən nəticələr çıxarmaq mümkündür.
Psixoloq Gülnarə Vəliyevanın sözlərinə görə, cizgilərin böyüklüyü-kiçikliyi, eyni zamanda hansı bədən üzvlərinin çəkilib-çəkilməməsi, şəkillərin rəngləri uşaqların ruh dünyasından xəbər verir. Kiçik detalları bilməklə analar övladlarındakı hansı problemin olmasını rahatlıqla bilə bilərlər: "Səhifənin hamısını şəkillərlə tutmağa çalışan, bütün ağ boşluqları boyayan uşaqlarda daxili nəzarət zəif olur. Belə şəkillər təcavüzkar uşaqlar tərəfindən çəkilir. Hiperaktiv uşaqlar səhifənin hamısını doldurmağa çalışırlar. Nadir hallarda zəif və utancaq uşaqlar olur ki, onlar səhifənin hamısını rəngləməklə arzularını dilə gətirmiş olurlar. Çox kiçik şəkillər, hansı ki, bir neçə santimetrlə ölçülür, belə uşaqlar utancaq, susqun, zəif mənliyə sahib olurlar. Bədən üzvlərinə gəldikdə, normadan böyük, yaxud kiçik ölçülü baş çəkən uşaqlar özləri zehni baxımdan qeyri-kafi görənlərdir. Zehni qabiliyyəti normal olan uşaqlarda böyük baş çəkmək istəyi onların daha qabiliyyətli olmaq, seçilmək arzusundan irəli gəlir. Ağız, burun, qulaq, göz kimi nahiyələr isə o nahiyələrdən əziyyət çəkən uşaqlar tərəfindən daha qabarıq formada çəkilir".
Psixoloq bildirir ki, şəkillərdə əskik çəkilən detallar da bəzi önəmli nüansları ortaya qoyur. Uşaqlar çəkdikləri şəkillərdə hər bir detala xüsusi diqqət yetirirlər. Lakin laqeydlik edilib, bilərəkdən çəkilməyən ətraf bədən üzvləri o deməkdir ki, uşaq məhz həmin üzvdən narahatlıq keçirir: "Əlləri əskik çəkilən şəkillərin sahibləri ətraf mühitə uyğunlaşmağa çətinlik çəkən körpələrdir. Qolların əskik olması uşağın etibarsızlığını izah edir. Ayaqları olmayan şəkili çəkən uşaqlar özlərini dəstəksiz hiss edən, köməyə möhtac olan uşaqlardır".
Uşaqların ruh sağlamlığını araşdıran Amerika psixoloqları bu fikirdədirlər ki, uşaqlar rənglərin hamısını eyni dərəcədə sevməlidir. Ola bilər ki, hansısa rəng digər rənglərdən bir az üstün olsun, amma bu üstünlük bütün rəsmi bağlayacaq dərəcədə olmamalıdır. Şəkillərdə qəhvə rəngi, qara tonları həddindən artıq çoxdursa, bu, uşaqlarda daxili qorxu, pis düşüncələri, tünd-qırmızı çoxdursa, bu, uşağın şiddətə meylli olmasını, açıq çəhranı, narıncı, sarı rənglərin çoxluğu isə uşağın daxili dünyası ilə barışıq və daxilən xoşbəxt olduğunun göstəricisidir. Psixoloqlar bu qənaətdədir ki, uşaqlar bəzən dilə gətirə bilmədikləri, çəkindikləri istəklərini də şəkillərlə üzə çıxara bilirlər. Məsələn, ailədə ikinci uşaq istəməyən övlad bunu dilə gətirə bilmir. Bu səbəbdən çəkdiyi şəkillərdə ata, ana və özünü təsvir edir. Yaxud, evin daxilində ata, ana və özünü, qapıda isə kiçik qardaş, yaxud bacısını təsvir edir. Və ya iki uşaq şəkil çəkərkən birinin şəkli daha sərt cizgilər, daha tünd tonlar təşkil edirsə, bu, diqqət çəkməyin, öz şəklinin bəyənilmə istəyinin yüksək olduğunu göstərir.
G.Vəliyevanın dediyinə görə, çəkilən şəkilləri müzakirə edən zaman uşağın yaşını da nəzərə almaq lazımdır. Uşaq yaşı artdıqca onun çəkdiklərinin mənası bir o qədər aydınlaşır: "2-4 yaş aralığında olan uşaqların çəkdikləri adətən qaralama formasında olur. Bu yaşda olan uşaqlar qələmdən və onun iz salmasından kobud desək, zövq alır. 4 yaşından sonra uşaq gördüklərini bənzətməyə çalışır. Bu ərəfədə olan şəkillərə diqqət yetirmək daha doğru olar. 11-13 yaş aralığında artıq uşaqlar məntiqlə xəyal arasında qalır. Məntiqə üstünlük verənlərin çəkdikləri həqiqətəuyğun olduğu halda, xəyala üstünlük verənlər gördüklərini görmək istədikləri kimi çəkməyə başlayırlar. 13 yaşından yuxarı olan uşaqlar isə artıq daxili dünyalarını şəkillərlə çatdırmağa başlayırlar. Şəkillərdəki mesajı başa düşməyə çətinlik çəkən valideynlər bunu uşaqdan da soruşa bilərlər. Burda nə çəkilib, nə demək istənilib kimi suallarla şəkilə hansı mesaj yükləndiyini çox rahat bilmək mümkündür".
Mənbə: Milli.Az