“Elzas-Lotaringiya sizin üçün önəmlidir? Bavariya sizin üçün önəmlidir? Yaxud Reyn-Vestfaliya? Bu, bizim torpaqdır, beynəlxalq səviyyədə tanınan bizim ərazimizdir”.
Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Almaniyanın ARD televiziya kanalına verdiyi müsahibəsində “Biz orada, bu ərazidə olduqda bizdə bir sual ortaya çıxdı. Nəyə görə Qarabağ Azərbaycan üçün belə önəmlidir? Orada resurslar var, yoxsa bu, bir rəmzi məna daşıyır?” sualının cavabında bildirib.
Prezident bildirib ki, bu, resurslar məsələsi deyil:
“Əsas resurslar burada, Bakıdadır. Bu, ədalət məsələsidir, bu, milli qürur məsələsidir və bu, beynəlxalq hüquq məsələsidir. Beynəlxalq hüquq və bütün beynəlxalq ictimaiyyət Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır”.
“Biz ədaləti bərpa edirik və biz BMT Təhlükəsizlik Şurasının 27 il ərzində kağız üzərində qalan qətnamələrini icra edirik”, - deyə İ.Əliyev qeyd edib.
Prezident vurğulayıb ki, biz heç bir muxtar rayon razılığına gəlməmişik:
“Xeyr. Əvvəla, biz heç bir muxtar rayon razılığına gəlməmişik. Bu, birincisi. Biz bu razılığa gəlməmişik. Biz bunu təklif edəndə ermənilər bunu rədd edirdilər. Onlar bizim razı olmadığımız müstəqillik tələb edirdilər.
İndi ortalıqdakı reallıqlar dəyişib. Biz dəfələrlə eşitmişik ki, reallıqlar var və siz onları nəzərə almalısınız. Yaxşı. Biz dəyişdik reallıqları. İndi onlar bunları nəzərə almalıdır və bu, 27 il ərzində bizim onlara təklif etdiklərimiz ola bilsin, artıq öz qüvvəsini itirib.
Ona görə indi biz müzakirələr aparmalıyıq və yeri gəlmişkən, Ermənistan hazır olduğu təqdirdə biz danışıqların yeni mərhələsinə başlamaq və danışıqlar masasında Dağlıq Qarabağın gələcəyini müzakirə etmək üçün Xarici İşlər nazirimizi sabah Cenevrəyə göndərməyə hazırıq. Lakin bunun üçün Ermənistan dayanmalıdır. Onlar bu aylar ərzində həmişə bizim azad etdiyimiz əraziləri geri almaq istəyiblər və bu da onların məğlubiyyətinin əsas səbəbidir”.