Qadin.NET / Oğluna İblisin adlarından birini verdi

Oğluna İblisin adlarından birini verdi

Yeni Zelandiyadan olan evli cütlük Böyük Britaniyada yerli qeydiyyat orqanları ilə qarşıdurmadan sonra övladlarına Lüsifer adını vermək hüququnu müdafiə edə biliblər.
Qadin.Net bildirir ki, bu barədə “The Sun” nəşri xəbər verib.
Məlumata görə, Den və Mendi Şeldon koronavirus pandemiyasına görə tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırıldıqdan sonra Çesterfilddə yenidən açılan qeydiyyat idarəsinə baş çəkərək, dörd aylıq övladlarını qeydiyyatdan keçirmək istəyiblər. Ancaq uşaqları üçün seçdikləri ada görə cütlüyə nifrətlə baxan məmurun müqaviməti ilə üzləşiblər.
“O, oğlumun heç vaxt iş tapa bilməyəcəyini, müəllimlərin ona dərs demək istəməyəcəyini söylədi, həmçinin Yeni Zelandiyada uşağa belə ad qoymağın qanunsuz olduğunu dedi. Məmur başqa ad qoymağımızı, Lüsifer kimi isə öz aramızda çağırmağımızı təklif etdi”, - valideyn Den bildirib.

Den məmura ailəsinin dindar olmadığını və yunan dilindən tərcümədə “Lüsifer” adının “nur gətirən” mənasını verdiyini izah etməyə çalışıb, ancaq cütlükdən ofisi tərk etməsi istənilib.

Cütlüyün şikayətindən sonra Derbişir qraflığı şurası onlardan üzr istəyib və qeydiyyat şöbəsində oturanların işinin ad seçərkən tövsiyə vermək olduğunu deyib. Onların sözlərinə görə, bəzən valideynlər uşağa qoymaq istədikləri adın mənasından xəbərsiz ola bilərlər.

Məmur bir müddətdən sonra uşağı rəsmi olaraq “Lüsifer Şeldon” olaraq qeydiyyatdan keçirməyə məcbur olub.

Qeyd edək ki, Yeni Zelandiyada valideynlər uşağı üçün istənilən adı qoya bilər, ancaq uşağın gələcək rifahına təsir edə biləcək, lağ və ya gülüş hədəfinə çevirəcək seçimlər zamanı hökumət işə qarışır.

Lüsifer adı 2013-cü ildə Yeni Zelandiyada qadağan olunmuş adlar siyahısına daxil edilib. Bibliya mifologiyasında bu ad İblisin ləqəblərindən biri sayılır.

Oğluna İblisin adlarından birini verdi
24 iyul 2020
GO BACK