Yazılı qaynaqlarda adı X yüzildən başlayaraq "Alıncaq", "Alancıq" , "Əlincək" və "Əlincə" şəklində çəkilən qala Naxçıvan-Culfayolunun kənarında, Əlincəçayın sağ sahilində yalçın dağ üstündə yerləşir. Bu adın qədim türk dilindəki "alan" (yastı, düzənlik, meydan) sözündən yarandığı ehtimal edilir. Lakin qədim türk dilində dağın təpəsi anlamını verən "alın" və qənimət anlamı daşıyan "alınc" sözləri də olmuşdur. H. Qəzvinin məlumatına görə Naxçıvan yaxınlığında Alancıq, Surmari, Taqmar və Faqnan adlı möhkəm qalaların uçuqları yüksəlir. Elxanilər zamanı müəyyən dağıntılara uğramış Əlincə qalası sonrakı dövrdə yenidən bərpa edilmişdir.
Əlincəqalanın tikilmə tarixi haqqında müxtəlif fikirlər mövcuddur. Tarixi qaynaqlara əsaslanan bəzi tədqiqatçılar qalanı təqribən 2 min il bundan əvvələ aid edirlər. "Kitabi-Dədə Qorqud" dastanında Əlincəqala möhkəm istehkam kimi təsvir olunur. Orta əsr qaynaqlarında Əlincə adı qala, dağ, çay kimi nəzərdə tutulmuşdur. Əlincəqala haqqında tarixçilərdən Nəsəvi (XIII əsr), Şərafəddin Əli Yəzdi (XV əsr), türk səyyahı Övliya Çələbi (XVII əsr) və başqaları məlumat vermişlər. Tikinti sənətinin xüsusiyyətlərinə görə Əlincə qalası daha qədim dövrə aiddir. XII əsr erməni tarixçisi Stepanos Orbeliyan bu qalanın çox qədimlərdə tikildiyini qeyd edir.
Əlincə yüzillərlə Azərbaycanın və Yaxın Şərqin müxtəlif hakim sülalələrinə qulluq göstərsə də tarixdə daha çox Azərbaycan Atabəylərinin iqamət və xəzinə yeri kimi tanınmış, çağının ən güclü hərbi qüvvələrini məğlubyyətə uğradan böyük cahangirƏmir Teymuru belə möhkəmliyi ilə heyrətləndirmişdir. Əlincə qalası on ildən artıq sürən müqavimətdən sonra Teymurilərə1401 – ci ildə təslim olmuş və qalanın belə dözümünün səbəbini aydınlaşdırmaq üçün əmir Teymur şəxsən Əlincəyə qalxmışdır. Bəzi mənbələrdə isə qeyd edilir ki, Şah İsmayıl uşaq ikən bir müddət bu qalada gizlədilmişdir.
Əlincəqalanın müdafiə bürclərindən birinin qalıqları
Azərbaycan atabəyləri–Eldənizlərin hökmranlığı dövründə Əlincəqalanın əhəmiyyəti xüsusilə artmış, mühüm hərbi istehkam olan qala hökmdar ailəsinin təhlükəsizliyini təmin etmək üçün sığınacaq yerinə çevrilmişdi. Naxçıvan hakimi Zahidə xatunun iqamətgahı və Eldənizlərin xəzinəsi Əlincəqalada yerləşirdi. 1225-ci ildə Xarəzmşah Məhəmmədin oğlu Cəlaləddin Manqburnının Azərbaycana hücumu zamanı Eldəniz hökmdarı Özbək (1210 – 1225) Əlincəqalaya sığınmış və burada döyüşlərin birində öldürülmüşdür. Əlincəqala XIII – XIV əsrlərdə Hülakülərin, XIV əsrin II yarısında Cəlairilərin hakimiyyəti altında olmuşdur. Hakimlərindən Sultan Tahirin, kutvallarından (qala rəisi) Uztəmurun (1343), Xacə Cövhərin (1390), əmir Altunun (1390), Seyid Əlinin, Hacı Salehin və Əhməd Oğulşayinin (1401) adları bəllidir.
İspan diplomatı, Kastiliya kralı III Enrikonun 1403 – 1406 -cı illərdə Teymurilər dövlətindəki səfiri Rüi Qonsales Klavixo Əlincə qalanı belə təsvir etmişdir: "Əlincəqala yüksək və sıldırım bir dağ üzərində qərar tutaraq divar və bürclərlə əhatə olunmuşdur. Divarların daxilində, dağ yamaclarının aşağı tərəflərində üzümlüklər, bağlar, zəmilər, otlaqlar, bulaqlar və hovuzlar vardır. Qəsr və ya qala dağın zirvəsində yerləşir".
Arzu Hüseynova