Qadin.NET / Roma mədəniyyəti - 2

Roma mədəniyyəti - 2

Klassik dövr Roma ədəbiyyatının ən görkəmli nümayəndələri M.P.Vergili, Horatsi və Ovidi olmuşdur. Bu dövrdə Roma ədəbiyyatının şöhrəti yalnız Roma imperiyasında deyil, bütün İtaliyada geniş yayılmışdı. Maron Publi Vergili (e.ə. 70. Mantuya - e.ə. 19) yaradıcılığa şerlə başlamışdır. Bukolik şerlər məcmuəsinə (yunanca bykolos-çoban mənasındadır. Bukolik poeziya antik janrdır. Bu janr yeni Avropa ədəbiyyatında da inkişaf etmişdi. Burada kənd həyatı, təbiət cizgiləri, çoban həyatı idealizə edilərək, şəhər mədəniyyətinə qarşı qoyulur. Həmin janrın banisi Feokritdir. E.ə. IV əsrin sonu III əsrin I yarısında yaşamış bu yunan şairinin 90-a yaxın şeri bizə gəlib çatmışdır.) daxil edilmiş “Çoban nəğmələri”, “Georgiklər” (“Əkinçilər haqqında poema” e.ə. 36-29) əsərlərində çoban həyatı, təbiət gözəllikləri və sadə kəndli əməyi tərənnüm olunur. Vergiliyə dünya şöhrəti qazandıran Homerin “İliada”-sının təsiri ilə yazdığı “Eneida” poeması olmuşdur. İmperator Avqustun əfsanəvi əcdadı hesab olunan troyalı Eneyin səyahət və müharibələrindən danışılan bu əsərdə Romanın aktual siyasi problemləri öz əksini tapmışdır.

Roma mədəniyyəti - 2

E.ə. I əsrin II yarısında imperator Avqustun hakimiyyəti dövründə Roma ədəbiyyatı ən yüksək inkişaf mərhələsinə çatdı. Bu dövr Roma ədəbiyyatının “qızıl dövrü” adlandırılır. Lakin imperiya dövrü Roma ədəbiyyatının gələcək inkişafı üçün həm əsas olmadı, həm də onun tənəzzülünə səbəb oldu. Belə ki, imperator Avqustun Ovidini sürgün etdirməsi bu prosesi daha da sürətləndirdi. Klassik dövrdən sonrakı Roma ədəbiyyatı üç mərhələyə ayrılır:

1. Eramızdan əvvəl I əsrin I yarısı və ortaları;

2. Eramızın I əsrinin sonu, II əsrinin əvvəli;

3. Eramızın II əsri və III əsrinin əvvəli.

Eramızın IV-V əsrlərində xristian ədəbiyyatı geniş yayılır. VI əsrin sonlarında isə Roma ədəbiyyatı zəifləyir və tarixin keçmiş səhifəsinə çevrilir.

Roma musiqisi ellinizm mədəniyyətinin təsiri altında inkişaf edərək, məişətə əsaslanan musiqili poetik janrlar (toy, yas, ziyafət və s.) yaranırdı.

İmperiya dövründə musiqi mədəniyyəti xüsusilə rəngarəng olmuşdur. Roma musiqi aləmində yunan kifaraçıları, İsgəndəriyyə müğənniləri, Əndəlis rəqqasələri fəaliyyət göstərmişlər. Eramızın I əsrinin sonunda imperator Domisian “Kapitoli yarışları”-nın əsasını qoymuşdur. Burada həm şairlər, həm də musiqi xadimləri təmsil olunmuşlar. Bu dövrdə müğənni Tigelli, aktyor-müğənni Apelli, kifaraçı Kritli Mesomed və s. şöhrət qazanmışdır. Roma incəsənəti Antik bədii mədəniyyətin inkişafında sonuncu mərhələdir (E.ə. VIII-IV əsrlərdə, yəni qədim Roma bədii mədəniyyətinin formalaşdığı dövrdə Roma memarlığında etruskların güclü təsiri olmuşdur. Etrusklar e.ə I minillikdə Apennin yarımadasının şimal-qərbində, indiki Toskanada yaşamış tayfadır. Onlar romalılardan əvvəl zəngin bir mədəniyyət yaratmışlar. E.ə. VII əsrdə Etruskların yazısının, mədəniyyətlərinin çiçəkləndiyi dövrdə onların dini və dünyəvi ədəbiyyatları olmuşdur. Təxminən 10 min etrusk yazılı abidəsi elmə məlumdur.).

Roma mədəniyyəti - 2

E.ə. II əsr, I əsrin I yarısında qədim Roma tikililərinin əsas tipləri, yəni bazilika, term, tağlı körpülər, su kəmərləri və s. yaradılmış və getdikcə təkmilləşdirilmişdir. E.ə. III-I əsrlərdə təsviri

sənətdə portret-heykəllər və büstlər əsas yer tutmuşdur.

Memarlığın əsas müvəffəqiyyəti imperiyanın yüksəlişi dövrünə, yəni e.ə. I əsrin 20-ci illəri və eramızm II əsrinə təsadüf edir. Memarlıqdan imperatoru şöhrətləndirmək və imperiyanın qüdrətini təbliğ məqsədilə daha geniş istifadə etmişlər. I əsrin ortalarında möhtəşəm memarlıq kompozisiyaları yaradılmışdır. Roma şəhərində “Qızıl ev” adlandırılan Neron sarayı, Flavilər sarayı, Flavilər dövründə Kolizey, Adrianın zamanında Panteon abidələri gözəl memarlıq nümunələridir. Son dövr Roma incəsənətində yaradılmış bədii formalar orta əsr Avropa bədii mədəniyyətinin təməli sayılır.

Sədaqət Məmmədova

30 avqust 2014
GO BACK