Qadin.NET / Çin mədəniyyəti

Çin mədəniyyəti

 

Çin mədəniyyəti

 

Qədim Çin mədəniyyəti müxtəlif istiqamətlərdə inkişaf etmişdi. Bu ölkədə fəlsəfə, riyaziyyat, astronomiya və tibb elmləri sahəsində müvəffəqiyyətlər qazanılmışdı. Astronomiya elminə xüsusi diqqət yetirilir, Çin padşahları təqvim düzəltmək, günün və ayın tutulacağı vaxtı müəyyənləşdirmək üçün xüsusi komissiyalar təşkil edirlərdi. Onlar maqnit sahəsinin mövcudluğuna və maqnit əqrəbinin xüsusiyyətlərinə də bələd idilər. Eyni zamanda barıtı ixtira edib fişəng üçün istifadə edirdilər. 

E.ə. VI-III əsrlərdə fəlsəfi fikrin sonrakı inkişafında mühüm rol oynamış konfusiçilik, moizm, legizm, daosizm məktəblərinin formalaşdığı dövrdə Çində fəlsəfə meydana çıxmışdır. Qədim Çin fəlsəfəsi daha çox etnik-siyasi xarakterə malik olmuş, onda qneseoloji və ontoloji məsələlərin tədqiqinə az yer verilmişdir. Filosoflar dövlət işlərində təmsil olunmuş, Si padşahlığında fəlsəfə akademiyası yaradılmışdı. İdarəçilik prinsipləri haqqında ilk təlimin banisi Konfusinin fəlsəfi görüşlərinə dair məlumatlar onun şagirdləri tərəfindən “Lunyuy”, (“Söhbətlər və mühakimələr”) traktatında öz əksini tapmışdır. Çinlilərin göylərin ilahi gücünə ənənəvi etiqadı Konfusinin nəzəriyyəsində də əsaslandırılırdı. Baş allah Göy çinlilərdə əsas qüvvə və yer üzündəki bütün nemətlərin mənbəyi hesab olunurdu. Kahin və məmurlar Çin dövlətini “Göyaltı imperatorluğu” adlandırırdılar. Çinlilərin təsəvvürünə görə Çin dövləti Göy allahı tərəfindən idarə olunurdu. Onlar Göy allahı üçün gümbəz şəkilli məbədlər tikir və gümbəzləri göy rəngli çini və ya saxsı kirəmitlə örtürdülər.

Çinlilərdə əcdadlara sitayiş də inkişaf etmişdi. Qədim Çində adlı-sanlı adamların dəfn mərasimində bəzən insan qurbanları da verilirdi (bu qurbanlıq insanlar mərhumla bərabər diri dəfn olunurdular).

 

Qədim Çində fəlsəfi fikrin inkişafına “inyan” naturalist fəlsəfi məktəbi də əhəmiyyətli təsir göstərmişdir. Bu təsir zəif qadın qüvvəsi “in” və güclü kişi qüvvəsi “yan” arasındakı qarşılıqlı əlaqə haqqında qədim baxışlarla bağlı olmuşdur. Sonradan bu ideyalar ilkin beş ünsürün-metal, ağac, su, od və torpağın qarşılıqlı çevrilməsi təlimi ilə birləşərək əzəli “si” (buxar, efır) ilk ünsürü ilə nəticələnərək bütün fəlsəfi məktəblər tərəfindən mənimsənildi.

E.ə. III əsrdə isə moistlər materialist idrak nəzəriyyəsini inkişaf etdirdilər. Böyük Çin materialist filosofu Van Çunun (I əsr) fikrincə,

dünyanın əsası əbədi mövcud olan “yuan si” maddi substansiyasıdır; yüngül hissəciklər (“yan si”)-göyü və kosmosu, qatı hissəciklər (“in si”)-torpağı və göy cisimlərini yaradır. Onların qarşılıqlı təsiri isə bütün mövcudatı meydana çixarır. Çində buddizm fəlsəfəsi

Çin fəlsəfi ideyasının ünsürlərini mənimsəməklə inkişaf etmiş, buddizmdə bəzi cərəyan və təriqətlərin yaranmasına səbəb olmuşdur. Çin yazısı da qədim tarixə malikdir. Bu, öncə çox sadə, getdikcə mürəkkəbləşən Çin heroqliflərinin inkişafından aydın görünür.

Qədim Çin yazısında iki minə qədər işarə olmuşdur. Onlar yazı yazmaq üçün xüsusi firçalar işlətmişlər. E.ə. III-I əsrlərdə “Erya”, “Fanyan”, “Dialektlər” lüğətləri tərtib olunmuşdur. Syuy Şenin heroqliflər lüğəti hələ də öz əhəmiyyətini itirməmişdir. Dünyanın ən qədim ədəbiyyat nümunələri içərisində Çin ədəbiyyatının da özünəməxsus yeri vardır.

“Şitszin” ilk Çin ədəbi abidəsidir. E.ə. IV əsrin ortalarında Çu çarlığı zamanı əsasını xalq yaradıcılığından götürən “Çu şeri” janrı yaranır. Bu janrın görkəmli nümayəndəsi Tsyuy Yuanın yaradıcılığında zülmə, haqsızlığa nifrət, onlarla mübarizə, xalqa məhəbbət hissləri öz əksini tapmışdır. E.ə. V-III əsrlərdə fəlsəfi və tarixi məzmunlu nəsr əsərləri - “Qo yuy” (“Çarlıqların tarixi”), “Çuntsyu” (“Salnamə”), “Çjuan tszı”, “Syun tszı”, “Men tszı” və s. traktatlar geniş yayılmışdı. E.ə. I əsrdə Sım Tsyanın “Şi tszi” (“Tarixə aid qeydlər”) əsəri xan sülaləsi dövrünün parlaq nümunələrindəndir.

 

Çin mədəniyyəti

 

 

Çinin ən qədim incəsənət abidələri e.ə. III minilliyə aiddir. E.ə. I minilliyin ortalarında burada memarlıq və şəhərsalma təşəkkül tapdı.

Qədim mədəniyyət abidələri içərisində “Böyük Çin səddinin (uzunluğu 2500 km-ə qədər) böyük əhəmiyyəti vardır. Böyük Çin səddinin əsas hissəsi Sin dövləti dövründə (e.ə. 221-207) tikilmişdir. O, əvvəlcə gil və torpaq qarışığından tikilmiş, sonralar divar səddin üzünə kərpic və böyük yastı daşlar çəkməyə başlamışlar. Bu divar Xuanxe çayını bir neçə yerdən kəsərək düzənlik və dağlardan keçir. Böyük Çin səddinin hündürlüyü 10 metrə, qalınlığı 6 metrə çatır. Divarın bütün uzunluğu boyu birbirindən müəyyən məsafədə dördbucaqlı möhkəm bürclər və onların altında qapılar tikilmişdir. Bu sədd şimaldan gələn hunların hücumlarından müdafiə məqsədilə çəkilmişdir.

Çin musiqi və teatr mədəniyyəti də qədim köklərə malikdir. Əsasən bir səsli olub e.ə. VII əsrdə yaradılan, pentatonika üzərində qurulan Çin xalq musiqisi sonralar 7 və 12 səsli sistemlərə çevrilmişdir.

Çin teatrının əsası xalq mahnı-rəqs yaradıcılığı və sirk janrları elementlərini birləşdirən “bay si” (“yüz tamaşa”) formaları ilə əlaqədardır. Beləliklə, deyilənrləndən aydın olur ki, digər Şərq dövlətləri kimi Çinin də çox yüksək mədəniyyəti olmuşdur. Çin mədəniyyətinin bəzi nailiyyətləri qədim dövrlərdə başqa ölkələrə-Hindistana, Ərəbistana daha sonralar Avropaya keçmişdir.

Sədaqət Məmmədova

22 avqust 2014
GO BACK