Qadin.NET / Azərbaycan Xalq Cümhuriyyəti, yoxsa Demokratik Respublikası?

Azərbaycan Xalq Cümhuriyyəti, yoxsa Demokratik Respublikası?

1918-ci ildə yaranmış Azərbaycan dövlətinin əsl adı nə olub - Azərbaycan Xalq Cümhuriyyəti, yoxsa Azərbaycan Demokratik Respublikası?

Azərbaycan Xalq Cümhuriyyəti, yoxsa Demokratik Respublikası?

Bəzi tarixçilər ADR, bəziləri AXC yazır. Bəs bunların hansı düzdür?

 

Altay Göyüşov (tarixçi alim):

 

Hər ikisi düzdür. Əslində, o dövrün sənədlərində "Azərbaycan Cümhuriyyəti" kimi qeyd edilib. Ancaq respublikanın demokratik olması "İstiqlal" bəyannaməsində xüsusi olaraq qeyd edilir.

 

Bəyannamənin 2-ci maddəsində göstərilir ki: "Müstəqil Azərbaycan dövlətinin şəkili-idarəsi Xalq Cümhuriyyəti olaraq təqərrür ediyor".

 

Sonrakı maddələrdə də "Azərbaycan Xalq Cümhuriyyəti" deyə təkrar olunub.

 

Rus dilinə isə "Azerbaydjanskaya Demokratiçeskaya Respublika" kimi tərcümə edildi və qısadılmış ADR yazıldı. O dövrdə bəzi sənədlər, yazışmalar rus dilində aparılırdı. Onda AXC-ni ADR kimi qeyd edirdilər. "Cumhuriyyət" sözünü "respublika", "xalq" sözünü isə "demokratiya" kimi tərcümə etmişdilər.

Azərbaycan Xalq Cümhuriyyəti, yoxsa Demokratik Respublikası?

İstiqlal bəyannaməsinin fransızca mətnində AXC Demokratik Respublika kimi tərcümə olunur

 

Cəmil Həsənli (tarixçi alim):

 

"Respublika" sözü kimi o dövrdəki Azərbaycan-türk dilində "Cümhuriyyət" işlənirdi. Sovet dövründə cümhuriyyət sözü leksikondan çıxdı.

 

O cümlədən, sovet dövründə Azərbaycan Xalq Cümhuriyyəti haqqında yazılan kitabların, məqalələrin əksəriyyəti rus dilindədir.

 

Rus dilində yazıldığı üçün AXC də ADR kimi qeyd edildi və beləcə, ictimai fikirdə daha çox qaldı.

 

Amma Cümhuriyyətin ərəb əlifbası ilə yazılmış ilk sənədində dövlətin adı Azərbaycan Xalq Cümhuriyyəti kimi göstərilib.

 

1918-1991: Bir müstəqilliyin iki bəyanı

"Qafqazın Pensilvaniyası" - Bakı və I Dünya Müharibəsi

21-ci ilin Qars müqaviləsi: bu necə baş verdi?

Azərbaycan Xalq Cümhuriyyəti, yoxsa Demokratik Respublikası?

Azərbaycanın nümayəndə heyətinin prezidenti Əlimərdan Topçubaşovun Paris Sülh Konfransına ünvanladığı məktublarda Azərbaycanın adı fransızca Azərbaycan Respublikası olaraq yazılıb

Şirməmməd Hüseynov(jurnalist-tədqiqatçı):

 

Dövlətin adı Azərbaycan Xalq Cümhuriyyətdir, sənədlərdə bu cür göstərilib. Vaxtilə rus dilinə düzğün tərcümə edilməyib.

 

İndi təsəvvür edin, Çin Xalq Respublikası var, kim onu "Kitayskaya Demokraticeskaya Respublika" adlandıra bilər? Tərcümə edilir: "Kitayskaya Narodnyaya Respublika".

 

Heydər Əliyevin vaxtında televiziya ilə çıxış elədim, dedim ki, Azərbaycanda ADR adında dövlət olmayıb.

 

Heydər Əliyev Milli Arxiv İdarəsinin o vaxtkı rəhbəri Ataxan Paşayevi yanına çağırıb ki, orijinalı mənə gətirin. İstiqlal bəyannaməsini ona aparıblar, oxudub ki, orda dövlət Azərbaycan Xalq Cümhuriyyəti adlandırılır.

 

Ondan sonra dedi ki, bəs niyə Demokratik Respublika adlandırırsız. Bundan sonra onun AXC ilə bağlı sərəncamlarında Azərbaycan Xalq Cümhuriyyəti yazıldı.

 

Hesab edirəm, dövlətə nə ad veriblərsə, o adla da adlandırılmalıdır.

 

Mənbə: BBC News Azərbaycan

28 may 2019
GO BACK