Niyə qolumuzdakı saatı bir müddət sonra hiss etmirik?
Hər bir insanın dərisi gün ərzində geyimlərlə təmasda olur. Amma onları həmişə hiss etmir. Gecə yatarkən üstünə çəkdiyi yorğanla, qoluna taxdığı saatla ya da oturduğu kreslo ilə təmasda olduğunu da daim qavramır. Bunun vacib səbəbi var. İnsan dərisindəki qəbuledicilər müəyyən müddətdən sonra beyinə və dəriyə təmas edən maddə ilə əlaqədar siqnalları göndərməyi dayandırırlar. İnsan dərisi onunla təmasda olan maddəyə qarşı vərdiş qazanır və onunla bağlı hisslər müəyyən müddətdən sonra dayandırılır.
Bu, Allahın bədənimizdə yaratdığı möcüzəvi bir sistem və mükəmməl xüsusiyyətdir. Bir çox insan bu cür təfərruatların fərqinə belə varmır. Amma onu da qeyd etmək lazımdır ki, heç bir narahatlıq duymadan yaşamaq mükəmməl sistemin qüsursuz şəkildə işləməsi ilə mümkün olur.
Bədəndəki öyrəşmə mexanizmi olmasaydı, geyinmək kimi adi bir hadisə insana böyük çətinlik yaradardı. İnsanın üzərindəki geyimləri daim hiss etməsi əziyyətə çevrilər və toxunduğu əşyalardan gələn siqnalları qəbul edəndə çətinlik çəkərdi. Daim geydiyi corabın ayağını nə qədər sıxdığını, saatın biləyində daim hərəkət etdiyini düşünmək məcburiyyətində qala bilərdi. Bu səbəbdən rahat yata bilməz, istirahət edə bilməz, həyatı olduqca çətinləşərdi.
Hiss duyğusu bir nemət olduğu kimi, hissin zamanla itməsi də insana verilmiş böyük nemətdir. Tək bir xüsusiyyət insanın həyatını asanlaşdırır və onun rahat yaşamasına səbəb olur. Təkamülçülərin xəyali mexanizmlərinin isə insan bədəninin nəyə ehtiyacı olduğunu müəyyən edən şüuru yoxdur. Bu neməti insana təqdim edən bütün varlıqların bütün ehtiyaclarını ödəyən Allahdır.
Dəri
Oxuduğunuz bir kitabın səhifələrini asanlıqla çevirə bilirsiniz. Çünki əlləriniz səhifələri hiss etməkdə heç bir problem yaratmır. Eyni şəkildə düz, sürüşkən səthi olan cisimləri də məsələn, stəkanları da əlinizə alıb apara bilirsiniz. Bir tükə toxunduqda yumşaqlığını, bir qayanı tutduqda bərkliyini hiss edə bilirsiniz. Çünki dəriniz bütün bunları qəbul edib beyninizə lazımi siqnalları göndərərək sizin cisimləri beyninizdə qavramağınıza kömək edən xüsusiyyətə malikdir.
İnsan dərisinin altında yerləşən toxunma sinirləri çox həssasdır və bədənə səpələnmişdir. Ən çox sinir ucu barmaq uclarında yerləşir. Bu da sizə hərəkət asanlığı verir və heç bir rahatsızlıq olmur. Bununla yanaşı daha “əhəmiyyətsiz” yerlərdə məsələn, kürəkdə az sayda sinir ucu var. Bu çox mühüm üstünlükdür. Bunun əksini düşünək: barmaq uclarının çox hissiyyatsız olduğunu, bütün sinir uclarının kürəkdə toplandığını fərz edək. Bu halda şübhəsiz, olduqca çətin vəziyyət olardı. Əlimizdən düzgün istifadə edə bilməz, lakin kürəyimizə toxunan ən kiçik maddəni məsələn, paltarımızın qırışlarını hiss edərdik. İnsan dərisi bir çox təbəqədən əmələ gələn, içində hiss edici sinirlər, qan dövranı kanalları, ventilyasiya sistemləri, temperatur və nəm nizamlayıcıları olan, lazım gəldikdə, qalxan kimi Günəş şüalarından bədəni qoruyan mürəkkəb orqandır. Bu xüsusiyyətlərinə görə dərinin bir hissəsinin zədələnməsi insan üçün həyati təhlükə ola bilər.
Bir-birindən tamamilə fərqli quruluşlardan əmələ gələn dərinin alt hissəsində yağdan ibarət təbəqə var. Bu yağ təbəqəsi temperatura qarşı izolyasiya funksiyasını yerinə yetirir. Bu təbəqənin üstündə dəriyə elastiklik verən və böyük hissəsi zülallardan ibarət başqa təbəqə də var.
Dərimizin 1 sm dərinliyinə baxsaq, məhz bu yağların və zülalların əmələ gətirdiyi çox müxtəlif damarların da olduğu qeyri-estetik, hətta ürpərdici görüntü ilə qarşılaşarıq. Dəri bütün bu quruluşları örtən xüsusiyyəti ilə həm bədənimizə estetik görüntü verir, həm də bütün xarici təsirlərdən qorunmağımıza kömək edir. Dərimizin bizim üçün zəruri olan vəzifələrindən bir neçəsini saymaq və onların üzərində düşünmək dərimizin varlığının nə qədər vacib olduğunun başa düşülməsi üçün kifayətdir.
İnsan dərisi orqanizmin su tarazlığının pozulmasının qarşısını alır, davamlı və elastikdir, öz-özünü təzələyə bilir, bədəni zərərli şüalardan qoruyur, xarici aləm ilə əlaqəni təmin edir, soyuq və ya isti havalarda bədənin temperaturunu tənzimləyir.
Hər cür ehtiyacı təmin edən təkmilləşmiş kondisioner və həssas detektor kimi hərəkət edən insan dərisi həm estetik cəhətdən, həmdə insanı qoruyan xüsusiyyətlərilə yaradılmış nemətdir. Təkcə bir xüsusiyyəti haqqında çoxsəhifəli kitablar yazılan dəri yaradılışdakı ehtişamı bizə bir daha göstərir.
İzhar Kazımov