İnsan qidalanmadan 1-2 həftə yaşaya bilər, su içmədən isə 3-4 gündən çox yaşaya bilməz. İnsan bədəninin 75%-i sudan ibarətdir. Tərləmə və tənəffüs vasitəsilə insan gündə 2-3 litr su itirir. İtirilən su susadıqdan sonra içilən su ilə kompensasiya edilir.
Bəs susamasaydınız, nə baş verərdi?
Su bütün canlılar üçün olduğu kimi insanlar üçün də ən vacib həyat mənbəyidir. Suyun bədən temperaturunun nizamlanmasında, qida maddələri və oksigenin daşınmasında, tullantı maddələrinin hüceyrələrdən uzaqlaşdırılmasında və həzmin asanlaşdırılmasındakı rolu əvəzsizdir. Bundan əlavə su orqan və toxumaları da qoruyur. Məsələn, hüceyrələrimizi əhatə edən suyun yalnız 2%-ni itirsək, təxminən 20%-lik enerji itirər və yorularıq. Təkcə bu misal suyun insan həyatında nə qədər əhəmiyyətli olduğunu anlamaq üçün kifayətdir.
Su dedektivi hipotalamus
Gün ərzində insan bədəni üçün vacib olan suyun miqdarında baş verən ən kiçik dəyişikliyi belə qavrayan sistemlər var. Bunlardan birincisi beynimizin bir noxud dənəsi böyüklüyündə olan hipotalamus mərkəzidir. Qanda su nisbəti azalan kimi hipotalamusun altında yerləşən 1 sm-lik hipofiz vəzi (antidiuretik) “ADH” adlı hormon ifraz edir.
Bu hormon qan dövranı vasitəsilə uzun səfərə çıxır və böyrəklərə çatır. Böyrəklərdə eynilə bir qıfılın açara uyğun gəlməsi kimi, bu hormona uyğun xüsusi qəbuledicilər var. Hormonlar bu qəbuledicilərə çatanda böyrəklər dərhal suya qənaət etməyə başlayır və su itkisini minimuma endirir.
Əgər hipofiz hormonu və bu hormonun “su istehlakını azaldın” əmrini anlayıb tətbiq edən böyrək hüceyrələri olmasaydı, susuzluqdan ölməmək üçün gündə 15-20 litr su içməli olardıq. Bu suyu daim xaric etməli olduğumuzdan yatmağımız və ya bir yerdə uzun müddət oturmağımız mümkün olmazdı.
Susama hissi
Hipotalamus hipofiz və ADH-dən ibarət olan bu mükəmməl sistemin qüsursuz işləməsi yaşamağımız üçün kifayət deyil. Biz su içməyimizin və nə qədər su içməyimizin lazım olduğunu bilməliyik. Bunun üçün insan susama hissi ilə birlikdə yaradılmışdır. Bədənimizdə hər şeyin nöqsansız olduğunu, amma yalnız susamadığımızı fərz edək. Bu halda, anadan olandan bir müddət sonra susuz qalıb ölərdik. Susama hissimiz olmadığı üçün niyə özümüzü pis hiss edib ölümə doğru getdiyimizi də anlamazdıq. Halbuki, insan doğulduğu andan etibarən su içməyin nə qədər vacib olduğunu bilir. Qüsursuz şəkildə yaradılmış bu həyati sistem sayəsində bədənimizdəki su tarazlığı qorunur.
İzhar Kazımov