Qadin.NET / Məzuniyyət zamanı necə istirahət etməli?

Məzuniyyət zamanı necə istirahət etməli?

Məzuniyyət zamanı necə istirahət etməli?
Gözəlliyin və sağlamlığınızın qorunub saxlanması, iş qabiliyyətinin bərpası üçün ən yaxşı vaxt məzuniyyətdir. Məzuniyyət həm istehsalatda işləyən, həm də ev işləri ilə məşğul olanlara lazımdır. Lakin o, düzgün təşkil edilməlidir. Axı sizin bütün il ərzində əhval-ruhiyyəniz necə istirahət edəcəyinizdən asılı olacaqdır.
Bayram günlərini tam fiziki və psixi istirahətə həsr etmək lazımdır. Buna ətraf mühitin dəyişməsi, xoşa gələn işlərlə məşğul olmaq, məsələn, bağda işləmək, gəzintiyə, muzeylərə, tarixi yerlərə, tarixi abidələr olan yerlərə ekskursiyaya və s. getmək yaxşı kömək edir. Doyunca yatmağı da unutmaq olmaz. Bir-iki gün yatıb istirahət etmək, sonra isə ev işləri ilə məşğul olmaq olar. Belə halda nəinki ev işləri tez görüləcək, həm də çox qüvvə sərf olunmayacaqdır.
İşin xarakterindən asılı olmayaraq hamıya məsləhət görmək olar ki, yatıb yuxularını əməlli-başlı alsınlar, mütləq nahardan sonra istirahət edib, açıq havada gəzsinlər.
İstirahətin formasını sizin fəaliyyətinizin xarakteri müəyyən edir. Oturaq işlə işləyən qadınlar məzuniyyəti aktiv formada keçirməlidirlər. Eyni zamanda ağır fiziki işdə işləyənlər məzuniyyətini daha sakit vəziyyətdə, yəni kitab oxuyaraq, teatra, kinoya getməklə, açıq havada keçirməlidirlər.
Məzuniyyət zamanı necə istirahət etməli?
Bir çoxları belə zənn edirlər ki, istirahətin ən səmərəli istirahət forması passiv istirahət, yəni əlini ağdan-qaraya vurmamaqdır. Əslində səhhətin vəziyyətindən, maraq və vərdişdən asılı olaraq fəal istirahətin bir neçə forması ola bilər. Bəziləri ancaq o vaxt yaxşı istirahət edirlər ki, əllərinə maraqlı kitab düşür, digərləri tənha gəzintiləri, ya da maşın sürməyi, üçüncülər isə başda işləməyi, ya da idmanla məşğul olmağı xoşlayırlar.
Kurortda istirahət edərkən onun sağlamlaşdırıcı amillərindən, yəni mineral sulardan, vannalardan və digər fizioloji terapevtik prosedurlardan mümkün qədər səmərəli istifadə etmək haqqında düşünmək lazımdır.
Məzuniyyət zamanı necə istirahət etməli?
İdman, ya da turist düşərgələrində istirahət etmək problemi xüsusi müzakirə edilməlidir. İstirahətin bu növünü adətən hər hansı idman növü ilə az və ya çox məşğul olmuş, ya da bu istirahətə hazırlaşmaqda ümumi səriştəsi olan adamlar seçirlər.
Öz idman tanışlarının məsləhəti ilə məzuniyyəti daha fəal keçirməyə çalışan, ancaq buna heç bir hazırlığı olmayanların işi bir qədər çətin olur. Bu istirahətin xarakteri haqqında heç xəbəri olmayan belə adamlar öz imkanlarını şişirdir və bunun axırı bəzən faciə ilə qurtarır. 
 Fəal istirahətə hazırlıq ən azı bir ay əvvəlcədən başlanmalıdır. Bunun üçün hər gün gimnastika ilə məşğul olmalı, gəzməli, uzun gəzintilərə çıxmalı və hətta qaçmalıdırlar. Fiziki cəhətdən hazırlığı olmayanlar, oturaq həyat tərzi keçirən qadınlar ağır gərginliyə və iqlim dəyişikliyinə çox ehtiyatla alışmalıdırlar. Əks təqdirdə damar pozğunluğu, bud-baldır və bilək oynaqlarının şişi kimi gözlənilməz hallar əmələ gələ bilər ki, bunlar da ürəyə, əzələyə və oynaqlara çox yük düşdüyünə dəlalət edir.
Bu və ya digər səbəblər üzündən fəal istirahətə əvvəlcədən hazırlaşa bilməyənlər məzuniyyət zamanı ilk günlər gəzintidən və gündəlik gimnastikadan başlayıb yükü get-gedə artırmalıdırlar.
Məzuniyyət zamanı necə istirahət etməli?
Səhhətdən asılı olaraq buna turist bazasına gələndən sonra başlamaq olar. Belə məşğələlər üçün ən yaxşı səhər yeməyindən nahara kimi olan vaxtdır. Səhər yeməyindən yarım saat sonra başlamaq olar. İdmanın müddəti, idman məşğələlərindən asılı olur. Məsələn, 10-15 dəqiqə tennis oynamaq, 1-2 saat kirşə sürmək. İdman formasına düşdükdən sonra məşğələnin vaxtını uzatmaq olar, ancaq həddi keçmək olmaz.
Yuxu rejiminə riayət etmək çox vacibdir və saat 22.00-23.00-da yatağa girmək lazımdır.
16 mart 2016
GO BACK