Quşqonmaz nədir?
Bəlkədə bir çox xanımımız mənim kimi quşqonmazın hansı bitki olduğu və onun faydaları haqqında bilmir. Xəbəri hazırlayana qədər mən bu bitkinin adının quşqonmaz olduğunu bilmirdim. Bizim tərəflərdə yəni, Naxçıvanda bu bitkiyə "mərəcüvə", bəzən də "mərəçöyüt" deyirlər. Bu haqda xəbər hazırlamaq istədim və "google"-da bu adla axtarış apardım və heç bir nəticə çıxmadı. Aydın oldu ki, bu bitkinin elmi adı başqadır, "mərəcüvə" deyil. Qısa axtarışdan sonra aydınlaşdırdım ki, bu bitkiyə ruslar "sparj" deyirlər. Yenidən "sparj" adı ilə axtarış etdim və aydın oldu ki, mərəcüvə dediyimiz və yaz aylarında ən çox yediyimiz bu bitki məhz quşqonmaz imiş.
Quşqonmaz ta qədim dövrdən məlum olan bir bitkidir. Qədim romalılar və misirlilər Quşqonmazdan ərzaq kimi istifadə etmişlər. Quşqonmaz ən çox Fransa, İtaliya, Çin, Amerikada yetişdirilir. Quşqonmazın ağ, yaşıl və bənövşəyi rəngli növləri var. Quşqonmaz yumşaq torpaqlarda yetişir və çoxillik bitkidir. Quşqonmazın toxumunu əkəndən 4 il sonra bu bitkini əldə etmək olar. Quşqonmaz A, B1, B2, C vitaminləri, protein və minerallarla zəngindir.
Azərbaycanda quşqonmaz ən çox Kür və Araz çayının ətrafında bitir və ən çox rast gəlinən növü isə yaşıl rəngli quşqonmazdır. Bizim bölgədə -yəni Naxçıvanda da quşqonmaz ən çox Araz çayının sahillərində, rütubətli yerlərdə bitir. Naxçıvanda quşqonmazın yalnız bir növünə rast gəlmişəm, o da yaşıl növüdür. Əhali rasında çox sevilən bir bitkidir. Yaz aylarında demək olar ki, süfrələrin bəzəyi olur. Quşqonmazı ən çox yağda qızardıb yumurta vurmaqla, suda bişirməklə, yaxud da odda közləməklə yeyirlər.
Quşqonmazın faydaları:
1. Sidikqovucu təsiri vardır;
2. Sidik yollarını təmizləyir;
3. Həzmi yüngülləşdirir;
4. Sinirləri qüvvətləndirir;
5.Zehin yorğunluğunu aradan qaldırır;
6. Diş ağrısını sakitləşdirir;
7. Gözləri və ürəyi qüvvətləndirir;
8. Qaraciyərin işini yaxşılaşdırır;
9. Qanı təmizləyir;
10. Qandakı şəkəri endirir;
11. Üzdəki sızanaqlara qarşı xeyirlidir;
12. Dəriyə canlılıq verir.