Qadin.NET / Qonaqlığa gedənin diqqət yetirəcəyi ədəblər

Qonaqlığa gedənin diqqət yetirəcəyi ədəblər

Yaşanmış bir hekayə 

Bir ailənin tək bir ərkək övladı varmış. Ana-ata birlikdə bu gənci evləndirməyə niyyət etmişlər. Asanlıqla qız bəyənmirlərmiş. Nəhayət uzaq bir şəhərdən bir qız tövsiyə edilmiş,  onlar da taa oraya qədər getmişlər. Ev sahibi gələnləri içəri dəvət etmiş. Evin qızı bəzənərkən  anası da qəhvə bişirməklə məşğul imiş.

Qonaqlar otağının içərisində gözləyərkən tam qarşılarında böyük bir güzgü  görmüşlər, Güzgünün üzəri tamamilə toz dolu. Bir-birlərinə baxmışlar, sonra qalxaraq güzgüyə bu ibrətli  cümləni yazaraq qızın üzünü belə görmədən qapıdan səssizcə çıxıb getmişlər:

 "Maşallah bu evin qızına, nəzər dəyməsin güzgünün tozuna" 

Qonaqlığa gedənin diqqət yetirəcəyi ədəblər

Qonaqlığa gedənin diqqət yetirəcəyi ədəblər

1. İmkan daxilində gələcəyi zamanı əvvəldən xəbər vermək. Qəflətən ziyarətlərdən qaçınmaq.

2. Qonaqlığa gedənin xoca Nəsrəddinin "ye kürküm ye! " lətifəsini unutmayaraq gözəl geyinməyə və təmizliyə diqqət yetirməsi  lazımdır. Əbu Davudun Sünən kitabında keçən  peyğəmbərimizin qonaqlığa gedənlərə paltarların səliqəli və minik vasitələrini gözəl olmasını tövsiyə edən  nəsihəti unudulmamalıdır.

3. İcazəsiz  və salam vermədən evə girməmək. Ayeyi-kərimədə buyurulur ki:

“Ey iman gətirənlər! Başqalarının evlərinə (sizin olmayan evlərə) sahiblərindən icazə almadan və onlara salam vermədən girməyin." (ən- Nur, 27)

İnsanın ağılına belə bir sual gələ bilər: Görəsən şəxsin öz yaxınlarının, dostlarının yanlarına, otaqlarına girəcək zaman da icazə istəmələri lazımdırmı? Yoxsa bu icazə bir-birini tam tanımayan insanlar üçünmü etibarlıdır? Bu barədə istisnanın olmadığını  İbn Abbas (r.a) belə izah edir:

Rəsulullah (s.ə.s)-ə:

-Eyni evdə oturduğumuz, himayəmdəki yetim bacımdan  da icazə istəyəcəyəmmi? dedim. Mənə:

-"Bəli" dedi. Mən icazə verməsi üçün təkrar etdim, qəbul etmədi və: "Sən onları çılpaq görmək istəyərsənmi?" dedi. Mən:

-Xeyr, dedim.

-"O halda icazə istə" buyurdu. Rəsulullah (s.ə.s)-ə təkrar müraciət etdiyimdə mənə:

-"Allaha itaəti sevərsənmi? " buyurdu.

-Bəli, dedim.

-"O halda icazə istə" dedi.[1]

4. Qapını döymək və qapıda gözləmək: Qapı döymək və ya zəng çalınsa içəridən "kimdir?" sualına yalnız "mən" deyə cavab vermək kifayət etməz.

Bir gün peyğəmbərimizin qapısı döyüldü. Peyğəmbərimiz içəridən "kimdir?" deyə səsləndi. Çöldən "mən" cavabı gəlincə  Allah Rəsulu "mən nə deməkdir, mən kimdir?!" deyərək cavabdan razı qalmadığını ifadə etdi.[2]

Giriş qapısının sağında və ya solunda dayanmalı, üzü içəriyə doğru dönük olmamalıdır. Qapı və ya zəng 3 dəfə çalınmalı, əgər  açılmazsa orada gözlənilməməlidir. İçəridəkilər eşitmədilər deyərək qapını daha çox döymək və içəriyə girmək uyğun olmaz. Əgər yanğın, oğru hücum etməsi, zəlzələ və s. kimi pis hallar olsa o zaman icazə alma məcburiyyəti yoxdur.

Qapını döymədən əvvəl və ya gözləyərkən "görəsən içəridə kimsə varmı?" mənasında da olsa qapı və pəncərədən evin içərisinə baxmaq uyğun deyil.

5. Ziyarət saatının uyğun vaxtlarda olması lazımdır. İstirahət zamanlarında, yemək vaxtlarında, səhər erkəndən və axşam gec saatlarda getməməlidir. Uzaq yoldan gələnlər bu barədə üzrlü görülə bilərlər.

6. Qonaq, ikram edilənləri hüsnü qəbulla qarşılamalı, bəyənməməzlik, səhv və qüsur axtarma kimi hallardan uzaq olmalıdır. Ayrıca qonaq olan kimsə əlavə yeməklər və xidmətlər istəməməli və imkan daxilində ev sahibini yormamalıdır.

7. Qonağın evdə sağa sola gəzişməməsi, şkaflarla, siyirtmələrlə oynamaması da ədəbdəndir.

Loğman Həkim oğuluna nəsihət verərək demişdir ki:

"Bir çox ənbiyaya xidmət etdim, onların sözlərindən bu səkkizini xülasə olaraq seçdim. Əgər diqqətli olub bu səkkiz xüsusiyyətlə əməl etsən nicat taparsan:

1. Namazda ikən ürəyini,

2. İnsanlarla bərabərkən dilini,

3. Süfrədə ikən əlini,

4. Başqasının evində ikən gözünü mühafizə et.

Allahı və ölümü daim xatırla, başqasının sənə etdiyi   pislikləri  və sənin başqasına etdiyin yaxşılıqları dərhal unut!"[3]

8. Qonaq gedilən yerə imkan daxilində hədiyyələr aparmaq.

9. Eyni yerə insanları bezdirməmək üçün tez-tez getməmək. Yaz günəşi hər gün doğulduğu üçün çox sevilməz və arzu edilməz. Amma qış günəşi az-az çıxdığı üçün daha çox sevilər.

Əbu Hureyrə (r.a) günün hər saatında Allah Rəsulunu tez-tez ziyarət edərdi. Peyğəmbərimiz ona: "Ey Əbu Hureyrə, yalnız günaşırı gəl ki, söhbətin daha çox olsun" demişdir.

10. Qonaqlıqda çox qalmamaq lazımdır. Bu mənada Azərbaycan şifahi xalq ədəbiyyatında belə bir deyim var:

Qonaq birinci gün qızıldır,

İkinci gün gümüşdür,

Üçüncü gün misdir,

Dördüncü gün pisdir.

Qonaqlıqda çox gəlib az qalmaq bir prinsip olmalıdır. Altay atalar sözündə deyilər ki:  "Balık və qonaq üç gündə iy verər."

Qonağa ikram üçün yeməyin bolca hazırlanması israf sayılmaz. (Hz. Aişə)

28 sentyabr 2010
GO BACK