ÜRƏYİM BİR QİTƏ, SƏNSƏN FATEHİ
Sənlə yol gedərəm dumanda, çəndə,
Səninlə çoxalar ömrümün nuru.
Sədaqət, etibar görmüşəm səndə,
Sən aydan arısan, sudan da duru.
Mən sirli dünyaydım dərəli-dağlı,
Orda olmamışdı belə at çapan...
Mənim ürəyimin qapısı bağlı,
Ora olmamışdı hələ yol tapan.
Üstümə çiləndi səhərin mehi,
Yollardan çəkilib getdi duman-çən.
Ürəyim bir qitə, sənsə fatehi,
Gəlib fəth elədin bu qitəni sən.
SƏN MƏNİ BAĞIŞLA, MƏN DƏ Kİ, SƏNİ...
Buludlar toqquşdu, ildırım çaxdı,
Elə bil dağ çayı tərsinə axdı.
Ömrümün kövrələn, bu payız vaxtı,
Gəl qovaq yollardan dumanı, çəni,
Sən məni bağışla, mən də ki, səni...
Ağ ilə qaranı seçə bilməsən,
Bu qəm adasında köçə bilməsən,
Mənim günahımdan keçə bilməsən,
Vaxtsız çoxalacaq saçımın dəni,
Sən məni bağışla, mən də ki, səni...
Dərdin yaxını az, uzağı çoxdur,
Baxtın öz qarası, öz ağı çoxdur.
Onsuz da dünyanın sazağı çoxdur,
Şaxtalar vurmamış çölü, çəməni
Sən məni bağışla, mən də ki, səni...
Artıq olan olub, keçən keçibdi,
Dəvələr yuklənib, karvan köçübdü.
Alın yazısını tanrı seçibdi,
Qoyaq ortalığa yaşıl səməni,
Sən məni bağışla, məndə ki, səni...
Vaqif Məmmədov