Qadin.NET / "Yaşamaq" Xəlil Rza Ulutürk

"Yaşamaq" Xəlil Rza Ulutürk

 

Yaşamaq

"Yaşamaq" Xəlil Rza Ulutürk

Deyirsən: çətindir düzgün yaşamaq.

Əlbəttə çətindir: diz atıb yerə

Dağları qaldırmaq bir cüt əlinlə.

Əlbəttə çətindir: tufanları tək

Yarıb köksün ilə,

o taya keçmək!

 

Deyirsən: çətindir məğrur dolanmaq!

Əlbəttə çətindir: bütün ormanlar

Solub saraldıqda,

tən ortalıqda

Küknar ağacı tək yamyaşıl qalmaq.

Dirilik suyunu qaranlıqdan yox,

Öz qəlbin dolusu işıqdan almaq !

 

Deyirsən: çətindir mərdlik, mətinlik.

Bəs necə?

Səadət gəlirmi asan?

Qayalı dağları sən külünglə yox,

Polad dırnağınla qoparmalısan!

Anadan saf olur çocuq, deyirlər.

Saflığı sonadək qorumaq çətin.

Bəs necə?

Asanmı yetişir məgər

Qızıldan bahalı kişi qüdrəti!

 

Məni çətinlikdən çəkindirmə, dost!

Mənim nəyim var ki, saflıqdan savay?

Nəyim var sənətin ön cəbhəsində

Gündəlik döyüşdə paklıqdan savay?

 

İldirim vurarsa məğrur çinarı,

Çəkməz, ayaq üstə çinar düz yanar. 

Yansa da, bilər ki, başından barı

Düzlük atəşinin qızıl tacı var.

Ömür bahasına zülmət yarar.   

 

Xəlil Rza Ulutürk (1977)

 

 

 

7 iyul 2019
GO BACK