Qadin.NET / Ali Khayyam-Yol

Ali Khayyam-Yol

Ali Khayyam-Yol

 

Düz-qoş da yenə bu dəfə

Yenə dəyiş də hər şeyi

Bu şəhərin qaş-qabağından başla ilk

Sonra keç ürəklərə

Sil bunların bu beş qəpiyə dəyməz qeyrətini

 

 

Atamı öldürən Əzrailin də mələy olduğuna inandıra bilmərsən məni

Səninlə danışdığıma baxma

Mən heç sənə də inanmıram

 

 

Tanrı, sənin də bir tanrın var

İnanıram buna

Tanrının da bir Tanrısı var

Atamın atası kimi

Anamın anası kimi

 

 

Onsuzluq hər gün ürəyimə köz atar

Onu başqa bədənlərə yadigar vermək

Dodaqlarında nəfəs tapan həyatıma

Tanrını öyrətməy üçün ehtiyacım var dodaqlarına

 

 

Gəl asaq özümüzü

Peşmançılıq üçün nə qədər gec olsa

O qədər yaxşıdı

Mənimlə öpüşəndə bunu bilirdin

Qaraların cəmiyyətində

Sən ağ bir dəhliz

Xilasın yolu

 

 

Heç bir yerin əhli deyil

Bu asi sevgi

Düşməli bir nəfər əzab atəşlərinə

Yanmalı bir nəfər

Aparmalı özüylə cəmiyyəti uçurumdan aşağı

Boşalmalı Bakı

Təmizlənməli toz-torpaq

Bizim olmalı bütün küçələr

 

 

Elə bilirsən bidəlildi batan günəş?!

Şairlikdən asandı sevmək

Şairlikdən asandı basıb getmək

Dişini sıxıb getmək çətindi

Ətini didib getmək çətindi

 

 

Amma mistik bir şəhər var heç kəsin bilmədiyi

Orda hələ də insanlar sevməyi bacarır

Hələ də əllərdə yox, qucaqlarda daşınır güllər, qarların üstündə

Hələ də ora ad qoymuyub kimsə

Ayırmıyıb, bütün ayrılıqları yaradan cinayətkarlar kimi

Bir yol var, hansısa bir yol

Bəlkə İçəri şəhərin bilinməyən bir küçəsində

Bəlkə beş mərtəbədə

Bir yol var, əminəm, bir yol

O yol xilas

O yol samsara

 

 

Bilirəm, sən o şəhərdən yolunu azıb

Ya İçəri şəhərin bilinməyən o küçəsindən

Ya da ki beş mərtəbədən girmisən bu cəhənnəmə

Gözlərin səni satır, gözlərin

 

 

Bir gün, o yolu tapacam

Səni gic-gicə bir yalanla aldadıb

Aparacam ora

Bənövşeyi olacaq o yol

 

 

Bərk qaç deyəcəm, bərk

Bir az da döz, bir az

Saçlarının azadlığına

Az qaldı...

 

Ali Khayyam

 

22 aprel 2017
GO BACK