Aysu üçün
Bizim balaca Aysu
Yaman maraqlı qızdı,
Eylədim onu arzu
İndi qışım da yazdı.
Aysu qızım neyləyir ?
Soruşmurlar bir məndən,
Mənə kömək eyləyir,
Axşamadək səhərdən.
Bir gün beləcə Aysu,
Oyanmışdı yuxudan,
Dedi: - Anacan, məgər,
Yaranmışam mən sudan ?
Aydan, sudan saf qızım,
Qucaqladım yavrumu,
Dedim: -Səndən, Aysunum
Bu dünyada ya varmı?
Sən yarandın nağıldan,
Həm aydan, həm də sudan.
Bu bir eşqin qayəsi,
Məhəbbət hekayəsi.
Ayın əksi sularda
Daha gözəl görünür,
Uşaqlar əfsanələr,
Nağıllarla böyüyür.
Ayla suyun eşqindən
Bir məhəbbət boylandı
Bax, elə həmin gündən,
Aysu qızım yarandı.
Əsgər balam
Gözlərəm telefon zəngini hər an,
Danışım səninlə, ay əsgər balam.
Sən bir igidsən ki, Vətənə gərək,
Səninlə öyünür, ucalır anan.
Məktəbli formanı sevirdim necə,
Məktəbi bitirdin, axı nə tezcə ?
Tələbə adını qazanan günü,
Sevincdən uçurdum, mən göylərdəcə.
Eyni məhəbbətlə sayıram, oğul
Sənin hər anını, hər dəqiqəni.
Hamıya fəxrlə söyləyirəm ki,
Oğlum da qoruyur, ana Vətəni.
Oğul, hər halını, hər əhvalını,
Yuxularımda bil, əyan görürəm.
İnan sənin keyfin olmayan günü,
Röyamda dünyamı talan görürəm.
Mənim əsgər balam, ürəyim balam,
Ana Vətəninə gərəyim, balam.
Nə vaxtdır istərəm Zəfər Marşını ,
Bir gün Qarabağda görəyin, balam.
İlləri ötürdüm quş sürətiylə,
Bəs niyə ötməyir , indi bu zaman ?
Sonsuz həsrət ilə, sonsuz sevgiylə,
Gözlərəm yolunu, gəl, əsgər balam.
(Pərvanə Alxaslı)