Qadin.NET / Əlimdə bir ovuc ümid

Əlimdə bir ovuc ümid

 

Əlimdə bir ovuc ümid

 

Sərçələr büzüşüb sırayla budaqda
hələ çox soyuq var, soyuq var qabaqda?...
Havalar buludlu, 
gün çıxmır haçandı
bir ay da ötüşsə
bahara nə qaldı?...

Əlimdə bir ovuc, bir ovuc ümid var
uçurur küləklər
isladır yağışlar...
nə qəşəng soyuqdu, 
yoxsa bu tanışdı?
ovcunu aç görüm kibritim alışdı?...

İlahi, bu nədir, 
bəyaz qar yağır ki,
Yerlə göy barışdı, barışdı axır ki?...
Əllərim üşüsə gələcəm həvəslə 
açarsan donunu 
bir çəkim nəfəslə...

Süzürsə göyərçin, durursa səmada
qəfil bir mayallaq vurursa səmada
onundur demək ki,
onundur azadlıq
bəlkə bir...
bəlkə bir oyundur azadlıq?!...

Bilirdin? 
Ay ancaq gecələr çıxırmış
çay adlı güzgüdə özünə baxırmış...
Bəs sənə... 
mən sənə özümçün baxarsam
gələrsən yanıma, 
gələrsən çağırsam?...

Gün çıxdı, 
dünyanın əhvalı dəyişdi
Bu günəş dünənki o batan günəşdi?...
Gəmilər qayıtdı,
gəl məni qarşıla
çox qala bilmədim mən sənsiz, 
bağışla!...

 

Əlimdə bir ovuc ümid

 

Xilas olmaq üçün 
özünü pəncərəyə çırpan sərçə kimi olarsan bəzən;
sınar qol-qanadın
yorulub əldən düşərsən
vücudunda zərrə qədər də tab olmaz;
səsini başına atıb
boğula-boğula qışqırarsan:
Məni sıxma belə, ey həyat
məndən sənə şərab olmaz!

Dönər başın - dönük çıxan dostların kimi,
qaralar gözlərin
Başını qaldırıb baxarsan ki, 
daha mavi deyil göy üzü;
dənizə yağan yağmur kimi olarsan bu zaman; 
nəyinə lazımsan ki dənizin...

Fələyin çərxi elə təsr dövran edər ki,
əlindən tikəsi alınan itlərsayaq
üstünə cumar dərdlər;
ard-arda
mırıldaya-mırıldaya...
Ürəyinin atəşini söndürmək yenə səmanın ümidinə qalar,
başını qaldırıb gözlərsən:
ya yağa, ya boş-boş guruldaya...

Bütün sözlərdən küsər,
susarsan birdəfəlik 
lap yenicə ölmüş adam kimi olarsan
lal-mat
bircə kəlməlik belə sözün olmaz
Ax, başıdaşlım, ax
Rəbbinlə də elə pozmusan ki, aranı
Ona da dönməyə üzün olmaz!

İlqar Kamil

22 dekabr 2014
GO BACK