Qadin.NET / Axşamçağının şeiri

Axşamçağının şeiri

Axşamçağının şeiri

Axşamçağının şeiri

Ümidlərin də böyüyü, kiçiyi,
Yenisi, əskisi olur, qızım;
Məsələn, "Yaxşı olacaq" adlı ümid var ha
Qoca ümiddi,
Ahıl ümiddi hətta
Nəsə yeni bir ümid tapmalı, düşünməli...

Sən ümidli danışanların səs rənginə fikir ver əsas,
Əgər bir adam tez-tez "Yaxşı olacaq" deyirsə,
Bir az da boğuqsa səsi...

Çox ağrılı mənzərədir,
Saçı ağarmış yekə bir kişinin əl açıb
diqqət dilənməsi...

Dərdlər həmişə ayıb olduğuyçün gizlədilmir, mələk qızım, 
Başqa səbəbi də var bu xəcalətin;
Məsələ xəstələnmək deyil bəzən
Məsələ "Ağrın mənə gəlsin" deyənin olmamasıdır!

Heç kimin sənə sadiq qalmaması,
Xəstəliyin şəbi-yəlda kimi uzandıqca hamının
Fərqli bəhanələrlə çıxıb getməsidir!

Həyat, xərçəng xəstəsinə deyilən
Quru "Allah şəfa versinlər" qədər saxta olsa da,
Şəkərparəm, çarə
Möcüzələrə inanmaqdır!

Axşamçağının şeiri

Sözə sığmaz bəzi həqiqətlər, əzizim
Məsələn,
"Vətən nədir?" deyə sordum anama bir gün
Udqunub
Evimizin köhnə divarında asılan 
Şəhid dayımın saralmış şəklini göstərdi gözləriylə
və yaş gilələndi yanaqları boyunca...

"Bəs azadlıq?"-dedim.
Göz yaşlarını sildi kəlağayısının ucuyla;

Sevgilim, mən azadlığın nə olduğunu 
Anamın əlləri əsə-əsə
Saçlarını qulaqlarının ardına bənd etməsindən öyrəndim;

Görünməz sancaq,
Qara, uzun hörüklərinin dən düşmüşünü gizlədən həna...

Bildim ki, bəzi şeylərin görünməsi ayıbdı
Bəyaz olsalar belə.

Bir gün sevinə-sevinə
Allı-güllü ətəyində bir xeyli yeni dərd gətirdi bizə anam
Dedi ki, qorxmayın, 
Dərdlər bizi Allaha çağıran azan səsidir!
Bizsə ahını, ağısını, giley-güzarını da sevdik anamızın
Düşündük ki,
Gileylər anaların təranəsidir!

Və gəl sənə iki sirr açım bu gecə:
Birincisi budur ki,
Tavanı hündür otaqlarda daha böyük olur sənsizlik.
İkincisi...

...Bir ümid də belə öldü, ey sevgili,
Ruhu şad olsun!

İlqar Kamil

10 dekabr 2014
GO BACK