Qadin.NET / Görünməz

Görünməz

 

Görünməz

Uşaqlar

 

Çayda çimişirlər, durub baxıram,
Ördək balasıtək üzür uşaqlar.
Xəyalım sel olur, üzüb axıram
Utanmır, çıl-çılpaq gəzir uşaqlar.


Palçığa bələyib kiçik bədəni,
Qorxuzmaq istəyir gəlib-gedəni.
Deyəndə oyuna qatsanız məni,
Ağzını, gözünü büzü uşaqlar.


Bir qismi oynayır "oğru, şah, vəzir",
"Tapan" boylanaraq oğrunu gəzir.
Tapmasa, nə əzab versələr dözür,
Əmr edir "şah" ilə "vəzir" uşaqlar.

 

Görünməz

Görünməz
Arxa qazan, arxasıza dayaq ol!
Ömrün, günün kəsirləri görünməz.
Dərin düşün, açıq danış, oyaq ol!
Qaranlığın qəsrləri görünməz.

 


Yalan üzə çıxıb, böhtan çürüsə,
Yer üzünü xeyir işlər bürüsə,
Yüz fikir bir borcu silsə, kürüsə,
Pis günlərin həsirləri görünməz.


Kimi gülər, kimi ağlar, hay salar,
Əkiz çıxar xeyri, şəri saysalar.
Bu dünyanı yoğursalar, yaysalar,
Üzə çıxmaz, çox sirləri görünməz.


Zülfüqar, bu dünya belə yaranıb,
Tülək tərlanları çoxu sar aşıb.
Nə yuyulub, nə didilib, daranıb,
Yetimləri, yesirləri görünməz.

 

Görünməz

Ağlaram
Ata, qırx yaşın var, mənimsə əlli,
Bizi ayrı saldı zaman, ağlaram.
Bu sınıq qəlbimə yoxdu təsəlli,
Dəyişib bu dövran yaman ağlaram.

 


Arxada kim qaldı, bilə bilmədin,
Yolların bağlandı, gələ bilmədin,
Elində, obanda ölə bilmədin
Eylədin qəlbimi kaman, ağlaram.


Köməyin dəymədi, öz zəhmətimlə
Oxudum, ucaldım dəyanətimlə.
Zülfüqar neyləsin, de, indən belə?
Qalmayıb heç şeyə güman, ağlaram.

15.09.1988

Müəllif: Zülfüqar Zülfüqarov

30 noyabr 2014
GO BACK