El dərdi
O şimal çaylarından
Zəhər axdı Xəzərə.
Bütün dünya dəyişdi
Nə isə birdən-birə.
Arazım qan ağladı,
Çünki onun üstündən
Körpü salan olmadı.
Qanlı Araz dedilər,
Tarixə də qan ilə
Yazıldı onun adı.
Daşdı, coşdu coşmağa
O taydan, həm bu taydan.
Harayladı xalqımı
Yenə qalxan olmadı
Öz yerindən ayağa.
Birlik ölüb dedilər.
Babəklərin nəvəsi
Qəm xörəyi yedilər.
Məhv oldu Xəzərimin
Bütün canlı aləmi.
"Baltik" bayram eylədi,
Xəzərim çəkdi qəmi.
Dənizə axan zəhər
Damcı olub havada
Yağdı Azərbaycana.
Zəhərləndi el, oba.
Eh! Nə deyim əziz dost,
Sinəmdə el dərdi var.
Səsim çatmır heç yana,
Sanki dünya olub kar.
Deyilmi
Bilməm ömrü niyə verirəm bada,
Mən onun, o da ki, mənim deyilmi?
Zaman keçir, nə iz qoyduq dünyada
Öz işim özümə qənim deyilmi?
Dövran cavanlaşır, mən qocalrıam,
Boğur qüssə, kədər, qəm qocalıram,
Taleyim köç satır, mən köç alıram
Bu mənim öz ahım, ünüm deyilmi?
Minib köhlənini, gözləmir zaman,
Ömür fəryad edir, darıxır yaman.
Zülfüqar, gözümə çökən bu duman
Qar yağmış başımda çənim deyilmi?
Mənimdir
Loğman, iki kasa göz yaşı vardır.
De, hansı sevincin, hansı qəmindir?
Ömrün bir üzü qış, biri bahardır,
Axtardım, tapmadım, hansı mənimdir?
Dərdimi yüksələn karvan götürməz,
Bəs niyə təbiblər dərman gətirməz?
Əcəl bir ovçudur, ovun ötürməz,
Xaraba bayquşun, gül çəmənindir.
Zülfüqar, qəm çəkən damaq çağ olmaz,
Yel əssə, küllüktən təpə, dağ olmaz,
Ölən öldü, bir də durub sağalmaz
Həyat qalanındır, gor ölənindir.
Müəllif: Zülfüqar Zülfüqarov