Bu gün sizlərə xaricdə oxuyan bir qrup yoldaşımın qürbət həsrətiylə yazdığı bir şeri təqdim edəcəm.Adı Samiq Muradovdu.Hal hazırda Hollandiyanın Maastrciht şəhərində oxuyur.Biz universitetdə oxuyanda da şerlər yazırdı,ilk mənə oxudurdu ki,rəy bildirim.Mən də bəyənəndə bəyəndim,bəyənməyəndə bəyənmədim deyirdim.Deməsəm belə,o üz cizgilərimdən anlayırdı İndi də ordan yazıb maillə göndərir ki,oxuyum fikir bildirim.Bu şeri oxuyanda çox bəyəndim və icazən olarsa bu şeri xanımlarımızla bölüşüm dedim.O da çox şad olaram dedi. Buyurun oxuyun və fikirlərinizi bildirin.Müəllifə sayta gəlib fikirlərinizlə tanış olmasını deyəcəm.İnanıram ki,yaxşı ya da pis fikirləriniz onunçun çox vacib olacaq.Tənqidləriniz olarsa bildirməyi unutmayın.
Qürbət
Könlüm yaman küsüb,danışmır mənlə,
Sən demə öz yurdun necə sevirmiş.
Ayırır uzaqda dostu düşmənlə,
Sən demə məsafə bir ölçü imiş.
Yazıq nə etsin ki,gileydən başqa,
Səhərdən döyünür axşama qədər.
Mənsə unuduram onu təlaşda,
Deyirəm yatsaydım bu gün birtəhər.
Ümidsiz kükrəyib coşdu yenə də,
Nə oldu,nə əcəb dayandın deyir.
Niyə düşünmürsən gözüm qələmdə,
Onunçun yazılmış dastan istəyir.
Mənsə hirslənirəm bu dəm özümə,
Niyə yaza bilmirəm yeni bir dastan.
Qədiri-qiyməti gəlmir gözümə,
Axı təmiz ürəksiz nədir bu insan?
Zülmət gecələrdə səssiz-səmirsiz,
Uzanıb xəyala dalıram hərdən.
Gecəm sona çatır sözsüz kəlməsiz,
Ümid eyləyirəm yeni səhərdən.
Yazıram pozuram tənha otaqda,
Kağızlar uçuşur fikirlər kimi.
Məni anlamır hec doğma otaq da,
Kağıza yazdığım şerlər kimi.
Gündüz gördüklərim salır heyrətə,
Burda nə örtü var nə örtünən var.
Təəccüb edirəm namus qeyrətə,
Ona da mənasız,əbəs deyən var.
İnsan itirdiyin yaman axtarır,
Qiymətin sonradan bildiyi üçün.
Sevgidən, qayğıdan kənarda qalır,
Yaxşını yamana verdiyi üçün.
Anam düşür yadıma dolur gözlərim,
Səsinin incə bir telinə qurban.
Açıq qalıb ana, sinə dəftərim,
Vətəninə qurban, elinə qurban.
Dua eyləyirəm hər səhər axşam,
Ürəyim həmdəmin tapır o anda.
Göyə yaxınlaşır bu könül dünyam,
Gündüz dövr eyləyib gecə olanda.
Tənhalığım çatdı yenə dadıma,
Dərdləşdi mənimlə dedi doyunca.
Qalxıb öz yerindən girdi qoluma,
Yeridik onunla sahil boyunca.
Yalnız olduğumu unutdum o gün,
Insan dərdləşməyi necə sevirmiş.
Oyanıb hiss etdim onun yoxluğun,
Gördüyüm sadəcə bir yuxu imiş.
Müəllif:S.M