Get
Hər addımda düşün əsli-zatını,
Atalar göstərən doğru yolla get.
Yaxşı övlad ucaldacaq adını,
Nə dar gündə saxla, nə də tulla get.
Ayıq ol, ömrünü vermə güdaza,
Uyma var-dövlətə, qane ol aza.
Bir kəs ki, mənliyi satdın boğaza,
Palanlayıb, noxdayıb çulla get.
Zülfüqar, nə çoxdu oyun dünyada,
Demə, getsən, qalmaz tayın dünyada.
Beş arşın kəfəndi payın dünyada,
Bacarırsan, var-dövlətlə, pulla get.
Olsun
Gül ləçəkdə burulub ki,
Gözəllərdən gözəl olsun.
Su çeşmədə durulub ki,
Onlardan da əzəl olsun.
Hər çiçəyin öz ətri var,
Müdrük sözün, söz ətri var.
Gözəl ömrün yüz ətri var,
Kaş hər ömür gözəl olsun.
Hamıya əzizsə canı,
De, qədrini bilən hanı?
Sevəndə sev o cananı,
Özəlləşib özəl olsun.
Ay Zülfüqar, dinlə məni,
Dağıt, getsin duman, çəni.
Düşünmə olub keçəni,
Qoyma ömrün xəzəl osun.
Yaylaq
Güllüdərə yaylağı
Yoxsa küsüb qonaqların,
Tək qalıbsan nədən, yaylaq?
Xoş günləri yada salıb,
Bağrım başın didən yaylaq.
Bəlkə sən də mənim kimi,
İtirdin öz sevgilini.
Sinən üstə qız, gəlini,
Oğrun-oğrun güdən yaylaq.
Damcı düşdükcə ləçəkdən,
Ətir yayılır çiçəkdən.
Yanıqlı səsi tütəkdən,
Dağlara car edən yaylaq.
Mümkündürmü əhdi danaq,
Köhnə dostam, gəldim qonaq.
Şeh vursun, qızarsın yanaq,
Xəyal olub gedən yaylaq.
Zülfüqar, məhv oldu gülüm,
Oxumur şeyda bülbülüm,
Sənsən, doğma obam, elim,
Qoy, mən alım qadan, yaylaq.
1959
Müəllif: Zülfüqar Zülfüqarov