Qadin.NET / Tuş gələcəkdi

Tuş gələcəkdi

Tuş gələcəkdi

Müdrüklük

Zirvədə dayanıb müdrük adamlar,

Hər kəs o zirvəyə çıxa bilməyir.

Ayaq üstə ölür köklü ağaclar,

Əcəl öldürsə də, yıxa bilməyir.

 

Kimi südə çəkir, kimisi qana,

El verir qiyməti yaxşı, yamana.

Göz çəpsə, neyləsin ona zamana?

Düz yola düzünə baxa bilməyir.

 

Gücü eldə axtar, hikməti sözdə,

Dönüklük eyləmə saldığın izdə.

Qayalar uçuran sel də, dəniz də

Yerindən çalxanır, axa bilməyir.

 

Zülfüqar, hey gedir ömür karvanı,

Qayıdan vardırsa, göstər, o hanı?

Tutmaq istəyənlər bütün cahanı,

İldırım olsa da, çaxa bilməyir.

Tuş gələcəkdi

Tuş gələcəkdi

Külçə qızıl ilə bazara gedən,

Xırda pul olmasa, boş gələcəkdi.

Yalana aldanıb, xeyrini güdən,

İstər arabaya qoş, gələcəkdi.

 

Əgər mərdin işi düşsə xəsisə,

Dövlət əldən gedər, boş qalar kisə.

Sığınsan namərdə, uysan nakəsə,

Hər addım başına iş gələcəkdi.

 

Var-dövlət bölünər, ağıl bölünməz,

Alın yazısını silsən, silinməz.

Zülfüqar, dünyanın işi bilinməz.

Kim kimin oxuna tuş gələcəkdi.

Tuş gələcəkdi

Mənəm

Özüm də özümə qənim olmuşam,

Döyülən də mənəm, döyən də mənəm.

Yaxşı ki, mən özüm mənim olmuşam,

Söyülən də mənəm, söyən də mənəm.

 

De, niyə borcludu aqil nadana?

Bu hikməti kim anlaya, kim qana.

Hamının oduna hey yana-yana,

Yanmaqla özünü öyən də mənəm.

 

Dost istəsə, min şölə var çıramda,

Haqq buyurub, əlim yoxdur haramda.

Zülfüqaram, qurd olmuşam yaramda,

İçimdə özümü yeyən də mənəm.

Tuş gələcəkdi

Məni

Ölüm, qalım dünyasıdı,

Nə gözləyir görən məni?

Daşa dönsəm, divarlara,

Tapılarmı hörən məni?

 

Bu dövrandan gəldim zara,

Beş gün gördüm, üçü qara.

Xaraba qalmış damlara

Eylədilər kərən məni.

 

Kimlər üçün doğulmuşam?

Qəm gölündə boğulmuşam.

Dövran sıxıb, yığılmışam.

Niyə yoxdu görən məni?

 

Zülfüqaram, üzüm gülməz,

Gedən günlər geri gəlməz.

Palaz olum, üstümdə gəz,

Etmə pərən-pərən məni.

25. 10.1996

 Müəllif: Zülfüqar Zülfüqarov 

18 iyun 2014
GO BACK