Oxudum, xəbərdar oldum da, vardım,
Varlıqlar sirrini yer-yer axtardım.
Səni tapan kimi yumdum kitabı1,
Hamının sənədir gördüm xitabı.
Sənsən, hər varlığın içində sənsən,
Bütün canlılara həyat verənsən.
Yetişir sayəndə çörəyə insan,
Sən ucalt başımı, böyük Yaradan!
Məni bir gün belə sən ac eyləmə,
Özgə qapısına möhta...c eyləmə.
Ruzidən ödəyən sənsən xilqəti,
Ancaq özün yetir mənə neməti.
Ağlım şey kəsəli mən səhv etmədim,
Sənin dərgahından kənar getmədim,
Qapıma yolladın nemətimi sən,
İstəməmiş verdin qismətimi sən.
Qocalmışam sənin öz astananda,
Yetiş imdadıma qorxunc zamanda.
Bu sözlər xətadır, bu nədir, aman,
Sən mənimsən, demək, mənimdir cahan,
Sərgərdar qoymuşdur bu dünya məni,
Sən xilas edənsən, qurtar bəndəni.
Kimin qapısında töküm göz yaşı,
Hamının sayəndə ucalır başı.
Nə qədər örtülü sirlər vardır,
Səndən gizli deyil, bu, aşikardır.
İnsanın məqsədi məlumdur sənə,
Yetir arzusunu sən də yerinə.
Çatdırmasan məni bu arzuma sən,
Səndən də qərəzsiz yaşayaram mən.
Səndən axtardığım istək yaxşıdır,
Sənə könül açıb demək yaxşıdır.
Sirri desəm yada, eylər xar məni,
Səninlə danışmaq ucaldar məni.
Sən, ey Nizamini bəsləyən Allah,
Qovma ki, qapına gətirmiş pənah.
Ucaltsın başını ilahi qüdrət,
Şadlıq tacı geysin ondakı himmət.
İşləri nizama düşsün, var olsun,
O, dərvişdirsə də, tacidar olsun2.
1. Yəni sirrini dərk etdiyim bütün ulduzlardan və elmlərdən əl çəkdim.
2. Onun yüksək niyyət və ülvi mənəviyyatının başına azacıq ruzi ilə kifayətlənmək tacını qoy ki, qiyamət günü insan bu dünyada gördüyü əməllərə hesabat verərkən o, öz yoxsul, dərvişanə, təvazökar keçirdiyi ömrünün hesabına padşahlıq rütbəsinə layiq görülsün.